Ailəsini dolandıra bilməyən gənc, qadınları soydu – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

Ailəsini dolandıra bilməyən gənc, qadınları soydu – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Ehtiram Həşimov Bakıda çoxsaylı soyunçuluq cinayətləri törədib. Publika.Az-ın araşdırmasına görə, Şirvan şəhərində yaşayan Ehtiram Həşimov işləmək məqsədilə ailəsini də götürəkə Bakıya köçüb. Burada fəhləliklə mə

Şirvan şəhər sakini, 1984-cü il təvəllüdlü Ehtiram Həşimov Bakıda çoxsaylı soyunçuluq cinayətləri törədib. Publika.Az-ın araşdırmasına görə, Şirvan şəhərində yaşayan Ehtiram Həşimov işləmək məqsədilə ailəsini də götürəkə Bakıya köçüb. Burada fəhləliklə məşğul olan Ehtiramın işləri düz gətirməyib. Buna görə də ailəsini dolandıra bilməyən Ehtiram paytaxtın qaranlıq küçələrində üstlərində qızıl və çantaları olan qadınlara basqın etmək və soyğunçuluqda əldə etdiklərini sataraq ailəsini dolandırmaq qərarına gəlib. O bu niyyəni həyata keçirib.

Cinayət işinin materiallarına görə, Ehtiram Həşimov paytaxtda 10-dan çox soyğunçuluq cinayəti törədib. O, gecə saatlarında əsasən qadınlara hücum edərək çantalarını, üstlərində olan qızıl əşyalarını alarmış. Polis tərəfindən həbs olunan Ehtiram Həşimova Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4 və 180.2.5-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Kirayədə yaşadığım iki aydan sonra işsiz qalmışam"

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Ehtiram Həşimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, deyib ki, ailəlidir, iki azyaşlı övladı var: "İlk dəfə hərbi xidmətdə olarkən cərimə cəzasına məhkum olunmuşam. 2009-cu ildə isə Abşeron rayon Məhkəməsinin hökmü ilə 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişəm. 10 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılmışam. Bir müddət Şirvan şəhərində yaşamışam. Təxminən 2 il bundan öncə Xırdalan şəhərinə köçərək ailəm ilə birlikdə kirayə yaşamışam. Kirayədə yaşadığım iki aydan sonra işsiz qalmışam. Buna görə də maddi çətinliyə düşmüşəm. Maddi çətinliklə bağlı cinayət törətmək qərarına gəlmişəm. Əsasən qadınların üzərində olan qızıl əşyalarını oğurlamaqla satıb pul əldə etmək istəmişəm. Ona görə də Bakının müxtəlif ərazilərində bir neçə cinayət hadisələri törətmişəm".

"Onların arasına keçdim və qadının əlində olan pul kisəni aldım"

Onun sözlərinə görə, birinci dəfə 2012-ci ilin aprel ayının sonlarında kirayədə yaşadığı Xırdalan şəhərindən çıxaraq Bakı şəhərinə gəlib. O, 20 Yanvar dairəsində 59 saylı marşrut avtobusuna minib: "Yolda avtobusa bir qadınla kişinin mindiyini, onların əlində çoxsaylı paketlərin, həmçinin qadında pul kisəsinin olduğunu gördüm. Avtobus Yasamal rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığına çatdıqda adını sonradan bildiyim Gülnarə Aslanova Gülnarə yanındakı kişi ilə birlikdə avtobusdan düşdülər. Avtobusdan düşərək onların arxasınca getdim. Gülnarə Aslanova yanında olan kişi ilə söhbət edə-edə gedən zaman onların arasına keçdim və qadının əlində olan pul kisəni aldım. Həmin yerdən aralanandan sonra pul kisəsini açdım. Orada 33 manata yaxın pul, müxtəlif vizit kartları və uşaqların fotoşəkillərin olduğunu gördüm. Pul kisəsini içərisində olan vizit kartları və fotoşəkillər ilə birlikdə küçədə xatırlamadığım bir yerə tulladım. Əldə etdiyim pulu isə şəxsi ehtiyaclarıma xərclədim".

"Boynunda olan boyunbağını dartdım"

Ehtiram Həşimov deyib ki, həmin il, iyulun 5-də Nəsimi rayonu ərazisində 5 mərtəbəli bir binanın yaxınlığında Tamilla Cəfərovanı görüb. Qadının boynunda qızıl boyunbağısını gördüyünü deyən Ehtiram Həşimovun sözlərinə görə, onun arxasınca düşüb: "Tamillanın boynundakı boyunbağını ələ keçirtmək üçün onun arxasınca getdim. Tamilla 5 mərtəbəli binanın blokuna daxil olmaq istəyən zaman arxadan ona yaxınlaşaraq boynunda olan boyunbağını dartdım. Boyunbağını dartdığım zaman qırıldı. Boyunbağının bir hissəsi əlimdə qaldı, digər hissəsi isə yerə düşdü. Lakin qadının hay-küy saldı. Tutulacağımdan ehtiyat edərək boyunbağının yerə düşmüş hissəsini götürmədim və hadisə yerindən qaçdım. Əldə etdiyim boyunbağı hissəsini Xırdalan şəhərində yerləşən kirayə qaldığım evə gətirdim. Həmin boyunbağını eyvanda olan ayaqqabı şkafında gizlətdim".

O, daha sonra Nurlanə Əliyeva, Mehparə Niftəliyeva, Bağdagül Mehdiyevanı qarət etməsindən danışıb. O, deyib ki, Bağdagül Mehtiyevanı qarət edən zaman onun yanında iki azyaşlı uşaqları olub: "Bağdagülün iki azyaşlı uşaqla getdiyini gördüm. Onun boynundakı boyunbağını ələ keçirtmək üçün geri qayıtdım və arxasınca düşdüm. Binaların arasında Bağdagülə yaxınlaşdım. Qəflətən onun boynundakı boyunbağını qopardım. Bağdagüldən taladığım boyunbağını 300 manata 20 Yanvar metrostansiyasının keçidində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı köşkündə işləyən Əli adlı şəxsə satmışam. Avqustun 20-də gecə saatlarında Elmlər Akademiyası metrostansiyasının yaxınlığında Roza Məhərrəmovanın boyunbağısını ələ keçirmişəm".

"Seplə kulonunun taksi sürücüsünə ötürməyimdəm polislərin xəbəri olmayıb"

Təqsirləndirilən şəxs deyib ki, avqustun 23-də Vüsala adlı qadından oğurladığı boyunbağını 20 Yanvar metrostansiyasının yaxınlığında satmaq istəyib. Onun sözlərinə görə, 20 Yanvar metro stasiyasının keçidinin girişində 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb: "Özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər məni saxladılar. Onlar məni 20 Yanvar metro stansiyasının keçidində olan polis məntəqəsinə aparmaq istədilər. Cinayət yolu ilə ələ keçirdiyim qızıl boyunbağı cibimdə olduğu üçün polis məntəqəsinə getmək istəmədim. Buna görə də polislərdən hansı səbəbə görə məni məntəqəyə aparmaq istədiklərini soruşdum. Həmin vaxt bir nəfər taksi sürücüsü kimi tanıdığım, lakin adını bilmədiyim şəxs bizə yaxınlaşdı. Polis əməkdaşlarının mülki geyimdə olduqları üçün həmin şəxs elə bildi ki, dava-dalaş etmək istəyirik. Həmin şəxs söhbətə qarışıb polis əməkdaşlarından məni aralamaq istədi. Bu zaman tutulmamaq üçün imkandan istifadə edərək üstümdə olan boyunbağını kulonla birlikdə gizlincə həmin şəxsə ötürdüm. Sonradan isə polis əməkdaşları məni məntəqəyə apardılar. Seplə kulonunun taksi sürücüsünə ötürməyimdəm polislərin xəbəri olmayıb. Taksi sürücüsü mənimlə əlbir olmayıb. Oraya təsadüfən gəlib. Həmin şəxsin harada olmasından xəbərim yoxdur".

"Çox qorxduq"

Bağdagül Mehtiyeva deyib ki, avqustun 9-da, axşam saatlarında iki azyaşlı nəvəsi ilə birlikdə yaşadıqları binanın həyətinə gəzintiyə çıxıblar: "Nəvələrimin əlindən tutaraq həyətdə gəzən zaman Ehtiram Həşimov arxadan mənə yaxınlaşdığını hiss etdim. Ehtiram qəflətən ona hücum etdi və təxmini çəkisi 19-20 qram olan boyunbağını boynundan dartaraq qopardı. O, üzü metronun 20 Yanvar stansiyası istiqamətində qaçdı. Hadisə baş verən zaman azyaşlı nəvələrim və mən çox qorxduq".

"Boynumdan xəsarət almışam"

Nurlanə Əliyevanın sözlərinə görə, iyulun 23-də, axşam saat 22:00-da işdən çıxıb və 20 Yanvar metrostasiyasına gedib: "Oradan yaşadığım Sulutəpə qəsəbəsinə getmək üçün 181 saylı marşrut avtobusuna əyləşdim. Saat 22:30-da həmin avtobusdan "kənd yolu" deyilən yerdə düşdüm. Avtobusdan düşəndə həmin marşrut avtobusundan ardımca Ehtiram Həşimovun da düşdüyünü gördüm. Ehtiramın da sərnişin olduğunu zənn etdim. Ehtiram iti addımlarla yanımdan keçdi. O, təxminən 10-15 addım getdikdən sonra geri qayıtdı. Yanından keçdiyi zaman Ehtiramın əli ilə boynumda olan boyunbağını dartdığını hiss etdim. Hadisə ani olaraq baş verdiyindən bir anlıq özünü itirdim. adisə zamanı boğazıman yüngül cızıq xəsarəti almışam. Mənə dəymiş maddi ziyan isə 1200 manat məbləğindədir. Həmin məbləğin ödənilməsini xahiş edirəm".

"Qəflətən əlini boğazıma atdı"

Zərərçəkmiş Mehparə Niftəliyeva deyib ki, azyaşlı nəvəsi ilə birlikdə xəstə bibisini ziyarət etdikdən sonra 20 Yanvar metrostansiyasına gəlib. Onun sözlərinə görə, oradan 109 saylı marşrut avtobusuna əyləşərək Sulutəpə qəsəbəsinə yola düşüb: "Sulutəpə qəsəbəsində "Vaqif" ərzaq mağazasının yaxınlığında avtobusdan düşdü. Həmin vaxt avtobusdan mənimlə bir vaxtda Ehtiram da düşdü. O, tələsik qabağımdan keçərək getdi. Avtomaqistral yolu keçdi. Yaşadığım evə çatan zaman Ehtiramın mənə yaxınlaşdığını gördüm. Ehtiram qəflətən əlini boğazıma atdı. Qorxaraq bərkdən qışqırdım. Ehtiram əli ilə ağzımdan tutaraq qışqırmağıma imkan vermədi və boynumda olan qızıl boyunbağını qopararaq qaçdı. Baş vermiş hadisədən qorxaraq ətrafda olan adamları köməyə çağırmağa başladım. Lakin ətrafda heç kim olmadığından mobil telefon vasitəsilə həyat yoldaşıma zəng edərək hadisə barədə məlumat verdim. Hadisə zamanı heç bir xəsarət almamışam".

Məhkəmənin hökmü ilə Ehtiram Həşimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm