“Arvadım pulları və qızılları atası evinə apardı” – Bir qətlin təfərrüatı
Bizi izləyin

Qırmızı.az

“Arvadım pulları və qızılları atası evinə apardı” – Bir qətlin təfərrüatı

Üç uşaq anası Yeganə Əmiraslanova əri Nəbi Əmiraslanovla yola getmirdi. Hər dəfə həyat yoldaşının işgəncələrinə məruz qalan qadın küsüb qardaşı Ramilin evinə sığınırmış. Sonuncu dava-dalaşdan sonra Yeganə qardaşına zəng edib və gəlib onu aparmağını istəyib. Ramil bacısını uşaqları ilə birlikdə öz evinə aparıb. Yeznəsi Nəbini də döyüb. Elə bununla da cinayətin baş verməsi üçün zəmin yaranıb.

Publika.az xəbər verir ki, Nəbi Əmiraslanov 10 sentyabr 2013-cü il tarixdə saat 20 radələrində qaynı Ramil Nəbiyev tərəfindən döyülüb. Qaynı tərəfindən döyülən Nəbi zəng edərək atası Gülağa Əmiraslanovu və qardaşı Şahin Əmiraslanovu Abşeron rayonu Hökməli qəsəbəsindəki evinə çağırıb.

Qohumlar niyə düşmən oldu?

Nəbi onlara Ramil Nəbiyev tərəfindən döyüldüyünü bir daha bildirib. Ata və oğulları Ramildən qisas almaq qərarına gəliblər. Onlar məqsədlərini həyəta keçirmək üçün Ramil Nəbiyevi öldürməyi planlaşdırıblar.

Bu məqsədlə Nəbi Əmiraslanov, atası Gülağa Əmiraslanov və qardaşı Şahin Əmiraslanovla “VAZ-2102” markalı avtomobillə Ramil Nəbiyevin yaşadığı evə gəliblər. Onlar özləri ilə gətirdikləri bıçaqla Ramil Nəbiyevə hücum ediblər. Cinayəti Ramil Nəbiyevin anası Afərdə Yusifova, bacısı Yeganə Əmiraslanova, azyaşlı oğlu Ramal Nəbiyevin gözləri qarşısında törədiblər. Ata və oğlanları özlərində olan bıçaqla Ramil Nəbiyevə çoxsaylı zərbələr vurublar. Ramil Nəbiyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Ata və oğulları müttəhimlər kürsüsündə

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham ediliblər. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Arvadım qızıl-zinət əşyaları və pulları atası evinə aparıb”

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Nəbi Əmiraslanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, 1995-ci ildə mərhum Ramil Nəbiyevin bacısı Yeganə ilə ailə həyatı qurub: “Yeganə ilə birgə nikahımızdan üç övladım olub. Hadisədən bir neçə ay əvvəl arvadım məndən xəbərsiz evdəki qızıl-zinət əşyaları və pulları götürərək atası evinə aparıb. Bu səbəbdən aramızda mübahisə olub və münasibətlərimiz soyuyub. Buna görə Yeganənin qardaşı Ramil bacısını və iki uşağımı götürərək öz evinə aparıb, bir uşağım isə mənimlə qalıb. Bununla bağlı bir neçə dəfə Ramillə telefonda mübahisələrimiz olub”.

“Atamın üstündə bıçaq olduğunu bilməmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 10-da qəsəbə ilə piyada evinə gedərkən qaynı Ramillə rastlaşıb: “Bu zaman Ramil məni söydü. Buna görə də biz mübahisə etdik. Ramil gözləmədiyim halda yumruq və kəllə ataraq məni vurdu. Sonra məni döyməyə başladı. Həmin vaxt Ramilin içkili olduğunu hiss etdim. Evə gedəndən sonra qardaşımın mobil telefonuna zəng etdim. Telefonu atam götürdü. Atama Ramilin məni döydüyünü dedim. Təxminən saat 21 radələrində atam və qardaşım Şahin “Vaz-2102” markalı maşında mənim evimə gəldilər. Onlar üz-gözümün əzildiyini görüb əsəbiləşdilər. Döyülməyimin səbəbini öyrənmək və həm də uşaqlarımı görmək məqsədilə atam Gülağa ilə birlikdə Şahinin idarə etdiyi maşınla Ramilin Hökməli qəsəbəsində yerləşən evinə getdik. Atamın tapşırığına əsasən Şahin maşında qaldı. Mən atamla birgə həyətə girdik. Bu zaman Ramil, bacısı Yeganə və anaları Afərdə həyətdə idi. Ramil bizi görən kimi ilk əvvəl nalayiq şəkildə söyüb-təhqir etməyə başladı və sonra həyətlərindəki beli götürərək atamın üstünə cumdu. Atam onun hərəkətlərindən əsəbiləşdi və gözləmədiyim halda cəld cibindən mətbəx bıçağı çıxararaq Ramili vurdu. Onun üstündə bıçaq olduğunu bilmirdim. Hadisə bir anda və gözlənilməz baş verdiyindən atamın hərəkətlərinin qarşısını ala bilmədim. Özüm Ramili vurmamışam və ona xəsarət yetirməmişəm. Baş vermiş hadisədən qorxub həyəcanlandığımdan, özümü itirmişəm. Bu səbəbdən, yaralıya kömək göstərmədən oranı tərk etmişəm”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, həyat yoldaşının evə qayıtması üçün hədə-qorxu gəlib. O bildirib ki, Yeganənin evə qayıtmağa məcbur etmək üçün, əks halda, onu öldürəcəyi ilə hədələyib.

Nəbi törətdiyi əməldən peşman olduğunu bildirib.

“Qan gözümü tutmuşdu”

İttiham üzrə özünü təqsirli bildiyini deyən Gülağa Əmiraslanov deyib ki, Ramil Nəbiyevin təhriqlərinə dözməyərək cinayətə əl atıb: “Ramil bizi görən kimi nalayiq şəkildə söyüb-təhqir etməyə başladı və əlindəki bellə üstümüzə cumdu. Ramilin əlindəki beli alıb onu zərərsizləşdirmək məqsədi ilə qarşısına keçdim. Onun hərəkətlərindən bərk əsəbiləşdim. Qan gözümü tutmuşdu. Cəld cibimdəki bıçağı çıxararaq Ramili qarnından və bədəninin başqa nahiyələrindən vurdum. Ramil əli ilə qarnını tutaraq içəri evə keçdi. Nəbi Ramili vurmayıb və ona xəsarət yetirməyib. Bundan sonra yaşadığım yerə - Xırdalan şəhərindəki evimizə getdik. Ramili öldürmək məqsədim olmayıb. Oğlum Nəbini döydüyünə və məni nalayiq şəkildə söyüb təhqir etdiyinə görə əsəbiləşmişdim. Ramili qorxutmaq məqsədilə özümlə gətirdiyim bıçaqla vurdum”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Gülər Kərimova bildirib ki, 2009-cu il tarixdə mərhum Ramil Nəbiyevlə ailə qurub və birgə nikahdan iki övladları olub. Onun sözlərinə görə, 2 avqust 2013-cü il tarixdən baldızı Yeganə Əmiraslanova əri Nəbi Əmiraslanov tərəfindən mütəmadi olaraq döyülüb təhqir edilib. Onun ifadəsinə görə, əri və qayınları Yeganəni öz evlərinə gətiriblər. O, məlum hadisənin bundan sonra baş verdiyini qeyd edib. Şahid qismində dindirilən Yeganə Əmiraslanova da əri tərəfindən döyüldüyünü deyib.

Bir ailənin üç üzvünə 44 il cəza

Məhkəmənin hökmü ilə Şahin və Nəbi Əmiraslanovlar 15 il, Gülağa Əmiraslanov isə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Şahin Əmiraslanov cinayətin iştirakçısı olmadığını əsas gətirərək barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. Bundan başqa, Nəbi Əmirsalanov da apelyasiya şikayətində ədalətli qərar qəbul edilməsini istəyib. Gülağa Əmiraslanov da cəzasının yüngülləşdirilməsi tələbi ilə çıxış edib. Ata və oğulların şikayətinin araşdırılması üçün iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Şahin Əmirsalanovun cəzası 13 ilə endirilib. Qalan hissə ilə bağlı hökm dəyişdirilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm