Əfqanıstan döyüşlərinin iştirakçılarının ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Bizi izləyin

Qırmızı.az

Əfqanıstan döyüşlərinin iştirakçılarının ailə üzvlərinə Prezident təqaüdü veriləcək

Gələn ilin yanvarın 1-dən Əfqanıstan döyüşlərində həlak olmuş, itkin düşmüş hərbi qulluqçuların ailələri Prezident təqaüdü alacaqlar.

Publika.az-a Nazirlər Kabinetindən verilmiş məlumata görə, hökumət "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Prezidentin 2014-cü il 11 avqust tarixli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərar qəbul edib.

Qərarla "Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi Qaydası" təsdiq olunub.

Təqaüd Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların valideynlərinə və dul arvadına təyin edilir.

Qaydaya görə, təqaüd almaq üçün şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinə və ya həminnazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə ərizə ilə müraciət edir.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

- müraciət edən şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçu ilə qohumluğunu təsdiq edən sənəd (valideynlərinə münasibətdə - hərbi qulluqçunun doğum haqqında şəhadətnaməsi, dul arvadına münasibətdə - nikah haqqında şəhadətnamə);

- şəxsin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olması barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin arayışı;

- ölüm haqqında şəhadətnamə;

- şəxsin itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi;

- təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat.

Müraciətə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır və təyinat aparılır. Təqaüd ailə üzvlərinin sayına bərabər bölünməklə ödənilir.

Təqaüd Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Dövlət Sosial Təminat Xidməti, Azərbaycan Respublikasında yaşayan ailə üzvlərinə isə yaşayış yeri üzrə Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin edilir və ödənilir.

Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə təqaüd onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.

Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2015-ci il yanvarın 1-dən etibarən təyin edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm