Sevinc Telmanqızı: “Heç vaxt sonuncu müsahibəni alan jurnalist olmaq istəməzdim“
Bizi izləyin

Qırmızı.az

Sevinc Telmanqızı: “Heç vaxt sonuncu müsahibəni alan jurnalist olmaq istəməzdim“

Uzun müddətdən bəri xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış vəkil İsaxan Aşurov iyunun 22-də müalicə üçün getdiyi Amerikada vəfat etdi.

İsaxan Aşurov uzun müddətdir xəstə olmasından dolayı mətbuatda görünmürdü. Ötən ay, mayın 6-da "Yeni Musavat" qəzetinin əməkdaşı Sevinc Telmanqızı onunla doğulduğu kənddə həmsöhbət olmuşdu. Bu söhbətdən doğulan müsahibə isə İsaxan Aşurovun sonuncu müsahibəsi oldu. Jurnalist Sevinc Telmanqızı ilə elə bu görüş barədə söhbətləşdik.

- Sevinc xanım, necə yarandı o müsahibə? İsaxan müəllimdən müsahibə üçün getmişdiniz onun doğma elinə?

- Yox, mən Faxralıya konkret olaraq müsahibə üçün getməmişdim. Ora mənim doğma kəndimdir. Nənə-babamın yaşadığı yerdir, onlara baş çəkməyə getmişdim. İsaxan bəylə də qohumuq uzaqdan. Onun da doğma yurdunda olduğunu bilib ona baş çəkdim. 15 ildir jurnalistəm, vəkil kimi 15 ildir onu tanıyıram, ondan əvvəl isə bir qohum kimi tanıyırdım. Uzun müddət idi ki, səhhətində problem var idi. Bir az zəifləmişdi, əvvəlki İsaxan bəy deyildi. Amma buna baxmayaraq danışığı, söhbəti, sözü yerində idi, heç bir dəyişiklik yox idi. Müsahibədən əvvəl xeyli söhbət etdik. Bir vəkil və bir jurnalist kimi cəmiyyətdə baş verən proseslər, özünün durumu və müxtəlif məsələlərə baxışı ilə bağlı söhbətləşdik. Söhbətimiz şəxsi zəmində oldu. Sonradan mən ondan soruşdum ki, bu söhbət əsnasında ifadə etdiyi bəzi fikirlərini müsahibə halında dərc etdirə bilərəmmi? Razılaşdı və müsahibəni hazırladım. Özü də oxudu, mən netbukumu da aparmışdım, hazır materialı özünə də göstərdim, razı olandan sonra müsahibəni dərcə göndərdim.

- Kəndə dincəlməyə getmişdi?

- Hə. Uzun müddət idi ki, əziyyət çəkirdi xəstəlikdən. Müalicə olunurdu, arada öz ata yurdunda dincəlirdi.

- Həmin müsahibədən sonra getdi Amerikaya?

- Biz onunla mayın 6-da görüşdük. Bir həftə sonra müayinə üçün Bakıya gəlmişdi, ondan sonra da Amerikaya getdi.

- Biz onu adətən jurnalistlərin müdafiəsində görürdük. Hətta bəzən onu "jurnalistlərin mənəvi atası" deyə çağırırdılar. Onu jurnalistlərə bu qədər sevdirən nə idi?

- İsaxan Aşurov tək-tük vəkillərdən idi ki, jurnalistlərə təmənnasız kömək edirdi. Onun jurnalistlərdən heç bir umacağı və maddi təmənnası olmayıb. Bütün jurnalistlər ən dar məqamında da ona müraciət edib, ən xırda hüquqi problemi olanda da. İstər məsləhət üçün olsun, istər hüquqi yardım üçün, istərsə də müdafiə üçün. Azərbaycanda aktiv jurnalistika ilə məşğul olan əksər jurnalistin fəaliyyətində İsaxan Aşurovun izi olmamış deyil. İsaxan bəylə heç bir mənfi düşüncənin ola biləcəyinə inanmıram. Ona neqativ münasibət ola bilməzdi. "Jurnalistlərin dostu" mükafatı var, mənə elə gəlir ki, o mükafat İsaxan Aşurov üçün nəzərdə tutulub, o sözün bir çox mənalarında jurnalistlərin dostu idi.

- İsaxan Aşurov kifayət qədər savadlı, təcrübəli biri idi. Nə əcəb yuxarı dairələrdə təmsil olunmurdu?

-Düzü, mən bu barədə nəsə deyə bilmərəm. Amma hər halda, ona təklif olunmamış olmazdı. Ancaq burda dayanmaq, burda durmaq, bu fəaliyyətlə məşğul olmaq onun seçimi idi. Bunu dəqiq bilirəm.

- Son müsahibəni siz aldınız... Təəssüf hissi keçirmi içinizdən?

- Mən heç vaxt ondan son müsahibəni alan jurnalist olmaq istəməzdim. Mən ondan mütəmadi müsahibə alan jurnalist olmaq istəyərdim. O, universal adam idi. Mən onunla tək hüquqa aid olan mövzularda yox, müxtəlif sahələrdə həmsöhbət olmuşdum, o, bütün sahələrdə eyni dərəcədə məlumatlı insan idi. Ədəbiyyat desəydin, İsaxan Aşurovun o sahədə də həm məlumatı, həm də savadı var idi. Mətbəx mövzusu desən, ondan da başı çıxırdı. Mən ondan "Mətbəxdə" rubrikası üçün bir müsahibə götürmüşdüm, o mənim ən maraqlı müsahibələrimdən biri idi. Biz tək dəyərli bir vəkili itirmədik, eyni zamanda dəyərli bir insanı, gözəl bir müsahibi itirdik.

Lalə Mehralı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm