Azərbaycandakı erməni ailəni heç bir ölkə qəbul etmək istəmir
Bizi izləyin

Qırmızı.az

Azərbaycandakı erməni ailəni heç bir ölkə qəbul etmək istəmir

"Azərbaycanda saxlanılan erməni ailəni qəbul etmək istəyən hansısa ölkə yoxdur". Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında bildirib.

İşçi Qrupun rəhbəri deyib ki, Gevorkyan Yeqişe Petroviç və onun ailəsi - həyat yoldaşı və üç övladı Azərbaycan sərhədlərini pozaraq buraya gəliblər. Amma Azərbaycan onlarla beynəlxalq humanitar hüquq normaları çərçivəsində davranıb. Bu insanlar öz ölkəsindən baş götürüb qaçmaq istəklərini elə ilk andan bildirdiklərinə görə, Azərbaycan onları artıq 5 ilə yaxındır qaçqın kimi saxlayır.

F.Sadıqov qeyd edib ki, hazırda onların 3-cü ölkəyə verilməsi ilə BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığının Azərbaycan nümayəndəliyi məşğul olur: "Lakin hələlik erməni ailəyə yiyə durmaq durmaq istəyən ölkə yoxdur. Bircə onu deyə bilərəm ki, onları qəbul edə biləcək bir ölkə hələlik tapılmayıb. Çünki xarici dövlətlərin bəziləri emiqrant qəbul etmək üçün kvota müəyyən ediblər. Yəni hər dövlət öz istədiyi adamı qəbul edir. Erməni ailəni isə hələlik qəbul etmək istəyən hansısa ölkə yoxdur”.

Onun sözlərinə görə, əgər erməni ailə başqa dövlətin vətəndaşları olsaydılar, Azərbaycan dövləti şübhəsiz ki, onlara bu qədər dözməzdi və deportasiya edərdi: “Amma indi Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın humanizm prinsiplərinə riayət etməsi yol vermir ki, onlar Ermənistan sərhədinə buraxılsın”.

Qeyd edək ki, Gevorkyan Yeqişe Petroviç və onun ailəsi - həyat yoldaşı və üç övladı 2010-cu il yanvarın 10-da Azərbaycan Respublikasına könüllü gəliblər. Y.Gevorkyan ailəsi ilə birlikdə öz avtomobilində Yerasx-Naxçıvan sərhədini keçərək Azərbaycan tərəfinə gəlib və sığınacaq istəyib. O bildirib ki, dözülməz həyat şəraiti onu Ermənistanı tərk etməyə məcbur edib. O, üçüncü ölkəyə göndərilməsini xahiş edib.


Trend-in əldə etdiyi məlumata görə, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, istəyinə nail ola bilmədiklərini görən Gevorkyanlar artıq vətənləri Ermənistana qayıtmaq qərarına gəldiklərini bəyan ediblər. Y.Gevorkyanın hazırda əsas istəyi Ermənistana dönmək, dönəndən sonra təqiblərə məruz qalmamaq, övladlarının erməni dilində təhsil almaları və normal şəraitdə yaşamalarına nail olmaqdır.


Bununla bağlı Gevorkyanlar ailəsi artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) bir neçə dəfə müraciət ediblər. Lakin onların bu istəyini rəsmi Yerevana çatdıran BQXK-ya isə “yox!” cavabı verilib.


Ermənistan tərəfi Y.Gevorkyanın ağır cinayətlərə görə 8 dəfə məhkum olunduğunu və cəzadan gizlənməyə çalışdığını bildirir. Nəticədə Ermənistan hökumətinin öz vətəndaşlarının taleyinə biganəliyi və beynəlxalq təşkilatlara hörmətsizliyi ucbatından isə problem hələ də açıq və həll olunmamış qalır. Artıq 4 il 10 aydan çoxdur Ermənistan vətəndaşları olan 5 nəfərlik ailəyə müvəqqəti sıınacaq vermiş və hərtərəfli qayğı ilə əhatə etmiş Azərbaycan dövlətinin onlara bundan sonra nə vaxta kimi yiyə duracağı isə bəlli deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm