Sehrli ilmələrin izi ilə - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Sehrli ilmələrin izi ilə - FOTOREPORTAJ

Xalça tədqiqatçısı ilə görüş

Bu günlərdə Azərbaycanın bir nömrəli xalçaçısı, tədqiqatçı professor Vidadi Muradovun və onun rəhbərlik etdiyi "Azər İlmə" MMC-nin qonağı olduq. Vidadi müəllimin fəaliyyəti ilə çoxdan tanışlığımız olsa da, onun Azərbaycan xalçalarına olan sevgisinin bir daha şahidi olduq. Vidadi müəllim Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği yolunda inanılmaz xidmətlərə imza atıb. Uzun illərdir ki, fəaliyyət göstərən "Azər İlmə" öz fəaliyyəti boyunca Azərbaycan xalçaçılıq tarixinə inanılmaz töhfələr verib. Professor Vidadi Muradov Azərbaycanın yeganə peşəkar xalçaçısıdır. O hesab edir ki, "Azərbaycanda yüzlərlə xalçaçı rəssamlar, xalça toxuyanlar, xalça satışı ilə məşğul olanlar var. Amma ölkədə yeganə peşəkar xalçaçı mənəm. Bütün fəaliyyətimi Azərbaycan xalçalarının təbliği, onun dünyada təbliği istiqamətində qurmuşam. Azərbaycan xalçaları ilə bağlı çap etdiyimiz jurnalları, kitabları, bukletləri dünyanın onlarla ölkəsinin elm ocaqlarına, muzeylərinə, sərgilərinə göndərmişik. Dünyanın müxtəlif ölkələrindən, elm ocaqlarından təşəkkür məktubları almışıq. Azərbaycan xalçaçılığı tarixində oxşar təbliğatla heç kəs məşğul olmayıb. Bütün dünya artıq Azərbaycan xalçasını tanıyır. Amma çox təəssüf edirəm ki, Azərbaycanın elm və mədəniyyət adamları bizim gördüyümüz işlərə biganədir. Dünyanın müxtəlif ölkələrindən aldığımız təşəkkür məktublarına baxmayaraq, ölkəmizdən heç kəs müəssisəmizə adicə telefon zəngi ilə də təşəkkür etməyib. Bütün bunlara baxmayaraq biz fəaliyyətimizi əvvəlki sevgi və istəklə davam etdiririk. Ümid edirik gördüyümüz işlər vətənimiz və millətimiz üçün çox faydalıdır"

Danışan ilmələr

Amma mütərəqqi addımlar bununla bitmir. "Azər İlmə"də Azərbaycan xalçalarının tanıdılması ilə bağlı müxtəlif dillərdə kitablar, broşurlar hazırlanır. Professor Vidadi Muradov xalçaçılığın çox etibarlı əllərdə olduğunu və günü-gündən inkişaf etdiyini deyir: "Bizdə Azərbaycan xalçalarının böyük bir kolleksiyası var. Bu xalçalar haqqında biz tədqiqat işləri aparırıq. Xalça haqqında hər şey bizim "Azər-İlmə" MMC tərəfindən tədqiq olunur. Xarici ölkələrdə olan Azərbaycan xalçaları haqqında məlumatları toplayırıq. Azərbaycanın xaricdə olan xalçalarının əksəriyyətinin kimlər tərəfindən qorunduğunu, kimlərin əlində olduğunu dəqiq bilirik. Onların öz adı ilə tanınması üçün əlimizdən gələni edirik. Kolleksionerlərdə, muzeylərdə olan və adları səhv yazılan xalçaların adlarının düzəldilməsi üçün fəaliyyət göstəririk."

Vidadi Muradov düşünür ki, Azərbaycan xalçasına hər zaman tələbat olub və olacaq. Çünki dünyada Azərbaycan xalçası öz brendini möhkəmləndirib. Tanınmış xalça tədqiqatçısı düşünür ki, əgər dünyada 10 məşhur xalçaçılıq məktəbi varsa, onlardan biri də Azərbaycan məktəbidir. Vidadi Muradov düşünür ki, Azərbaycan xalçalarının işlənməsi, ilmələrində, naxışlarında olan mənaların açılmasının vacibdir. Azərbaycanda bu sahədə mütəxəsis olmadığı üçün Vidadi Muradov qardaş Türkiyədən naxışları və ilmələrin hikmətini açmaq, onların verdiyi informasiyanı oxumaq üçün xüsusi mütəxəsis dəvət edib. O düşünür ki, Azərbaycanda hər xalçaçılıq qrupunun öz naxışları var. Azərbaycanda nə qədər xalça toxunursa bir o qədər də məktəb var. Xalça toxunan hər evi məktəb hesab etmək olar. Çünki hər evin öz texnologiyası, öz ilmə vurma qaydası, öz baxışı,

öz gözəlliyi var. Ən çətin proseslərdən biri də naxışların hazırlanması və onların xalçaya köçürülməsidir. Bu çox çətin prosesdir. Eyni ilməni Qarabağdakı xalça toxuyan başqa, Qubadakı xalça toxuyan başqa texnalogiya ilə toxuyur. Xalçanı qiymətli və əvəzsiz edən onun ilmələri, saplarındakı boyalardır. Çünki xalça qiymətli tarixi əsərdir və onun hər ilməsində zəngin və əvəzedilməz tarix yatır."

Azərbaycan xalçası xalça bazarında da özünəməxsus qiymətə satılır. Biz də şahid olduq ki, əllə toxunan xalçanın ərsəyə gəlməsi çox uzunmüddətli və gərgin prosesdir. Vidadi Muradov hesab edir ki, bu cür zəhmət hesabına başa gələn xalçanın ucuz satılması məntiqsizdir: "Əl əməyi ilə toxunan xalçanın ucuz olması mümkün deyil. Mən hesab edirəm ki, Azərbaycanın iqtisadiyyatı yüksəlir. Bu gün bizdə toxunan xalçalar xaricdən gətirilənlərdən çox bahadır. Ona görə ki, bizim xalçaların maliyyəti - rəngin toplanması, iplərin əyrilməsi, alınması boyanması və digər prosedurlar bahadır. Bizim xalçaların qiyməti nə qədər baha olsa da, xalçalarımıza hər zaman ciddi tələbat var." "Azər-İlmə" haqqında

Biz eyni zamanda "Azər-İlmə"nin xalça toxunan sexində olub xalça toxuyanların fəaliyyəti ilə tanış olduq. "Azər İlmə" dünyada yeganə şikətdir ki, şəhərin mərkəzdə yerləşir və bütün emal prosesləri eyni mərkəzdə həyata keçirilir. Xalçanın ipinin hazırlanması, onların təbii vasitələrlə boyanması və xalçanın toxunması, yuyulması eyni müəssisədə keçirilir. 1996-cı ildən fəaliyyətə başlayıb, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülüb.

"Azər-İlmə" MMC öz fəaliyyəti ilə dünya sivilizasiyasının maddi və mədəni sərvətlərinə əvəzsiz töhfələr vermiş Azərbaycan xalça sənəti ənənələrini yaşatmağı, inkişaf etdirirməyi və bütün dünyada satışı vasitəsi ilə təbliğini qarşısına məqsəd qoyub.

Unudulmaqda olan çeşnilərin bərpası; Yüksək keyfiyyətli xalçalar istehsal etmək; Bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının bədii ənənələrini gələcək nəsillərə çatdırmaq; Azərbaycan xalçasının dünya miqyasında ticarətini təşkil etməklə layiqli təbliğinə nail olmaq "Azər-İlmə"nin əsas məqsədləridir.

Qədim toxuculuq mərkəzləri hesab olunan Bakıda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda toxuculuq emalatxanaları olan bu müəssisə, əsrlər boyu formalaşmış milli ənənələri ən yüksək səviyyədə yaşadaraq Azərbaycanda və beynəlxalq aləmdə böyük nüfuz qazanıb. "Azər-İlmə" müəssisəsi tərəfindən toxunulan Azərbaycan xalçaları 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Atlanta, 1999-cu ildə Almaniyanın Hanover şəhərlərində 2003-cü ildə isə Moskvada keçirilmiş satış sərgilərdə müvəffəqiyyətlə iştirak etmişlər. Hazırda burda istehsal edilən xalçalar ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və dünyanın digər ölkələrində şəxsi kolleksiyaların və evlərin bəzəyinə çevrilib.

Müəssisə eyni zamanda elmi fəaliyyətlə də məşğul olub. "Azər-İlmə"də Azərbaycan xalça ənənələrini, tarixini tədqiq edərək bu sahədə fundamental elmi tədqiqat işləri aparılır. "Azər-İlmə" MMC-nin direktoru Professor Vidadi Muradov irimiqyaslı tədqiqat əsərləri olan "Azərbaycan xalçaları", "Azərbaycan xalçaları: Qarabağ qrupu", "Azərbaycan xalçaları: İrəvan qrupu" kitablarının müəllifidir. Xalçalar, naxışlar və

Azərbaycan xalça məktəbləri ətrafında tədqiqat işləri uğurla davam etdirilir. Baş redaktoru professor Vidadi Muradov olan "Azərbaycan xalçaları" rüblük jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınır.

"Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan xalçalarının tarixi şöhrətini böyük uğurla yaşadan, istehsal etdiyi yüksək keyfiyyətli məhsulları ilə Avropa bazarında xüsusi yer tutan müəssisə olaraq bir sıra milli və beynəlxalq mükafatlarla təltif edilib.

Biz də öz növbəmizdə, "Azər-İlmə" MMC-yə və onun direktoru professor Vidadi Muradova fəaliyyətində uğurlar arzulayır, Azərbaycan xalçalarının təbliği yönündə gördüyü işlərin ardıcıl olmasını arzulayırıq.

Cəlil CAVANŞİR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm