• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gözdən əlillər narahatdır, problemləri həll olunmur

Gözdən əlillər narahatdır, problemləri həll olunmur

Bu gün Beynəlxalq Gözdən Əlillər günüdür. Azərbaycanda 40 minə yaxın gözdən əlil var və onların 30-35%-i 18 yaşa qədər olanlardır.

8500 üzvü olan Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova son illər gözdən əlillərin həyat şəraitinin, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində müəyyən işlərin görüldüyünü qeyd etsə də, onların həllini gözləyən bir çox problemlərinin olduğunu bildirib.

Onun sözlərinə görə, əsas problem tədrislə bağlıdır ki, bu da əsasən bölgələrdə daha çox müşahidə edilir:

“Bölgələrdə yaşayanlar üçün təhsil ciddi problemdir. Valideynlər 5-6 yaşlı uşaqlarını internat məktəbinə qoymaq istəmirlər. Yaxşı olardı ki, orta məktəblərdə müəyyən qruplar yaradılsın. Qüsurlu uşaqlar bəzi dərsləri xüsusi, bəzilərini isə digər şagirdlərlə birlikdə keçsinlər. Bütün dünyada bu üsul tətbiq edilir. Ali və orta ixtisas təhsil müəssisələrinə qəbulda problem yoxdur. Lakin həmin mərhələyə çatana qədər regionlardakı uşaqlar bağça, orta məktəb təhsilindən yayınmış olurlar. Indiki halda gözdən əlil uşağın adi uşaqların təhsil aldığı məktəbdə oxuması mümkün deyil. Regionlarda inteqrasiyalı təhsilin olmaması, həmin uşaqların paytaxta gəlməsinə valideynlərinin razılıq verməməsi səbəbindən yüzlərlə uşaq təhsildən yayınır”.

Küçədə, yollarda, nəqliyyatda əlillərin sərbəst hərəkətinin mümkün olmaması gözdən əlillərin problemlərindən biridir. R.Cəfərovanın sözlərinə görə, metro və digər yerlərdə birinci və sonuncu pilləkənlər seçici rənglərlə rənglənməli, qabarıq xətlər olmalıdır.

“Qabarıq xətlər olmadığına görə, gözdən əlillərin dəfələrlə qatar yoluna yıxılmasını müşahidə etmişik. Bununla bağlı, Metropoliten rəhbərliyinə müraciət etsək də, bu istəyimiz həllini tapmayıb. Işıqforlarla bağlı da müraciətimizdən sonra, paytaxtda bir neçə küçədə səsli işıqforlar quraşdırılsa da, onlar da beynəlxalq standartlara uyğun deyil. Maşınların harada gəldi saxlanması da hərəkətə mane olur”.

Gözdən əlillərin ən böyük problemi işlə təminatla bağlıdır. Müxtəlif çətinliklərə baxmayaraq, təhsil alan insanlar iş tapa bilmir. Müsahibimiz deyir ki, gözdən əlillər arasında sağlam insanlardan daha yaxşı işləyə bilərlər. Sadəcə onlara inanmaq və işə qəbul etmək lazımdır.

“İlk dəfə təşkil edilmiş masaj kurslarını bitirən 55 nəfərin 35-i müəyyən çətinliklə də olsa, işlə təmin edildi. Bundan başqa, pedaqoji sahədə məzun olan əlillər yalnız bir musiqi və bir internat məktəbində işlə təmin edilə bilirlər, onlarda da vakant yerlər yoxdur”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR