Qiyamət Xocalıda qopmuşdu...
Bizi izləyin

Qırmızı.az

Qiyamət Xocalıda qopmuşdu...

Qiyamət Xocalıda qopmuşdu...

Keçən il dünya dağılacaq, qiyamət qopacaq deyə insanlar sanki hər şeyi unutmuşdular. Hamı 21 dekabra hazırlaşırdı. Yaşamaq həmin gün hər şeydən baha idi.

Qiyamətin dalğası Azərbaycana da yaxınlaşmışdı və sağ qalmaq istəyi ürəklərə, beyinlərə hakim kəsilmişdi.

Bir mövzu vardı: Qiyamət! Qəzetlərin və saytların manşeti bomba kimi partlayırdı. Bəzən bizi niyə tənqid edib, biz ki, onun dediyi və yazdığı kimi deyilik deyib, bir az da obrazlı desək, ayıblarımızın aynası olan Mirzə Cəlilin “Ölülər”ini xatırladım o gün. Ya birdən qiyamət qopmasa, ya da ki, qopsa? Bəs sonra nə olacaq?

Dünya dağılmadı, dünya qarışdı. Bu qarışıqlıqların fonunda güclülər gücsüzlər dəstəsini susdurmaq, yerinə oturtmaq, ona həddini bildirmək üçün bütün güclərini səfərbər etdilər və son hadisələr göstərdi ki, indi dünyanın rəsmi, “masa arxası” deyil, yalnız və yalnız silah dili var. İsrafilin surunun çalınmasını gözləmək əzabı, əslində, yaşamaq sevincimizin əlimizdən alınmasıdır və çörək, su deyib dünyayla vidalaşan körpələrin gözümüzün qarşısında kilsələrin xaçına, məscidlərin uçmuş minarələrinə baxıb can verməsi qiyamət deyilmi?

Dinlər və dillər döyüşü başlayıbsa, demək gözlədiyimiz gəlib. Və XXI əsr haqsızlıqlar əsri kimi qiyamətdən sonra itən, yerlə-yeksan olan inasanlıq tarixinə düşə biləcəkmi? Bəs haqq hardadır? Sadə bir cavabı var bu sualın: O yoxdur, onu insanlar öldürüblər, özü də çoxdan. Ölümsaçan güllələr heç bir yerə haqq və demokratiya aparmır ölümdən savayı. Haqqımızı yeyənlər də bunu yaxşı bilirlər... Və... Bizim qiyamətimiz Xocalıda qopmuşdu. Bəlkə də çox az adam oldu ki, 21 dekabrı ciddiyə alsın. Canında fevralın şaxtası, sazağı, gözündə öldürülən övladının çiçək açmayan gülüşü, ərinin son nəfəsdə “Sizi qoruya bilmədim, məni bağışlayın nidası” qalmış xocalıdan olan gəlinlər, saçı bir gündə qara dönən analar qiyamətin gəlməyindən niyə qorxmalıydılar ki... Ömrümüzdən Xocalısız 22 il də keçdi. Hava proqnozlarında “Xocalıda bu gün qar yağacaq, şaxta olacaq” deyiləndə, az qalır ki, sümüklərim donsun. Mən Xocalıda həmişə günəşli hava, yay olmasını arzulayıram. Bəlkə onda qanı torpağa qarışmışların ruhu isinə. İki əllə qollarımı çırmayıb iş görəndə, sevdiklərimin yanına sevinə-sevinə qaçanda əllərini, ayaqlarını don vurmuş xocalılardan utanıram. Nə yaxşı ki, keçən günlər yaddaşımızı köhnəlməyə, itməyə qoymur. Unutmaq dərsindən aldığımız “iki”lər bizi qarşıdakı imtahanlardan “beş” almaq üçün mübarizəyə səsləyir.

Bizim qiyamətimiz Xocalıda qopmuşdu. Xocalı adlı bir mədəniyyət, Xocalı adlı bir tarix yanırdı o gün dünyanın gözü qarşısında. Azərbaycanın Xocalı adlı balası odlara yansa da aralarında vəzifə, sərvət davası gedən o zamankı rəhbərlər də guya fəlakəti görmürdülər. Görmək üçün ürək yanmalıydı, ürək. Bir şair dostumun təbirincə desək, “Kişilər alnından, qadınlar əllərindən qocaldı”lar həmin gecə.

Qiyamətdən, dünyanın dağılmağından qorxmayın. Qoy qiyamət qopsun, amma bu dəfə biz Xocalını azad edəndə və onun qisası alınanda...

Hafiz Təmirov, polis kapitan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm