Parkomatlar qurumları üz-üzə qoydu
Bizi izləyin

Qırmızı.az

Parkomatlar qurumları üz-üzə qoydu

Bu ilin mayından paytaxtın müxtəlif ərazilərində 500-ə yaxın parkomatın quraşdırılması gözlənilən nəticəni vermədi. Parkomatların quraşdırılmasında məqsəd küçələrdə yaranmış sıxlığın qarşısını almaq idi. Yeni qaydanın tətbiqindən sonra avtomobillər konkret ərazidə saxlanılacaq, avtobus, taksilərin fəaliyyətinə mane olmayacaqdı. Bununla da yol kənarlarında pərakəndə saxlama və maşınların evakuatorlar tərəfindən aparılması problemləri də həllini tapmış olacaqdı.

Lakin nəticə gözlənilən kimi olmadı. Parkomata pulunu ödəyən sürücülər yenə də maşınlarını avtobus, taksi dayanacaqlarında saxlamaqda davam edirlər. Ekspertlər hesab edir ki, bunun əsas səbəbi parkomatların dayanacaqlara yaxın quraşdırılması, müvafiq işarələrin qeyd olunmamasıdır.

Problem həllini tapmadığından parkomatların quraşdırılması əhəmiyyətsiz bir tədbir kimi qiymətləndirilir. Bəs vəziyyət dəyişməyəcəkdisə, bu qədər vəsait xərcləməyə nə ehtiyac vardı? Üstəlik, sürücü avtomobilini saxlamaq üçün vəsait ödəyir, nəticədə maşını cərimə meydançasına aparılır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu məsələnin həm sərnişinləri, həm də yol polisini narahat etdiyini deyir. Bununla bağlı 80 parkomat ərazisində aparılmış monitorinqlərin nəticələri barədə müvafiq qurumlara məlumat verdiklərini bildirib:

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi parkomatların yerlərinin dəyişdirilməsi və qanunvericiliyin tələblərinə uyğun quraşdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Parkomatlarda müvafiq xətlərin qeyd olunmaması, dayanacağa yaxın quraşdırılması, təyinatı üzrə yerləşdirilməməsi müşahidə edilib. Dövlət Sirkinin qarşısındakı və İnşaatçılar metrostansiyasının yaxınlığındakı parkomatlarda bu problemlər daha çox müşahidə edilir. Bu parkomatların yerinin dəyişdirilməsi, yaxud dəqiq xətlərin qeyd olunması və s. təkliflər irəli sürülüb. Aidiyyəti qurumun müraciətlə bağlı tədbir görəcəyinə ümid edirik”

V.Əsədov həmçinin parkomat ərazisindən kənarda nəqliyyat vasitəsini saxlayanlara qarşı tədbirlərin davam etdirildiyini bildirib:

“Həmin avtomobillər evakuasiya edilir, yaxud fotomaterial hazırlanır. Avtomobil sahibləri bilməlidir ki, avtobus dayanacağını zəbt etmək olmaz. Bu dayanacaq yalnız sərnişinlər və avtobusların sərbəst hərəkəti üçün nəzərdə tutulub”.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev bəzi sürücülərin qanunu pozmaları ilə razılaşsa da, bu məsələdə onlara nəzarət edəcək qurumların iş görməli olduğunu dedi.

“Vətəndaşlar elə hesab edir ki, pul ödəyirsə, harada istəsə avtomobilini saxlaya bilər. “Yol Hərəkəti haqqında” qanunda göstərilib ki, avtobus dayanacaqları, təcili yardım maşınları üçün müəyyən olunmuş ərazilər parkomatlar üçün nəzərdə tutula bilməz. Parkomat qanundan üstün ola bilməz. Qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir. Sürücü parkomatda ödəniş edib avtobus dayanacağında saxlayırsa, buna görə məsuliyyət daşımalıdır. Parkomat ərazilərindəki əməkdaşlarımız həmin sürücülərin fəaliyyətinə nəzarət edə bilməz. Həmin sürücülər müvafiq qurumlar tərəfindən cəzalandırılmalıdır. Aidiyyəti qurumların öz məsuliyyətlərini başqalarının üzərinə atmaları problemdən çıxış yolu deyil”.

Parkomatların avtobus dayanacaqlarına yaxın məsafədə yerləşdirilməsinə gəldikdə, H.Abdullayev bununla razılaşmadı.

“Dünya praktikası necədir, bizdə də ona uyğun işləyirik. Hərə bir söz deyir, lakin əvvəldən bu prosesin necə həyata keçirilməsi maraqlanmaq lazımdır. Üstəlik, proses yeni başlayıb, qısa zamanda bütün problemlərin həllini gözləmək düzgün deyil. İşlər tam başa çatandan sonra proses tam elektronlaşacaq, cərimələr də avtomatik olacaq. Kimsə işini qura bilmirsə, məsuliyyətin bizim üzərimizə atmasına ehtiyac yoxdur. Parkomatların quraşdırılmasına may ayından başlanıb, ondan əvvəl Nəqliyyat Nazirliyi avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi müşahidə edilmirdi? Parkomat olmayan ərazilərdə də avtobuslar dayanacaqda saxlamır. Nəriman Nərimanov, Gənclik metrostansiyaları yaxınlığında bu hal müşahidə edilir. Taksi dayanacaqlarının çoxu mülki vətəndaşlar tərəfindən zəbt edilib. Bununla bağlı tədbir görməlidirlər. Bu ilin sonuna kimi 700-ə yaxın, proses tam başa çatanda 1000-ə yaxın parkomat quraşdırılmış olacaq. Hər parkomat yanında bir əməkdaş qoya bilmərik”.

Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün işlərə də başlanılıb. Artıq Səməd Vurğun küçəsindəki parkomatda ərazinin işarələnməsi aparılır. Bu proses digərlərində də həyata keçiriləcək.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov mətbuata açıqlamasında parkomatların avtobus dayanacaqlarını zəbt etməsinə oxunub. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini deyib:

“Parkomatların ucbatından parklanan nəqliyyat vasitələri az qala avtobusların içinə girir. Onların fəaliyyətinə imkan vermir. Avtobus dayanacağı ilə qurğuların ara məsafəsi 40-50 metr göstərilsə də, parkomatlar dayanacaqlardan 5-6 metr məsafədə qoyulub”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm