• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İşçilərin qeyri-leqal əməyə cəlb olunması faktları aşkarlanıb - FOTO

İşçilərin qeyri-leqal əməyə cəlb olunması faktları aşkarlanıb - FOTO

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində (EİS) mövcud məlumatların aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarından inteqrasiya olunmuş məlumatlarla üzləşdirilməsi zamanı “Qrafik-Ko” MMC (Bakının Nizami rayonu), “İnşaat konstruksiyaları” MMC (Nəsimi rayonu) və “Abşeron A-1” MTK-da (Abşeron rayonu) işçilərlə əmək münasibətlərinin EİS-də qeydiyyatdan keçirilməklə rəsmiləşdirilmədiyi müəyyən edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar, noyabrın 14-də ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) əməkdaşları həmin müəssisələrdə olaraq, yerindəcə müvafiq araşdırma aparıblar.

Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, ƏƏSMN-nin cari ilin 1 iyulundan tətbiqinə başladığı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə ilə bağlı işəgötürənlərin praktik bilgilərə sahib olması üçün ardıcıl işlər aparılıb.

Müvafiq Qaydalar, metodiki materiallar nazirliyin rəsmi saytında (www.mlspp.gov.az, www.eesmn.gov.az) yerləşdirilməklə, bölgələrdə “Açıq qapı” günü-vətəndaş forumları, “Yardımçı masaları” təşkil olunub, KİV-lərdə çoxsaylı təbliğat-maarifləndirmə materialları dərc edilib. Digər tərəfdən, əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirmək üçün cəhd edən və yalnız müəyyən texniki səbəblərdən bu prosesi həyata keçirə bilməyən işəgötürənlərə prosesi qısa vaxtda başa çatdırmaları üçün müvafiq texniki köməkliklər də göstərilib.

Bununla belə, aidiyyatı qurumların informasiya bazalarından əldə edilmiş məlumatlarla EİS-dəki məlumatların müqayisəli təhlilləri əsasında aydın olur ki, bir çox müəssisələrdə əmək müqaviləsi bildirişlərini sistemdə qeydiyyatdan keçirilməsinə biganə münasibət və bundan yayınma halları mövcuddur. Artıq belə müəssisələrdə DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Araşdırma zamanı “Qrafik-Ko” MMC-də 7 nəfər, “İnşaat konstruksiyaları” MMC-də 8 nəfər, “Abşeron A-1” MTK-da 4 nəfər işçi ilə bağlanmış əmək müqavilələrinin ƏƏSMN-nin elektron informasiya sistemində qeydiyyatdan keçirilmədiyi, beləliklə, onların qeyri-leqal əmək fəaliyyətinə cəlb edildikləri aşkar olunub. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı EİS-ə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Aşkar edilmiş hüquq pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, cərimələr tətbiq edilib.

Eyni zamanda, hər üç müəssisədə əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilmədiyi, işçilərə fərdi mühafizə vasitələri verilmədiyi də aşkar edilib. Bununla bağlı olaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, qeyd olunan işəgötürənlərdə əməyin mühafizəsi ilə bağlı hüquq pozuntuları aşkar edilmiş ayrı-ayrı istehsal və tikinti sahələrinin bu pozuntular aradan qaldırılanadək dayandırılması məqsədi ilə məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR