Ailəsi onu içdiyi üçün tutdurmuşdu - Ürək parçalayan həyat hekayəsi
Bizi izləyin

Qırmızı.az

Ailəsi onu içdiyi üçün tutdurmuşdu - Ürək parçalayan həyat hekayəsi

“Türmə əhvalatları” layihəsində:

Baxışın baxışları indi də gözlərimin önündədir. 10 saylı CÇM-dən söz düşəndə, yaxud türmə əhvalatları ilə bağlı nə isə yazmaq istəyəndə ilk xatırladıqlarımdan biri də Baxışın saf baxışları olur.

Sonralar heç kəsdə görmədiyim bir saflıq vardı onun gözlərində. Yadıma gəlir, oğlum Tural balaca olanda boğazında və burnunda olan artıq əti əməliyyat etdirmişdim. Əməliyyat sonu özünə gələn uşaq danışa bilməsə də, barmaqları ilə məni hədələmişdi; bu ağrını ona verdirdiyimə görə. Bax, onda Turalın yaşla dolan iri, qapqara gözlərindəki saflıq mənim kənara çəkilib səssiz hıçqırığıma səbəb olmuşdu. Turalın yaşla dolmuş gözlərindəki işıqlı və ağrılı baxışları sanki mənə “insanları nahaq incidirsən”, - deyirdi. Baxışın da baxışlarında bir-neçə dəfə həmin ifadəni oxumuşdum. Bu ifadələr mənə ünvanlanmasa da, mən onu hər kəsə ünvanlanırmış kimi görürdüm. Yasəmən kolunun arxasına çəkilib kövrəlmişdim, oğlumun baxışları gəlmişdi gözümün önünə.

Onun həbsində qohumlarının əli olub

Baxış yaşca məndən böyük idi. O, Ağdamın Mərzili kəndində doğulmuşdu, yaşamışdı və məcburi köçkün kimi Bakı şəhərində “Xalqlar dostluğu” metrosuna yaxın bir yerdə məskunlaşmışdı. Ailəli idi, övladları vardı...

Münasibətimiz səmimi olsa da, nəyə görə həbs olmasını özündən heç soruşmadım da. Amma dostum Aqil bir dəfə mənimlə söhbət edərkən demişdi ki, onun həbsində qohumlarının əli olub. Baxış azadlıqda olanda içirmiş. Qayınatası da molla imiş. Arvad tərəfdən qohumlarının din adamı olması və Baxışın içki ilə dostluq etməsi onu həbs olunmağa qədər gətirib çıxarmışdı.

Baxış çox sakit adam idi. 10 saylıdakı Ağdam əhli onun xətrini çox istəyirdi. O, həqiqətən kimsəsizin biriydi. Baxışı ziyarət edən, ona sovqat göndərən yox idi. Yeməyi–içməyi cəza evinin yeməkxanasında olardı. Aqil həftədə bir neçə dəfə onu nahara qonaq edərdi. Bizimlə bir süfrə arxasında oturar, utancaq halda ev yeməklərindən dadardı. Bir dəfə sözarası bizə məktəbli olarkən şagirdlərin məktəbin bufetindən kişmişli bulka alıb limonadla yemələrindən danışdı. Həmin axşam evlə danışanda dedim ki, mənə ağ kişmişli bulka və limonad alıb gətirin.

Baxış limonadla bulka yedi və heç bilmədi ki, bu onun ürəyindən keçirdiyi hissin, dilinə gətirdiyi istəyin nəticəsidir. O gedəndən sonra Aqil boynumu qucaqladı:

- Şair, Baxış pis oğlan deyil, çox sağ ol.

Onun heç kəslə işi yox idi, elə hər kəs də onun varlığından xəbərsiz kimi idi. Yaxşı nərd oynamağı vardı. Başqa əhlin adamları ilə heç qaynayıb qarışmadı. Ağdamlılar onu qoruyurdu. Və bu məqamda deyim ki o, heç də zəif, qorxaq və hansısa günah sahibi də deyildi. O, sadəcə təmiz və küskün adam idi. Səliqəli idi. hər gün koptyorqdan krem və şotkanı götürüb ayaqqabısını parıldayana qədər sürtərdi. Şalvar-köynəyi təmiz və ütülü olardı. Üzünü günaşırı taraş edərdi.

Gözlə, mən də görüşə gedirəm

Qanunla həftədə bir dəfə görüşə icazə verilirdi. Elə dustaqlar vardı ki, onları ziyarət edənlər çox idi. Aqil və mənim də yanıma həftədə 4-5 dəfə gələn olurdu. Dostlar və qohumlar sağ olsunlar. Belə anlarda görüşə gələnlər kimsəsiz dustaqların adına sənədləşirdi. Sözsüz ki, görüşə gələn adamlar görüşə nəzarət edənlərə şirinlik verirdilər və türmə işçiləri bu görüşlərin çox olmasında maralı idi.

Bir dəfə “taksi” (Cəza evində xəbər aparıb-gətirən, görüşə gedənin çantalarını daşıyan dustaqlara taksi deyirdilər. Onlar hər ay rəhbərliyə haqq ödəyirdilər) mənə yaxınlaşdı:

- Görüş yerindən dedilər ki, sənin yanına bu həftə çox adam gəlib. İndi də gələn var. Elə bir adam da yoxdur ki, onun adına yazsınlar, kimi məsləhət görərsən?

“Elə bir adamım yoxdur axı, özləri bilsin”, - dedim və görüşə hazırlaşmaq üçün otağıma getdim. Hamama girdim, üzümü qırxdım, təmiz paltarlarımı geyindim. Və görüş otağına yol aldım. Baxış məni arxadan səslədi:

- Şair, dayan, məni də gözlə, mən də görüşə gedirəm.

Gözlədim. Həddindən artıq səliqəli geyinmişdi.

- Uşaqlardan köynək, gödəkcə götürdüm ki, səliqəli görünüm, - dedi.

Görüş yerinə qədər 150 addım vardı. Yol boyu məndən soruşurdu:

- Şair, səncə, mənimlə görüşə gələn kim olar?

- Arvadın, qaynın, qardaşların, oğlun... Nə bilim, vallah, hər kimdi, çox sağ olsun.

Baxış ömrümdə eşitmədiyim, içdən gələn iniltiyə bənzər səslə, pıçıldayırmış kimi:

- 5 il olacaq e, burda olmağım, hələ məni yada salan olmayıb. Kim ola bilər? – bir də soruşdu.

Görüş yerinə yaxınlaşdıqda gizir Vəzir sallaq qarnını qaşıya-qaşıya mənə işarə elədi ki, keç içəri:

- Rusiyadan dayın oğlanları gəlib.

Əhl sevinirdi ki...

Sankt-Peterburqda ticarətlə məşğul olan dayım oğlu Bəhruz və onun dostlarıydılar. Xeyli söhbət etdik. Pəncərədən bayıra baxanda gördüm ki, Baxış hələ də bayırdadır. Arada əyilib çırtması ilə şalvarının balağına qonan tozu təmizləyirdi. Elə bu vaxt dayıoğlum dedi ki, maşallah, sənin yanına hər gün gəlirmişlər. Bizi Baxış adlı bir nəfərin adına sənədləşdirdilər. Sən demə, görüşə çağıran adam səhvən həm də Baxışa deyib ki, səni ziyarət edən var. Tutuldum. Bayıra çıxıb Baxışı dəvət etdim. Gəlib bizim stolun arxasında oturdu. Onu məsələdən agah etdim. Pərt oldu.

- Əhlimiz elə sevinirdi ki, mənimlə görüşə gələnlərin olmasına...

Dayım oğlu gətirdikləri sovqatı tən yarı böldü:

- Sənindir, götür, - dedilər.

Mənim cibimə pul saldıqdan sonra Baxışa da 100 dollar uzatdılar. Götürmək istəmirdi. Məcbur etdik. Axır ki, razılaşdı. Görüş sonu birlikdə çıxdıq. Bunu təkcə Aqil bildi.

Rəis müavini onu eşitmişdi

Ağdamdan Sirac adlı dustaq vardı. Onun haqqında əvvəlki yazılarda bəhs etmişəm. Pis oğlan olmasa da, narkotikə meyilli olması həmişə başına bəlalar açırdı. Bir dəfə onu hansısa rejim qaydalarını pozduğuna görə cəzalandırmaq istəyirdilər. Aqillə birlikdə onun xahişini etmək üçün rəis müavinin yanına getdik. Gəlişimizin məqsədini dedikdə Vəli müəllim dedi:

- Onu bağışladım. Baxış gəlmişdi. Dedi, onun günahından keç, mən də keçdim.

Sonra da əlavə etdi ki, 5 ildir Baxışı tanıyıram, o adam hələ bir dəfə də olsa qanun pozuntusuna yol verməyib, səsi çıxmayıb, yanına gələni yoxdur, bir qarın yeməyə o qədər sınanlar var ki; bu insan isə həmişə tox olub. Sakitdir. Onun xahişini yerə salmaq olmazdı.

Halal edin

Baxış azadlığa çıxdığı gün onu yola salanlara baxıb kövrəldi. 50-dən çox dustaq onun üçün sovqat qoymuşdu. Pul da toplamışdıq. Aqil və mən onu sonuncu qapıya qədər yola saldıq. Ayaqları yerə mıxlanmışdı sanki, hasarın o üzünə tərəf addım atmaq istəmirdi. Mənimlə əl görüşdü. Aqilin boynunu qucaqladı, ağladı, “hala edin hər şeyi”, - dedi və getdi.

İki həftədən sonra mənim üçün gətirilən qəzetləri vərəqləyirdim. “Bakı xəbər” qəzetində Ağdamın Mərzili kəndindən məcburi köçkün olan, azadlıqdan yenicə çıxmış Baxış adlı dustağın “Xalqlar metrosu” yaxınlığında məskunlaşdığı 5 mərtəbəli yataqxananın damından özünü ataraq intihar etməsi xəbəri vardı...

Qəzeti Aqilə verdim...

Aqil xəbəri oxuduqdan sonra mənə dedi:

- Faiq, sən çox şeyləri bilmirdin, elə rəhmətlik də. Mən qardaşlarıma demişdim ki, maraqlansınlar. O da çıxandan sonra gedib hər şeyi bilib. Bunu biləndən sonra da ya kimisə öldürməli, ya da özünə qəsd etməli idi. O özünü seçdi...

Faiq Balabəyli

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm