Fərhad Məmmədov: “Daxili birlik olmasa, xarici siyasəti yeritmək olmaz”
Bizi izləyin

Qırmızı.az

Fərhad Məmmədov: “Daxili birlik olmasa, xarici siyasəti yeritmək olmaz”

“Gənc Liderlər üçün Qış Universiteti - Kreativ başlanğıc” layihəsinin son gününün ilk paneli “Azərbaycan dünya geosiyasi kontekstində” mövzusunda baş tutub

“Gənc Liderlər üçün Qış Universiteti - Kreativ başlanğıc” layihəsinin son gününün ilk paneli “Azərbaycan dünya geosiyasi kontekstində” mövzusunda baş tutub.

Publika.Az-ın verdiyi xəbərə görə, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevin moderatorluğu ilə keçən görüşün qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov olub.

SAM direktoru ilk olaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti haqda məlumat verib. Bildirib ki, qurum 2013-cü ildə elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat istiqamətləri üzrə öz çoxşaxəli fəaliyyətini daha da genişləndirib. Mərkəz daxili və xarici siyasət sahələrində araşdırmalar aparır, Azərbaycanın dünyada tanıdılması ilə bağlı işlər görür. Ümumilikdə 56 tədbir, bunlardan 28-i Azərbaycanda, 28-i xaricdə həyata keçirilib. SAM dünya beyin mərkəzləri siyahısında 123-cü sırada qərarlaşıb. SAM direktoru onu da əlavə edib ki, Cənubi Qafqazda bu tip təşkilat yoxdur.

Fərhad Məmmədov qeyd edib ki, hər bir dövlətin geosiyasətində coğrafiya və tarix əsas yer tutur. Əgər bir dövlətin xəritəsi və bayrağı varsa, bu o demək deyil ki, o müstəqil bir dövlətdir.

“Ermənistan üçün müstəqillik dövlətlərinin sadəcə olmasıdır. Bizim üçün isə müstəqillik həyat tərzi və ali dəyərdir. Azərbaycanda iqtisadi inkişafda bölgələr arasında fərq qoyulmur, ona görə birliyimiz bizim müstəqilliyimizi şərtləndirir. Geosiyasi konsepsiya üçün birlik olması vacibdir. Daxili birlik olmasa, xarici siyasəti yeritmək olmaz. Birlik olmadan güc olmaz”-deyə SAM direktoru bildirib.

Fərhad Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müstəqillik məsələsini hər zaman xüsusi vurğulayıb. Bu gün də Cənab Prezident İlham Əliyev bu siyasəti davam etdirir. Bu gün biz dünya ölkələri arasında öz sözümüzü, mövqeyimizi bildirə bilirik. Bu gün heç bir ölkə bizim daxili işlərimizə qarışa bilməz.

Daha sonra görüş diskussiya şəklində davam edib, ekspert gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm