Firudin Sadıqov: "Azərbaycan lazım bilsə, icazə verəcək"
Bizi izləyin

Qırmızı.az

Firudin Sadıqov: "Azərbaycan lazım bilsə, icazə verəcək"

"Ermənistan tərəfi itkin düşmüş azərbaycanlıların tapılmasında müxtəlif bəhanələr gətirir".

Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda keçirilən konfransda deyib.


Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində terror məktəbi keçmiş ermənilər azərbaycanlılara qarşı dəhşətli işgəncələr həyata keçiriblər.


İşçi Qrupunun rəhbəri bildirib: "Əgər erməni tərəfi onları axtarıb tapa bilmirsə, imkan versinlər Azərbaycanın Dövlət Komissiyası gəlib otursun Xankəndidə, həm orada itkin düşmüş azərbaycanlıları, həm də erməniləri axtarıb tapsın".


Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə toxunan F.Sadıqov bildirib: "Ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev nə etmişdi? Həsən Həsənovun öldürülməsi isə tamam başqa məsələdir. Onun meyitini 6 aydan çox saxladılar. Meyitdən də qisas aldılar. Beynəlxalq təşkilatlar təəccüblənmişdilər ki, ermənilər niyə belə edir? Məsələn, onlar ölən şəxsin şəxsiyyət vəsiqəsini, harada işlədiyi, hansı məktəbi bitirdiyinə dair məlumatlar tələb ediblər. Ermənilər Şahbazla Dilqəmin 17 yaşlı gənci öldürdüyünü və başqa bir əraziyə apardığını iddia edirlər. Axı belə bir dağlıq ərazidə texnika olmadan meyiti bu qədər məsafədə necə daşımaq olardı? Əgər onlar ermənilərin iddia etdiyi kimi diversant olsaydılar, hərbi hissələrdə şəkil çəkərdilər, nəsə dəlil olardı. Sonra onları casusluqda ittiham etdilər. Amma onlar belə bir şey etməyiblər".


F.Sadıqov Ermənistana məxsus hərbi helikopterin vurulması və nəticədə orada ölən erməni hərbçiləri ilə bağlı məsələyə də toxunub: "Onu deyə bilərəm ki, o Azərbaycan ərazisində vurulub. Ölənlər isə orada qalıb. Nə o tərəfdən, nə də bu tərəfdən ölənləri götürmək mümkün olmayıb. Bu məsələdə yeganə səlahiyyət sahibi Azərbaycandır. Azərbaycan lazım bilsə, buna icazə verəcək, lazım bilməsə verməyəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm