Hər il bir milyon insanın ölümünə səbəb olan xəstəlik
Bizi izləyin

Qırmızı.az

Hər il bir milyon insanın ölümünə səbəb olan xəstəlik

Bu gün Ümumdünya Diabet günüdür. Hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir.

Publika.az-ın məlumatına görə, Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi qeyd olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”

Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.

Nazirlər Kabinetinin qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

Beynəlxalq Diabet Federasiyası dünyanın bütün ölkələrinin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. 1998-ci ildən Azərbaycan Diabet Liqasının dəstəyi ilə Respublika Endokrinoloji Mərkəzində “Diabet Məktəbi” təşkil edilmişdir. 2011-ci ildə İSİM tərəfindən geniş miqyasda “Diabet Məktəblərinin təşkili” layihəsi həyata keçirilib.

İSİM tərəfindən fəaliyyət çərçivəsində həkimlərin stolüstü kitabı olan Şəkərli diabet (TİP 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol, əhalinin məlumatlandırılması məqsədilə maarifləndirici bukletlər, kitabçalar hazırlanıb və çap edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm