• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Sünnət toylarını mənasız hesab edirəm“ - SORĞU

“Sünnət toylarını mənasız hesab edirəm“ - SORĞU

"Aktual" elmi-sosioloji araşdırmalar mərkəzi toy adəti ilə bağlı paytaxtda və ölkənin digər şəhər və rayonlarında sosioloji sorğu keçirib.

Mərkəzin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlının Publika.Az-a verdiyi məlumata görə, sorğuda paytaxt və ölkənin bir neçə şəhər və rayonunda (Sumqayıt, Goranboy, Lənkəran, Astara) 245 respondent iştirak edib.

Respondentlərin 50,2 faizi kişi, 49,8 faizini qadındır. Respondentlərin 57,8 faizi evli, 33,7 faizi subay, 5,3 nişanlı, 3,3 faizi boşanmışdır. Təhsil səviyyəsinə görə isə 45,3 faizi ali, 20,1 faizi orta təhsilli, 6,1 faizi natamam orta, 13,5 faizi texnikum məzunu, 12,7 faizi magistr və 2 faizi elmi dərəcəyə malikdir.

Respondentlərin 43,3 faizi doğulduqları yer kimi Bakı, 16,7 faizi ölkənin digər böyük şəhərləri, 19,2 faizi rayon və 20,8 faizi kəndidir.

Sorğuya iqtisadi cəhətdən bütün təbəqələr cəlb olunub.

"Hazırda işləyirsinizmi" sualına respondentlərin 21,4 faizi "orta maaşlı dövlət işində işləyirəm", 14,2 faizi "az maaşlı dövlət işində işləyirəm", 17,9 faizi "orta maaşlı özəl şirkətdə işləyirəm", 9,1 faizi "yaxşı maaşlı özəl şirkətdə işləyirəm", 7,6 faizi "sahibkarlıq fəaliyyəti ilə məşğulam", 11,1 faizi "evdar qadınam", 9 faizi "işsizəm", 14,6 faizi "tələbə (magistr) olduğum üçün işləmirəm" variantını seçiblər.

"Son 3 ay ərzində ailənizə neçə toy dəvətnaməsi gəlib?" sualına respondentlərin 28,2 faizi "altı", 15,1 faizi "beş", 16,3 faizi "dörd", 18,8 faizi "üç", 13,5 faizi "iki", 6,1 faiz "bir" cavabını verib. 2 faiz isə son üç ayda 10-20 arasında dəvətnamə gəldiyini qeyd edib.

"Ümumiyyətlə, ortalama olaraq ildə neçə toya dəvət olunursunuz?" sualına respondentlərin 31,8 faizi " il ərzində 30-dan çox", 26,1 faizi "10-11 toy", 11,8 faiz "il ərzində 9-10 toy", 12,7 faiz "il ərzində 7-8 toy", 10,2 faiz "5-6 toy", 3,7 faiz "3-4 toy", 2 faiz "1-2 toy" cavabını verib. Respondentlərin 1,6 faizi isə il ərzində təqribən 50 toya dəvət olunduğunu bildirib.

"Dəvət olunan bütün toylara gedirsinizmi?" sualına respondentlərin 37,6 faizi "bəli, demək olar ki, hamısına gedirəm", 38,8 faizi "bəzilərinə gedirəm, bəzilərinə isə toy pulu göndərirəm", 16 faizi "bir qisminə maddi səbəblərə görə gedə bilmirəm", 6,5 faizi "heç getmirəm" cavabını verib.

"Adətən toya ailədən neçə nəfər gedir?" sualına cavablar belədir: 37,1 faiz "Əksər hallarda ailədən bir nəfər", 35,9 faiz "əksər hallarda ailədən iki nəfər", 22 faiz "yaxın qohum olanda ailədən bir neçə nəfər gedir".

"Sizin və yaxud ailənizdən birinin getdiyiniz toylara ən aşağı neçə manat pul yazdırırsınız?" sualına respondentlərin böyük əksəriyyəti olan 67,1 faizi "ən az 50 AZN", 10,3 faizi "ən az 100 AZN", 9 faizi "ən az 30 AZN", 8,2 faizi "ən az 20 AZN" cavabını verib. 20 və 30 AZN cavab variantını seçən respondentlər arasında rayon və kənd yerlərindən olanlar üstünlük təşkil edir. Digər tərəfdən respondentlərin 0,4 faizi "ən az 200 AZN" və yenə bir o qədər hissəsi "ən az 400 AZN" cavabını verib.

"Sizin və yaxud ailənizdən birinin getdiyiniz toylara ən çox neçə manat pul yazdırırsınız?" sualına isə respondentlərin 41,7 faizi "ən çox 100 AZN", 17,9 faizi "ən çox 200 AZN", 8,9 faizi "ən çox 300 AZN", 8,5 faizi "ən çox 150 AZN", 6 faizi "ən çox 50 AZN", 5,5 faizi "ən çox 500 AZN", 2,1 faizi "ən çox 1000 AZN", 1,3 faizi "ən çox 400 AZN", 1,7 faizi "ən çox 40 AZN" cavabını vermişlərdir. "Ən çox 50 AZN" və aşağı rəqəm qeyd edən respondentlər arasında yenə rayon və kənd yerlərindən olanlar üstünlük təşkil edir.

"Müasir toylarda adət-ənənəyə riayət olunurmu?" sualına respondentlərin 67,8 faizi "bəzi toylarda riayət olunur, bəzilərində olunmur", 20,5 faiz "müasir toylarda adət-ənənəyə heç riayət olunmur", 11,7 faiz "müasir toylarda adət-ənənəyə tam riayət olunur" cavabını seçib.

"Ümumiyyətlə müasir dövrdə siz hansı toylardan daha çox zövq ala bilirsiniz?" sualına respondentlərin 41,2 faizi "şadlıq evində keçirilən şəhər toyundan", 23,5 faizi "açıq havada keçirilən kənd toyundan", 19,7 faizi "ümumiyyətlə bütün çadır toylarından", 6,2 faizi "şadlıq evində keçirilən rayon toyundan" cavabını verib.

Diqqət çəkən məqamlardan biri budur ki, qadınlar daha çox şadlıq evində keçirilən toylara üstünlük verərkən, kişilər çadır toylarını daha çox zövq aldıqlarını qeyd ediblər. Respondentlərin 9,5 faizi isə ümumiyyətlə son dövrlər heç bir toydan zövq ala bilməyiblər.

"Sünnət toylarının böyük toylarla eyni səviyyədə şadlıq evlərində keçirilməsinə münasibətiniz?" sualına respondentlərin 42,6 faizi "hesab edirəm ki, sünnət məclisi sadə olmalıdır", 41 faizi "mənasız hesab edirəm", 16,4 faizi isə "müsbət yanaşıram" cavabını verib.

"Müasir toyların insanlara iqtisadi baxımından necə təsir edir" sualına respondentlərin 73,7 faizi "müasir toylar insanlara maddi baxımdan ciddi sıxıntı yaradır" dedikləri halda 26,3 faizi isə "heç bir mənfi təsiri yoxdur" deyib. İkinci cavabı verən respondentlər arasında maddi vəziyyəti yüksək olan respondentlər və qadınlar çoxluq diqqət çəkir.

Çoxlu cavab variantlarının təklif olunduğu "Müasir toylarda sizi nə qane etmir?" sualına isə respondentlərin 45 faizi ilk sırada "qiymətlərin baha olmasını", 14,9 faizi "musiqinin səsinin çox olmasını", 9,9 faizi "spirtli içkilərin olması", 9,5 faizi "yemək çeşidlərinin həddən artıq çoxluğu", 6,2 faizi "tamadanın məclisi aparması", 2,7 faizi "insanların geyimləri", 2,5 faizi "xidmətin səviyyəsi", 2,1 faizi "toya dəvət olunan müğənillər", 2,1 faizi "toyda diskotekanın olması", 1,2 faizi "toyun gec saatlara qədər davam etməsini" qeyd edib. 3,9 faiz isə "hər şey qane edir" variantını seçib.

Sorğunun nəticələrini ümumiləşdirərkən qeyd etmək lazımdır ki, müasir toylar həm iqtisadi baxımdan insanlara çox böyük sıxıntılar yaradır, həm də toylarda adət-ənənələrə riayət olunması faktı da əksər hallarda pozulur. Respondentlərin böyük əksəriyyəti vəziyyətdən çıxış yolu kimi toyların sadələşdirilməsinin vacib olduğunu irəli sürüb.

Səxavət

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR