• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Magistraturaya ərizə qəbulu başlanır

Magistraturaya ərizə qəbulu başlanır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib.

TQDK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, elanın tam mətni “Magistr” jurnalının 2-ci sayında dərc olunub.

Ərizələrin qəbulu internet vasitəsi ilə fevralın 11-dən 20-dək aparılır.

Bakalavrlar TQDK-nın mü­va­fiq internet səhifəsi­nə (eservices.tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur və özləri təsdiq edir.

Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçid­lərdə verilib).


Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Qəbul imtahanı - Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın birinci mərhələsi martın 2-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50 (o cümlədən, açıq tipli 5), informatika üzrə 25 (o cümlədən, açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq tipli 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar “Magistr” jurnalının 2014-cü il 4-cü sayında dərc ediləcək elanda göstərilən müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisas­laş­ma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2014-cü il tarixli 3-cü sayında veriləcəkdir).


Test tapşırığı nümunələri - Xüsusi buraxılışda ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb və ya fars dili) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də təqdim olunur.


Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar bu test tapşırıqları vasitəsi ilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR