• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yataqxanadakı uçqunun səbəbi - sakinlər danışır - FOTOLAR

Yataqxanadakı uçqunun səbəbi - sakinlər danışır - FOTOLAR

Bakı Slavyan Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında döşəmə uçub, bir nəfər xəsarət alıb.

Biz də adıçəkilən binada olub, hadisənin təfərrüatı barədə yerindəcə məlumat almaq istədik. Hadisə yerinə çatanda həyətə toplaşmış sakinlərin hələ də hadisənin təsirindən çıxmadıqları aydın görünürdü. Binanın sakinləri ilə yanaşı tikinti aparan şirkətin əməkdaşları, yataqxananın komendantı Vüqar Piriyev və Slavyan Universitetinin rektoru Asif Hacıyev də orada idi.

Binada aparılan təmir işləri ilə maraqlanmaq üçün hadisə yerinə gələn rektor 20 ildən çoxdur tələbə yataqxanasında məcburi köçkünlərin məskunlaşdığını və binanın Qaçqınkomun nəzarətində olduğunu dedi.

Həyətə toplaşmış sakinlər ötən həftədən binanın ümumi istifadə olunan ərazilərində təmir işlərinin başlandığını, hadisənin də məhz təmir aparılan ərazidə baş verdiyini deyirlər.

Hadisənin necə baş verməsinə gəldikdə, məlum oldu ki, məcburi köçkün Emin Ələkbərov qızının təmir aparılan mətbəxə keçdiyini düşünüb onun arxasınca gedib. Döşəmənin uçması nəticəsində üçüncü mərtəbəyə düşüb.

Hadisə nəticəsində xəsarət alan E.Ələkbərov hazırda evdədir. İki övladı da eşitmə qüsurlu olan Emin ailədə işləyən yeganə şəxsdir. İndi o, azı 15 gün yataq rejimində qalmalıdır.

E.Ələkbərov hadisənin ehtiyatsızlıqdan olduğunu deyir.

“Qızımın qulağı yaxşı eşitmir və danışa bilmir, otaqdan qaçaraq çıxdı, elə hiss elədim ki, mətbəxə girdi. Çağırsam da, səs verə bilməz, ona görə mətbəxə girmədən orda olduğunu bilməzdim. Qaranlıq idi, təmirə görə mətbəxin pəncərələrini söküblər, qorxdum ki, uşaq oradan yıxılar. İçəri girən kimi yer uçdu, aşağı düşdüm. Ayağımda çıxıq var, ciyərim zədələnib, başıma tikiş qoyulub”.

İndi Emin bəyi aldığı xəsarətdən daha çox ailənin bundan sonrakı günlərdəki yaşayış xərcləri düşündürür:

“Uşaqların heç biri danışmır, ayda 300 manat onların həkim puludur. Alverlə məşğulam, indi azı 15 gün işləməyəcəm. Başıma gələn bir tərəfə, məni narahat edən uşaqların ehtiyacıdır. Onların müalicə xərci, dolanması var, necə olacaq bilmirəm?”

Bu zaman otaqdakı sakinlər binanın qəzalı vəziyyətdə olduğunu deyirlər. Yəni onlar da E.Ələkbərovun başına gələn hadisədən sığortalanmayıb. Elə dəhlizdə gəzərkən ayağımızın altında “oynayan” taxta döşəmə, hörümçək torunu xatırladan elektrik xətləri, otaqların hər an uçmaq təhlükəsi olan tavanı, sıradan çıxmış su, kanalizasiya xətləri də sakinlərin narahatlığını sübut edir.

“KamAZ keçəndə otaqlar silkələnir. Burda yaşamağımız təhlükəlidir. İndi gəlib təmir edirlər, nəyimizə lazımdı bu təmir? Bundan əvvəl təmir edəndə kanalizasiya xətlərini plastmas borulardan çəkmişdilər, onlar da tez-tez deşilir. İndi də yenə təmir edirlər, görək bunun axırı necə olacaq”,-deyə binanın sakinləri şikayətlənirlər.

Xəsarət alan E.Ələkbərovun qayınanası Ədibə Ələsgərova təmir aparılan yerlərə mühafizə üçün adi lent vurulmasının doğru olmadığını deyir:

“Böyüklər başa düşür ki, lent vurulan əraziyə keçmək olmaz. Amma uşağa bunu necə başa salasan, gərək elə edəydilər ki, uşaqlar keçə bilməsin. Hadisə baş verənə qədər təmir işi aparılan yerlərin qabağına adi lent vurulmuşdu, bir də stol qoyulmuşdu. İndi gördüyünüz taxtalar sonradan vurulub”.

Sakinlərin sözlərinə görə, bu, binada ilk hadisə deyil. Təmirdən əvvəl ikinci mərtəbədə mətbəxdə döşəmə uçmuşdu.

Binada təmir aparan işçilər bizimlə söhbətdə bildirdilər ki, sakinlər hamamda paltar, palaz yuyur, kalanizasiya sistemi yaxşı işləmədiyindən betonu sıradan çıxarır.

Onlar ümumi istifadə olan yerlərdəki problemlərin həll ediləcəyinə söz verdilər:

“Beton məhv olub, ona görə də ümumi istifadə olan yerlərin döşəməsi söküləcək. Yenidən monolit beton töküləcək və istifadəyə yararlı hala salınacaq. Bu işlər bir neçə günə başlanacaq. Elektrik xətləri də standartlara uyğun dəyişdiriləcək”.

Aparılan təmir işləri və sakinlərin iradları barədə işə rəhbərlik edən iş icraçısından məlumat almaq istədik. Adını təqdim etməyən həmin şəxs bildirdi ki, Dövlət Sosial İnkişaf Fondunun sifarişi ilə başlanan təmir işləri Sumqayıt Tikinti İdarəsi tərəfindən aparılır. Çəkilişdən xeyli narahat olan iş icraçısı hadisənin baş verməsində onların məsuliyyət daşımadığını, vətəndaşın ehtiyatsız davrandığını dedi. Əvvəldən təmir aparılan yerlərə taxta vurulmaması ilə razılaşmadı.

P.S. Özü məlumat vermək istəməsə də, sakinlərlə söhbətimizin detalları barədə bizi sorğu-suala tutdu.

Bizi gedəcəyimiz yerə qədər aparmaq, “sizinlə başqa cür danışmaq” istəyirəm deyərkən isə niyyətini açıqca göstərmiş oldu. Bu cür davranışı ilə iş icraçısı hadisədə məsuliyyət daşımasını və sakinlərin iradlarının haqlı olduğunu dolayısı ilə sübut etmiş oldu.

Əks halda, günahı yoxdursa, açıq danışmaqdan nə üçün çəkinsin?

Gülxar

FOTOLAR Elçin Muradındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR