“Atan səni qumara qoyub, mən də udmuşam” - Dəhşətli həyat hekayəsi
Bizi izləyin

Qırmızı.az

“Atan səni qumara qoyub, mən də udmuşam” - Dəhşətli həyat hekayəsi

"Məhkəmə yolu ilə hüququmu bərpa etmək niyyətindəyəm"

Ölkədə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edilsə də, xüsusi amansızlığı ilə yadda qalan məişət zorakılıqları nəticəsində baş verən ağır cinayətlərin sayının çoxalması qanunun hələ də tam gücü ilə işləmədiyini bir daha təsdiqləyir.

Əslində qanunun qəbul edilməsində məqsəd - insan və vətəndaş hüquqlarının, habelə azadlıqlarının təminindən ibarətdir. Nə yazıq ki, heç bir qayda-qanun xüsusi amansızlığı ilə yadda qalan məişət zorakılıqları nəticəsində baş verən ağır cinayətlərin sayını azaltmayıb. "Təmiz Dünya" İctimai Birliyinin (İB) apardığı araşdırmalardan əldə olunan son illərin statistikasına nəzər salmaqla da bunu aydın görmək olar.

2013-cü il ərzində məişət zorakılığı zəminində 249 hadisə qeydə alınıb ki, nəticədə 93 qadın, 51 kişi, 10 uşaq olmaqla 154 ölüm faktı baş verib.

"Təmiz Dünya" İB-nin sədri Mehriban Zeynalova deyir ki, hər il ölkəmizdə ən azı 100 qadın öldürülür. O, qadınların əsasən namus üstündə qətlə yetirildiyini bildirib.

Sığınacağın sakinləri kimlərdir?

Ekspertlər bildirir ki, adətən, məişət zorakılığı ilə bağlı cinayətlərin baş verməsi üçün onun gizli-inkubasiya dövrü olur. Odur ki, şəraitin öyrənilməsi ətrafında daha çox düşünmək lazım gəlir. Cinayətin ailənin özünə xas olan immanent səbəbləri də var. Belə səbəblər zahirən görünmür və tədricən adi yanaşmadan doğan xırda səbəblər sonradan böyüyür və ağır nəticə ilə rezonans doğurur.

"Təmiz Dünya" İB-nin sığınacağına pənah gətirənlərin əksəriyyətinin həyat hekayələri də rezonans doğurub.

Xatırladaq ki, bu, 2002-ci ildə Azərbaycanda yaradılan ilk sığınacaqdır. İlk sığınacağın ünvanı Mehriban Zeynalovanın öz evi olub, sonra isə hazırkı ünvana köçürülüb.

Sığınacaqda 7 nəfər qalır. İctimai Birlik buradakı insan alveri qurbanlarına psixoloji, tibbi, hüquqi yardımların göstərilməsi ilə yanaşı, həm də onların sığınacaqla təmin edilməsinə yardım göstərir.

Sığınacağın əri imkanlı sakini

Sığınacaqda hamının Yaqut xala dediyi Yaqut Məmmədyarova təşkilata pənah gətirən qadınlara nəzarət edir, onların problemlərini sənədləşdirir. Yaqut xanım deyir ki, təşkilata üz tutan insanların problemlərini həll etmək ona sevinc hissləri yaşadır.

Sığınacağın uzunmüddətli sakininə çevrilən bir ailə var ki, hazırda birlik əməkdaşları həmin ailənin problemini həll etməyə çalışır.

Nuranə Əliyeva (ad şərtidir - N.Q.) adlı xanımı əri döyərək iki uşaqla birgə evdən qovub. Halbuki qovulduğu ev elə bu qadına məxsusdur. Nuranə Əliyevanın əri nüfuzlu bir qurumda məsul işdə çalışdığı üçün adının hallanmasını istəmir. Başına gətirilənlərlə bağlı bunları deyir: "On dörd il ailəli olduq. Ərim məni hər gün döyürdü, çünki ailəli xalası qızı ilə qeyri-rəsmi əlaqələri vardı. Məndən öncə də arvadı olub, məni 19 yaşımda qaçırıb. Bu illər ərzində vermədiyi işgəncə qalmadı, olmazın təhqirləri gördüm. O isə etdiyi bütün əməllərinə haqq qazandırırdı. Deyirdi kişi gəzər, başqa qadını da olar. Hətta evi belə müxtəlif qadınlarla görüş yerinə çevirmişdi. Qızım artıq yeniyetmədir, hər şeyi dərk edir. Etdiklərinə dözə bilmədim, övladlarımı da götürüb qaçdım. İndi işləyib uşaqlarımı saxlayıram. Mehriban xanım sağ olsun ki, bütün hüquqi məsələləri öyrədir. Bir ilə yaxındır burdayıq. Məhkəmə yolu ilə hüququmu bərpa etmək niyyətindəyəm".

Qeyd edək "Təmiz Dünya" İB-nin sığınacağına bir çox qurumlardan qurbanlar yönləndirlir. Belə ki, daha çox televiziyalara üz tutan qurbanlar sığınacağa pənah gətirir. Bundan əlavə, Ombudsman Aparatından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, polis şöbələrindən də sığınacaq üçün bura göndərilənlər var.

"Atan səni qumara qoyub, mən də udmuşam"

Ağdaşda atası tərəfindən küçəyə atılaraq, işgəncələrə məruz qalan 3 bacının da sığındığı yer bura olub. Qeyd edək ki, sentyabr ayında bu qızların taleyi ilə bağlı verilən məlumatlar rezonansa səbəb olmuşdu. Hazırda bacılardan ikisi - 19 və 17 yaşlılar "Təmiz Dünya" İB-nin, digər 16 yaşlı bacı isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

"...Gecə atam bir kişi ilə evə gəldi. Atamdan qonağın kim olduğunu soruşdum. Əvəzində kişi cavab verdi ki, atan səni qumara qoyub, mən də udmuşam. Həmin kişi ilə dalaşdım, buna görə də atam məni möhkəm döydü. Evdən qaçdım, həmin gün qorxumdan yaxınlıqdakı binanın damında gecələdim..."

Çoxlarının eşidib inanmayacağı bu əhvalatı 19 yaşlı Leyla Nağıyeva (ad şərtidir - N.Q.) danışır. O, bacılarının bütün problemlərinin ağırlığını üzərinə götürdüyünü və elə Bakıya da onların təhsil almaları üçün üz tutduğunu deyir.

Qeyd edək ki, 4 qızın küçələrdə gecələməsinə səbəb olan atası müəllim işləyir, anası isə xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızların taleyi analarının ölümündən sonra daha pis olub.

"Anam xərçəng xəstəsi idi. Onun-bunun həyətində işləyib əməliyyat üçün pul toplamışdı. Amma atam həmin pulu oğurlayıb qumarda uduzdu. Anam müalicə olunmadı deyə 2008-ci ildə dünyasını dəyişdi. Onda mənim 13, balaca bacımın isə 10 yaşı vardı. Əmim, xalam, dayım var. Doğrudur, əmimin üzünü görməmişəm, amma deyirlər ki, polisdə işləyir, yaxşı ailəsi var. Xalam da, dayım da atama görə bizə baxmadı. Dörd bacı atamın yanında qaldıq. Atam bizi hər gün söyürdü, döyürdü. Anam atamın ikinci arvadı olub, birinci ailəsi dağılıbmış. Anam məshəti türküdür".

"Sən qeyrətsiz kişisən" dedim"

Leyla deyir ki, atası əvvəllər Rusiyada işləyirmiş və o zamanlar vəziyyətləri yaxşı olub: "Rusiyadan gələndən sonra içki içməyə, qumar oynamağa başlayıb. Mən məktəbə getməmişəm, anama baxmışam. Amma bacılarım məktəbə gedirdi. Bir gün evdə yox idim. Qayıdanda gördüm atam anamı o qədər döyüb ki, ağzından qan axır. Atama "sən qeyrətsiz kişisən" dedim və o gündən bacılarımı oxudacağıma, anama baxacağıma söz verdim. Sonuncu dəfə atam bizi evdən qovanda da qohumların heç biri bizə kömək etmədi".

Səhərə kimi küçədə qaldıqlarını deyən Leyla bacılarını da götürüb Ağdaş Rayon İcra Hakimiyyətinə gedir: "Orada uşaq evində qalmaq istədiyimizi dedik. Bizi Gəncədəki uşaq evinə yerləşdirdilər. Dörd qız uşağının rayonda küçələrdə qalması bilirsiniz nə deməkdir? Atam həmişə içkili olurdu deyə bir çoxları da bizi pozğun, yiyəsiz sayırdı. Cavan oğlanlar gecələr qapını qırıb bizə görə evimizə girmək istəyirdilər. Axı gecə küçədə qalan qızlara kim yaxşı baxar? Amma mən və bacılarım hamıya sübut edəcəyik ki, o cür kişinin də qeyrətli qızları ola bilər. Elə uşaq evində qərar verdik ki, xalama da, dayıma da, bizi tanıyan rayon camaatına da sübut edəcəyik ki, biz pozulmadıq".

"Uşaqlıqdan özümlə bıçaq gəzdirirəm"

Leyla böyük bacısının 20, özünün 19, özündən sonrakı bacısının 17, kiçiyinin isə 16 yaşı olduğunu deyir: "Biz Gəncə uşaq evində olanda tələbələr internata gəlirdi, yardım gətirirdilər. Böyük bacım isə universitetə hazırlaşırdı. Uşaq evinə yardım gətirən tələbələrdən biri bacıma elçi düşdü. Onlar bacımı uşaq evinin müdirəsi Nazilə İsmayılovadan istədilər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Yelmar Vəliyev bacıma toy etdi, cehiz verdi. İndi Mingəçevirdə yaşayır, iki oğlu var. İnternatdan çıxandan sonra bacım bizi yanına aparmaq istədi. Amma onlara yük olmaq istəmədik. Atam bacımın ailəsini dağıtmaq istəyirdi. Gəncə uşaq evinə gəlib dava salırdı ki, ünvanı verin, gedib qızımı öldürəcəm. Mən uşaqlıqdan özümlə bıçaq gəzdirirdim ki, bacılarımı qoruyum. Hələ yaxşı ki, 4 il Gəncə uşaq evində yaşamışıq. Atam bizi qumara qoymuşdu deyə oğlanlar da fikirləşirdi ki, atam qızlarını satıb. İndi biz o şəhərə necə qayıdaq?

Gəncə qeydiyyatında olmadığımızdan uşaq evindən çıxandan sonra bizə kömək edə bilmədilər. Ancaq sağ olsunlar, Bakıya gəlmək üçün yolpulu verdilər. Bakıya gəlib balaca bacımı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yanında qoydum. Kəmalə xanım Gəncəyə uşaq evinə gəlmişdi, onu oradan tanıyırdım. Özüm isə burada Mehriban xanımın yanında qalıram. Amma bu sığınacaqlar müvəqqətidir, bir gün gec, bir gün tez çıxmalıyam. Hamı elə fikirləşir ki, uşaq evlərindən çıxan qızlar əxlaqsız olurlar. İndi özünüz deyin - ev yox, iş yox, yemək, geyim tapa bilmirsən. Hara gedirsənsə, qapılar üzünə bağlanır, amma sən də yaşamaq istəyirsən. Axı kənardan baxan üçün danışmaq asandır. Mən və bacılarım oxumaq istəyirik. Mən orta məktəbi oxumamışam, anama, bacılarıma baxmışam. Ancaq bir arzum var, mənə kömək eləsinlər, hərbçi olmaq istəyirəm, lap elə əsgər aparsınlar. Bacılarım da universitetdə oxumaq istəyir".

Mehriban Zeynalova bacıların arzusunun reallaşmasına çalışdıqlarını dedi.

72 yaşında boşanan qadının istəyi

Sığınacağın ən yaşlı sakini Samux şəhərindən gəlib. Rəhilə Nəzərovanın 72 yaşı var. Qəribəsi odur ki, qadın yaşının bu çağında boşanıb. Sığınacağa üz tutmasının səbəbi ona verilən yaşayış hüququnu bərpa etməkdir: "Ərimlə 47 il bir yerdə yaşamışıq, amma övladımız olmayıb. Lakin məndən əvvəl ailəli olub, birinci avadından 6 övladı var. Hamısını bir yerdə böyütmüşük, evləndirib, köçürmüşük, ev-eşik sahibi etmişik. Mən uşaqlardan narazı olmamışam. İndi kişi məni evə qoymur. Pensiyamı aldım, gəldim ATV telekanalına Zaurun verilişinə ki, mənə kömək etsin. Onlar da göndərdilər bura. İndi görək vəziyyətim necə olacaq".

Rəhilə Nəzərova deyir ki, verilişdə onu təhqir edib, haqqında böhtan danışıblar: "Dedilər ki, keçmiş həyat yoldaşımın ailəsini mən dağıtmışam. Qismət belə idi, ailə qurdum və xoşbəxt də yaşamışıq. Necə oldu ki, bu qırx ildə onlarla yola getdim, indi araya girən oldum? Məhkəmə mənə o evdə yaşamaq hüququ versə də, kişi məni incidir, tez-tez deyir ki, çıx get bu evdən. Yaşımın bu çağında hara gedim, necə edim, bilmirəm".

Sığınacaqlarda kimlər çalışmalı?

Faktiki olaraq 7 çarpayılıq yerin olmasına baxmayaraq, sığınacaqda 20-25 nəfərin yerləşdiyi günlər də olub. Baş verən müxtəlif cinayətlər, zorakılıq hallarının çoxalması bu cür sığınacaqların yaranması məsələsini qabardır. Bəzilərinin "Sığınacaqlar yaranandan sonra boşanmaların sayı artacaq", bəzilərinin isə "qadınları zorakılıqdan qorumaq üçün bu cür sığınacaqlara ehtiyac var" deyə fikirləri haçalansa da, artıq 2002-ci ildən bəri belə bir sığınacaq mövcuddur. "Təmiz dünya" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa isə ölkənin hər yerindən müraciət edirlər. İB-nin sədri Mehriban Zeynalovanın dediyinə görə, o vaxtdan bəri yüzlərlə insana sığınacaqlar verilib, onlara yardım göstərilib, reabilitasiya edilib. Mehriban Zeynalova burada sosial işçi qismində çalışacaq insanların hazırlıqlı olmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, psixoloji travmalı insanlarla işləməyin çətinliyi bu sahədə çalışanların hazırlıqlı olması zərurətini meydana çıxarır.

Hazırda sosial sığınacaqların hazırlanması ilə bağlı müzakirələr aparılır və bu, 2015-ci ildən reallaşdırıla bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslimov sosial sığınacaqların tikilməsi prosesinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı qeyri-hökumət təşkilatlarının da cəlb olunacağını deyib. Onun fikrincə, bu işdə nazirlik sifarişçi, QHT-lər isə prosesi həyata keçirən qismində çıxış edəcək. Sığınacaqların sosial təminata ehtiyacı olan insanlar, çətin həyat şəraitində olan evsizlər, uşaqlar, əlillər üçün tikilməsi nəzərdə tutulub.

Naibə Qurbanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm