Professordan dəniz mövsümü üçün çox vacib məsləhətlər
Bizi izləyin

Qırmızı.az

Professordan dəniz mövsümü üçün çox vacib məsləhətlər

Yay mövsümünün gəlişi, həmçinin, çimərlik mövsümünün açılışı ilə əlaqədar son zamanlar dəri xəstəlikləri yenidən aktuallaşmağa başlayıb.

Bunu nəzərə alaraq mövzu ilə bağlı mütəxəssisdən bəzi məsləhətlər aldıq.
Səhiyyə Nazirliyinin baş dermotoloqu, professor Zülfüqar Fərəcov Publika.Az-ın mövzu ilə bağlı suallarını cavablandırıb.


- Öncə dəri xəstəliyinin əlamətlərindən danışaq...
-Dəridə gicişmə, göynəmə, ağrı, dartılma, yandırma, bir sıra hissiyyat pozulmalarının yaranması xəstəliyin olmasında xəbər verir. Bunun nəticəsində insanın ümumi əhvalında üşütmə, qızdırma, yuxusuzluq, iştahasızlıq, əsəbilik və s. olur.
Dəridə morfoloji dəyişikliklər - ləkə, köpüşük, düyüncük, qabaq, düyün, suluq, irinlik, kəpək, qartmaq, dəmrovlaşma, eroziya, ekssudasiya, xora, çat, çapıq və s. törənə bilər.

-Ən çox yayılanı hansıdır?
-Ümumilikdə 2 minə qədər dəri xəstəliyi var. Yaz-yay aylarında ən çox təsadüf edilənlər göbələk xəstəlikləri, allergik dermatitlər və irsi dermatozlardır.
Göbələk xəstəlikləri əsasən ayaq nahiyəsində, bəzi hallarda əllərdə meydana gəlir. Bu xəstəlik əsasən yay aylarında istinin qalxması ilə əlaqədar özünü biruzə verir. Allergik dermatitlər qəbul edilən qidaların, istifadə edilən dərmanların, həmçinin günəş şüalarının təsiri ilə yarana bilir.

-Məlum məsələdir ki, vaxtı keçmiş qidaların və dərmanların da xəstəliyin yaranmasında rolu var...
-İnsanlar yaz-yay aylarında balıq məhsullarından istifadə etməməlidirlər. Çünki onlar daha tez xarab olurlar, keyfyyətlərini tez itirirlər. Ümumiyyətlə vaxtı keçmiş məhsullardan uzaq qaçmaq lazımdır.
Bu sözləri həmçinin dərmanlara da şamil etmək olar. Köhnəlmiş dərmanlardan istfadə zamanı toksikadermiya əlamətləri meydana gəlir. Buna dərman xəstəliyi deyirlər.

-Xəstəliyin ağırlaşmaları nə ilə nəticələnir?
-Allergik dermatitlər düzgün müalicə aparmadıqda ağır formalara keçə bilər. Elə hallar olur ki, onların qarşısını almaq olmur və xəstə ölür. Ümumiyyətlə xəstəliklərin hamısı müalicə olunmadıqda təhlükəli olur. Lakin, xəstəliyin gedişatına görə ağır və ya yüngül forması olur.
Gigiyena qaydalarına düzgün riayət etmədikdə Hepatit xəstəlikləri yaranır. Dəri xəstəliklərinə sadə yanaşmaq düzgün deyil. Bu çox ağır fəsadlar verə bilər.

-Suçiçəyi və qızılca dəri xətəliklərinə çevrilə bilirmi?
-Suçiçəyi və qızılca infeksiya yolu ilə keçir. Elə olur ki, insan bu xəstəliyi uşaq yaşlarında deyil, yetkin yaşlarında keçirir.

-Dəniz mövsümündə günün hansı vaxtında suya girmək məsləhətdir?
-Dəniz suyunun və günəş şüalarının çox xeyirli təsiri var. Məsləhətdir ki, səhər saat 10-a qədər, axşam isə saat 17:00-dan sonra dənizdə girilsin. Lakin, günorta saatlarında infraqırmızı şüalar bilavasitə dəri hüceyrələrinə öldürücü təsir göstərir və digər bədxassəli xəstəliklər meydana gələ bilər.

-Günəş vannasını çox qəbul etdikdə hansı fəsad yarnır?
-Əvvəlcə yanıq meydana gəlir. Daha sonra göynərti, qızartı və nəticədə suluqlar yaranır. Günəş vannası qəbul etməzdən öncə, günəş şüaları əleyhinə qoruyucu kremlərdən istifadə etmək lazımdır. Eyni zamanda qoruyucu eynəklərdə də taxılmalıdır ki, gözə ziyan olmasın.
Kremlər alarkən diqqətli olmaq lazımdır. Vaxtı keçən, sertifikatı olmayan kremlər insana zərərlidir. Biz sivil insanlarıq, hər şeyi gözübağlı almaq lazım deyil. Bir şeyi alanda onu yoxla, keyfiyyətini bil, sonra al. Belə olanda hansısa təhlükədən də uzaq olursan.

-Çox vaxt dəri xəstəliklərinin mənşəyi məlum olmur. Bunun üçün hansı müalicə üsulundan istifadə olunur.
-Dəri xəstəliklərinin müalicəsi mürəkkəbdir. Bir çox dəri xəstəliyinin səbəbləri məlum deyil. Buna baxmayaraq mütəxəssislər bu xəstəliklər üzrə güclü təsirə malik müalicə üsullarından istifadə edirlər. Bunları patogenik üsulla, yəni ki, həmin o əmələgəlici səbəblərə təsir edən preparatlardan istifadə edərək müalicə edirlər.
Çox vaxt hansısa simptoma qarşı müalicə üsulu seçilir. Sözsüz ki, xəstəliyin səbəbləri aydın olduqda müalicə üsulu da rahat tapılır. Səbəb məlum olmadıqda isə məcburi olaraq kompleks müalicə üsulundan istifadə edilir.

-Xəstəliyin müalicəsində təbii otlardan istifadə faydalıdırmı?
-Elə xəstəliklər var ki, təbii üsulla müalicə edilə bilir. Əsasən elə preparatlardan istifadə edilir ki, bitki mənşəli olsun. Lakin elə dəri xəstəliyi var ki, bitki mənşəli dərmanlar onlara təsir etmir. Misal olaraq, dərinin bədxassəli xəstəliyi, kallogenozları göstərmək olar. Heç bir bitki preparatı bu xəstəliklərin müalicəsinə kömək edə bilməz. Həyati əhəmiyyət daşıdığı üçün biz belə hallarda məcburi olaraq güclü dərmanlar veririk.

-Qədim zamanlarda hansı dəri xəstəlikləri müalicə olunub?
-Eradan əvvəl Hippokratın dövründə, daha sonra orta əsrlərdə İbn Sinanın dövründə çiban xəstlikləri müalicə olunub. Hətta o vaxtlar dəri xəstəlikləri üçün xüsusi kremləri onlar özləri hazırlayıblar.
Tibb sahəsində Tibet üsulu, Çin təbabəti var ki, lap qədimlərdə dəri xəstəliklərinin müalicəsi üzrə təcrübələr olub.

-Hazırda Azərbaycanda dəri xəstəliklərinə qarşı aparılan müalicənin keyfiyyəti sizi qane edirmi?
-Birinci növbədə xəstəliyin diaqnozunu dəqiqləşdirmək lazımdır ki, düzgün müalicə aparılsın. Bundan başqa həkim öz sahəsində hazır və savadlı olmalıdır. Xəstə ilə təmasda olan zaman öz təcrübəsi və savadı ilə bir növ xəstəyə dərmansız təsir etməyi bacarmalıdır.
Bu sahədə müəyyən çatışmazlıqlar olsa da, qeyd etməliyik ki, dəri xəstəliklərinin müalicə ilə məşğul olan həkimlərin bilik səviyyəsinin artırılması prosesi gedir. Gələcəkdə daha yüksək keyfiyyətin əldə olunacağına inanırıq.
Həkimlərimizə qarşı hörmətsizlik düzgün deyil. Bu dəqiqə Azərbaycanda həkimlərə qarşı hörmətsizlik var. Bizim həkimlər cəmiyyətin sifətidir. Hər yerdə həkimləri əllərində saxlayırlar. Bizim xalqımız qədirbilən xalqdır, amma həkimlərə daha çox etibar etməlidirlər.

-Daha çox hansı bölgələrdən müraciət olur?
-Bizə regionların hər yerindən müraciətlər olur. Cənub bölgəsindən və şimali qərb bölgəsindən isə belə xəstələr daha çox olur.

-Bəzi insanların müalicə üçün qonşu ölkələrə və Avropa ölkələrinə üz tutmasının səbəbi nədir? Bu həkimlərin təcrübəsizliyi ilə bağlıdır?
-Televiziyalarda bütün günü xaricdə müalicə ilə bağlı reklam aparırlar. O reklamları aparanlar “maşeniklərdir”. Nə savadı, nə də diplomu yoxdur, çıxıb televiziyada çıxış edir.

İndi Türkiyədən, İranda bizim nəyimiz əskikdir? Çox şeyləri onlar bizdən götürüblər. İndi isə əhali bizim həkimlərə inanmayıb üz tuturlar xaricə. Çoxunun savadı yoxdur, kim nə deyir ona inanırlar. Bizim çox savadlı həkimlərimiz var, sadəcə olaraq cəmiyyətimizdə bəzi inamsızlıq aradan qalxmalıdır.

F.Hacıyev
Publika.Az
Oxumağa davam et
Reklam
Reklam

Gündəm