• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tanınmış müğənninin yeznəsindən ittiham: ”Cinayəti arvadım tək törədib”

Tanınmış müğənninin yeznəsindən ittiham: ”Cinayəti arvadım tək törədib”

Təqsirləndirilən şəxs: “Quldurluq cinayətini arvadım tək törədib”

Tanınmış müğənni Mətanət Əsədovanın bacısı Nurlana Əsədovanın həyat yoldaşı Məhəmmədəli Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Məhəmmədəli Muradov qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Nurlana Əsədova ilə birlikdə aptekə basqın edib.

Onlar 2013-cü il sentyabrın 29-da, saat 11.00-da Abşeron rayonu Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən Arzu Öztürkə məxsus aptekə müştəri qismində gəliblər.

Həmin vaxt aptekin işçiləri onları müdiriyyətin otağına buraxmayıblar. İşçilər müdiriyyətə telefon vasitəsi ilə məlumat verilməsinin lazım olduğunu və kənar şəxslərin içəriyə daxil olmasının qadağan olunduğunu bildiriblər. Nurlana Əsədova bıçaqdan silah qismində istifadə edərək aptekə basqın edib.

Ər-arvadın basqın planı

O və Məhəmmədəli Muradov satıcılar Aynur Abdullayevanı və Sevinc Zeynalovanı hədələyərək Arzu Öztürkə məxsus 950 manatı ələ keçiriblər.

Məhəmmədəli Muradov və Nurlana Əsədova Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, zor tətbiq etməklə, silah qismində istifadə etməklə quldurluq etmək) maddələri ilə ittiham ediliblər.

Müğənninin bacısı niyə intihar edib?

İstintaq dövründə Nurlana Əsədova Bakı istintaq Təcridxanasında intihar edib.

Müğənninin bacısı həbsxanada ötən ilin oktyabrın 9-da özünü mələfə ilə boğub. Həmin gün təcridxananın əməkdaşları Nurlananın boğulmuş meyitini kamerada aşkarlayıblar.

Təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyindən məlum olur ki, Nurlana Əsədova intihar etmək məqsədilə özünü boğub. Nurlana Əsədovanın 11 yaşlı uşağı anasız qalıb. İstintaq orqanı Nurlana Əsədovanın barəsində olan cinayət işinə xitam verib.

“Cinayəti keçmiş arvadım tək törədib”

Məhəmmədəli Muradovun barəsində başlanmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Təqsirləndirilən şəxs bildirib ki, quldurluq cinayəti onun keçmiş arvadı Nurlana Əsədova tərəfindən tək törədilib: “Mən cinayətin törədilməsində iştirakçı olmamışam. Yalnız Nurlana Əsədovanın cinayət əməlini müşahidə etmişəm”.

“Səsinizi kəsin, nə deyir, onu da edin”

Zərərçəkmiş Aynur Abdullayeva deyib ki, Nurlana Əsədovan əlində bıçaq onun və digər zərərçəkən Sevinc Zeynalovanın üzərinə hücum edib: “Məhəmmədəli Muradov aptekin çöl qapısına yaxınlaşmaqla ətrafı müşahidə edib. Məhəmmədəli Muradovdan Nurlananı aptekdən çıxarmasını xahiş etdik. Məhəmmədəli isə “səsinizi kəsin, nə deyir, onu da edin” dedi”.

Digər zərərçəkmiş Sevinc Zeynalova da oxşar ifadə verib. Şahid ifadələrini dinləyən hakim heyəti sonda hökm elan edib. Məhkəmənin hökmü ilə Məhəmmədəli Muradov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məhəmmədəli Muradov apellyasiya şikayəti verib. O, quldurluq cinayətini törətmədiyini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhəmmədəli Muradovun şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Məhəmmədəli Muradovun apellyasiya şikayəti təmin edilməyib və birinci məhkəmə instansiyasının hökmü qüvvədə saxlanılıb.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR