Gələn ildən DSMF büdcəsinin tərtibi qaydası dəyişir
Bizi izləyin

Qırmızı.az

Gələn ildən DSMF büdcəsinin tərtibi qaydası dəyişir

Pensiya islahatı konsepsiyasının tətbiqi nəticəsində növbəti ildən DSMF-nin büdcəsinin tərtibi qaydası dəyişəcək.

Publika.az xəbər verir ki, bunu “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə tutulan pensiya təminatında dövlət öhədəilikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsi məsələsinə aydınlıq gətirən Dövlət Sosial Müdafiə Fondunun sədri E.Mehdiyev bildirib.

Fond sədri qeyd edib ki, hazırda ödənilən, eləcə də yeni təyin olunan pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Bütün bunların, həmçinin bir sıra vəzifələrdə qulluq etmiş şəxslərə verilən qulluq stajına görə əmək pensiyasına əlavələrin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət öhdəliklərinin maliyyə yükü hazırda 1,3 milyard manatdan çoxdur.

2015-ci ildə dövlət büdcəsinin transfertinin həcmi isə bundan aşağı məbləğdə - 1,1 milyard manat nəzərdə tutulub, deməli, bu xərclərin maliyyələşdirilməsinə büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldiləcəkdir. Lakin nəzərə alınmalıdır ki, qeyd olunan xərclərin maliyyələşdirilməsinə yönəldilən sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin maliyyə öhdəliyini də formalaşdırmaqdadır: “Göstərilənlə əlaqədar, sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib”.

E.Mehdiyev həmçinin 2014-cü ilin ilk 10 ayında DSMF-nin büdcəsinin icrası ilə bağlı məlumat verərək qeyd edib ki, ümumilikdə bu dövr ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 10 ay ərzində Fondun gəlirləri 2402,1 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,8 faiz və ya 193,9 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 11 faiz artaraq 1386,2 milyon manata çatıb. Bu daxilolmaların 65,2 faizi və ya 904,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz və ya 108,8 milyon manat çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Fondun xərcləri 2377,2 milyon manat olub və bunun 98,1 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm