Hər il 5 milyon can alan, insan ömrünü 10-15 il qısaldan xəstəlik
Bizi izləyin

Qırmızı.az

Hər il 5 milyon can alan, insan ömrünü 10-15 il qısaldan xəstəlik

“Mənim 9 yaşım var, şəkər xəstəsiyəm. Sağalmağım üçün hər gün iynə vururlar. İynələr çox ağrıdır, pompa qoyacaqlar, onda daha yaxşı olacaq. Bacım mənim kimi deyil, o istədiyini yeyir, ona iynə vurulmur. Amma mən qənd, şokolad yeyə bilmirəm, şirin sular içmirəm. Çünki həkimlər qoymur”.

Bunu 4 yaşından şəkər xəstəliyindən əziyyət çəkən, yaşıdlarından fərqli olaraq bir çox yeməklərdən məhrum qalan Xədicə Babayeva deyir.

Həkim olmaq istəyir balaca müsahibim. Çünki heç bir uşağın xəstə olmağını istəmir.

“Uşaq həkimi olacam, uşaqlara yaxşı baxacam. Heç bir uşaq xəstələnməyəcək, heç kimə iynə vurulmayacam”.

Dünyada hər 10 saniyədə iki nəfərdə şəkərli diabetin aşkarlanması və 1 nəfərin bu xəstəlikdən ölməsi xəstəliyin nə qədər ciddi olmasından xəbər verir.

Bu baxımdan balaca Xədicənin necə ağır bir xəstəliklə mübarizə apardığı daha yaxşı anlaşılır.

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu dəfə hər il dünyada 5 milyon can alan şəkərli diabet xəstəliyini araşdıracağıq.

Mütəxəssislərin sözlərinə görə, xəstəliyin müalicəsi, profilaktikası ilə bağlı işlər görülsə də, xəstələrin sayının ildən-ilə artması da bir reallıqdır.

2013-cü ildə ölkədə 197547 diabet xəstəsi olub, onların 49.4%-i kişi, 50.6%-i qadındır. Statistik məlumatlar göstərir ki, ötən il ilk dəfə diabet xəstəsi kimi 1001 uşağa diaqnoz qoyulub, onların 549-u oğlan, 452-si qızıdır. Uşaqlar arasında 1-ci tip diabet - yəni insulindən asılı olanlar üstünlük təşkil edir.

2012-ci ilin məlumatına görə, ölkə ərazisində müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin ümumi sayı 153 506 nəfərdir, onların 27588-i insulindən asılıdır.

Xəstələrin insulin və digər dərmanlarla təminatı dövlət tərəfindən pulsuz həyata keçirilsə də, bu sahədə boşluqlar qalmaqdadır. Ölkədə “2011-2015-ci illər üzrə şəkərli diabet üzrə Tədbirlər Proqramı”na nəzər saldıqda ayrılan vəsaitin bu sahədə ehtiyacların tam qarşılanması üçün yetərli olmadığı görünür. Bundan başqa, eyniadlı insulinin qiymətlərində paytaxtla rayonlar arasında kəskin fərqlər var. Bölgələrdə diabet xəstələri üçün ayrılan vəsait ehtiyacın 50-70%-i ödəmək imkanındadır. Bu da vəsait ayrılarkən, ehtiyacların düzgün nəzərə alınmadığını göstərir.

Xəstələrin sayını 70% azaltmaq olar, əgər...

Vəsaitin yetərli olmaması xəstələrin sayının azalmasında əsas mane hesab edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2035-ci ilə qədər bu xəstəliklə mübarizəyə 150 mln dollar vəsait ayrılsa, xəstələrin sayını 70%-ə qədər azaltmaq olar. İndiki halda isə diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir. Dünyada üç yüz əlli milyon insan diabetdən əziyyət çəkir. Onların 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. Əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstəliyin hər il bir az daha artmasına səbəb olur.

Diabet xəstəliyi vaxtında aşkarlanıb müalicə edilməzsə, sonradan sağlamlıqla bağlı ciddi narahatlıqlar yarada bilər. Hər il üç milyondan çox diabet xəstəsi ürəktutma, iflic və böyrək çatışmazlığı kimi problemlər səbəbindən dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, diabetlə bağlı ölüm halları 2030-cu ilə qədər üçdə iki dəfə artacaq.

Bu xəstəliyə tutulmanın əsas səbəbi irsi faktor, qeyri-normal həyat tərzi, artıq çəki, siqaret çəkmək, içki içməkdir. Bu baxımdan şəkərli diabet aşkarlanan şəxslər vaxtaşırı həkim nəzarətində olmalıdır, düzgün həyat tərzi keçirməlidir. Şəkərli diabetin xəstəlik yox, həyat tərzi olması da təsadüfi seçilmiş ifadə deyil.

Həkimlərin sözlərinə görə, şəkərli diabet bütün damarları zədələyir, bu da beyində, ürəkdə, böyrəkdə xəstəliyə səbəb olur.

400 milyon xəstə

Həkim–endokrinoloq Yeganə Sultanovanın sözlərinə görə, 25 il bundan əvvəl 30 milyon şəkərli diabet xəstəsi var idisə, bu il onların sayı 400 milyona çatıb. Buna görə də, ÜST tərəfindən bu xəstəlik qeyri-infeksion epidemiya kimi dəyərləndirilir. Hər il 7 milyon insanda bu xəstəlik aşkarlanır, 5 milyon insan ölür. Hər il 70 min uşaqda birinci tip şəkərli diabet aşkar edilir.

“Hər il diabet xəstələri üçün dünyada 550 milyona qədər səhiyyə xərci müəyyən edilib. Xəstəliyin ən çox yayıldığı ölkələr bu xəstəliyin müalicəsində ən az xərclər ayıranlardır. Dövlət səhiyyə xərclərinə kifayət qədər vəsait ayırsa, ölüm halı azalar. Hazırda bu sahəyə ən çox vəsait ayıran ölkələr ABŞ, İsrail, ən az vəsait ayıran Hindistan, Çindir”.

Y.Sultanovanın sözlərinə görə, qanda qlükozlaşmış hemoqlobinin miqdarının normadan 1% artıq olması, bir nəfər üçün 378 dollar əlavə xərc deməkdir. Fəsadlar artdıqca, tələb olunan vəsait də artır:

“2005-ci ilə qədər Azərbaycan yayılma şəkərli diabet xəstəliyinin dərəcəsinə görə aşağı yerdə dururdu. Buna səbəb insanların az məlumatlı olması və müraciətlərin az olmasıdır. Lakin son illərdə bu rəqəm artıb. 2005-ci ilə qədər xəstəlikdən ölüm sayına görə, MDB ölkələri arasında Azərbaycan birinci yerdə idi. 2011-ci ildə ölüm sayı 709 nəfər olub. Bu sahəyə nə qədər çox maliyyə ayrılarsa, xəstəlik və ölüm hallarının qarşısı daha tez alınar. Ayrılan maliyyə qədər, onun səmərəli istifadə edilməsi də vacibdir. Növbəti ildən mərkəzləşmiş formada dərman təminatı həyata keçiriləcək ki, bu da xəstəliklə bağlı atılmış önəmli addımlardan biri olacaq”.

Infarkt riski 2-3 dəfə artıqdır

Respublika Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov da ölkəmizdə bu xəstələrin sayında artım müşahidə olunduğunu təsdiqləyir. Onun sözlərinə görə, qeydiyyatda olanlar bir tərəfə, olmayanların sayı daha çoxdur.

“Dünyada 380 milyona yaxın insan bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda da bu rəqəm ildən-ilə artır. Ötən ilin məlumatına görə, 197 min xəstə var idisə, bu ilin sonuna 250 mindən çox xəstə gözləyirik. Bu, hələ qeydiyyatda olanlardır. Qeydiyyatda olmayanların sayı bundan daha çoxdur. Bu baxımdan ölkədə diabetli xəstələrin sayı 400-500 min nəfərdir”.

Xəstələrin müvafiq dərman və iynələrlə təminatına gəldikdə, R.Cabbarov bu sahədə problem olmadığını deyir:

“Şəkərli diabet xəstələrinin müalicəsində əsas yük dövlətin üzərinə düşür. Çünki bu xəstələrin müalicə xərcləri dövlət tərəfindən təmin edilir, bütün dərman, iynələr pulsuz verilir. Lakin aparıcı ölkələr kimi bizdə də xəstəliyin qarşısının alınması ilə bağlı həyəcan təbili çalınır. İki tip şəkərli diabet xəstəliyi var, ölkəmizdə xəstələrin 90-95% -i ikinci tip diabetdən əziyyət çəkir. Bu baxımdan biz də daha çox ikinci tip xəstələrin müalicəsi ilə bağlı işlər görülür”.

Xəstəliyin müalicəsinə toxunan baş həkim bu məsələdə həkimdən daha çox xəstənin məsuliyyət daşıdığını bildirib:

“Şəkərin artması korluq, infarkt, insult, böyrək çatışmazlığına səbəb olur. Lakin insanlar bilməlidir ki, xəstəliyin müalicəsinin 95%-i xəstədən asılıdır. Bunun üçün də insanların maarifləndirilməsi vacibdir. Bu məqsədlə də, ölkədə diabet məktəblərinin sayını artırmaq istəyirik. Bu məktəblərdə uşaqlar xəstəlik barədə maarifləndirilir, hansı qidaları yeyə bilmələri izah edilir. Şəkərli diabet xəstələrində infarkt riski 2-3 dəfə artıq olur. Düzgün müalicə edilməsindən asılı olaraq, xəstəlik insan ömrünü 10-15 il qısaldır”.

R.Cabbarovun sözlərinə görə, uşaqlar bu xəstəliyi böyüklərə nisbətən ağır keçirir. Buna görə də, dövlət tərəfindən xüsusi pompalar alınıb ki, insulin avtomatik olaraq bədənə vurulur.

“Bu da şəkərin qeyri-sabit olmasının qarşısını alacaq. Bu pompalar ucuz deyil və pulsuz verilir. Həmin pompalar müvafiq doza insulinlə təmin edilir. Gün ərzində bədənin ehtiyacı olan insulin həmin pompalardan bədənə ötürülür.

Xəstəliyin daha rahat keçirilməsi üçün xəstə həkimin nəzarəti altında olmalı, sağlam qidalanmalıdır. Lakin bəzən insanlar istədiyi hər şeyi yeməklə riskləri artırır”.

Insulindən daha vacib nədir?

Millət vəkili Hadı Rəcəblinin sözlərinə görə, bu sahəyə ayrılan vəsait ölümün və əlilliyin qarşısını alıb. Buna görə də, bu istiqamətdə vəsaitin həcminin artırılması, dövləti daha böyük xərclərdən xilas edir.

“Gələn il diabetlə mübarizə, müalicə xərcləri üçün 36 milyon vəsait ayrılıb. Müzakirələr zamanı bu rəqəmin daha çox olmasını təklif etmişdim. Ola bilər ki, il ərzində müəyyən əlavələr də ayrılsın”.

H.Rəcəbli hesab edir ki, xəstələr üçün sanator-kurort mərkəzlərinin yaradılması son dərəcə vacibdir.

“Yeddi ildir bu məsələ müzakirə edilir, lakin istənilən nəticə əldə edilməyib. Bu mərkəzlərdə qalan xəstələr həyat tərzini öyrənirlər. Burada xəstələrə keçilən dərslər keçilir ki, bu da onların sonrakı dövlərdə həyatlarını necə davam etdirmələrinə istiqamət verir. Hesab edirəm ki, xəstəliyin müalicəsində insulindən daha çox, məhz sanator-kurort mərkəzlərinin sayının artırılması mühüm rol oynayır. Səhiyyə orqanları, özəl təşkilatlar, həmkarlar təşkilatı, müvafiq təşkilatlar bu sahəyə diqqət ayırmalıdır. Çünki 12 gün bu mərkəzdə qalanların şəkəri 3 dəfə azalır. Ölkədəki resursları daha səmərəli yönəltmək, ictimaiyyətin diqqətini cəlb etməklə bu epidemiyanın qarşısını ala bilərik”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm