Padşahların piyada getdiyi məkandan REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Padşahların piyada getdiyi məkandan REPORTAJ

- Bağışlayın, xanım, yaxınlıqda harada tualet var?

- Məncə, buralarda yoxdur. “Elmlər Akademiyası” metrosunun yanında var.

Amma burdan ora getməyin, yaxınlıqdakı mağazalardan birinə yaxınlaşın, bəlkə, razı oldular.

Bunu “Nizami” metrostansiyası yaxınlığında ictimai tualet axtararkən küçədə qarşılaşdığımız bir qadın deyir. Lakin onun məsləhətini bir kənara qoyub metro ətrafında axtarışa davam edirik. Həqiqətən də, ictimai tualet tapmırıq. Sonda isə utana-utana mağazalardan birinə yaxınlaşmalı olduruq.

Amma hər dəfə insanların təbii ehtiyaclarına görə mağaza, kafelərə müraciət etməsi düzgün deyil. Kiçik bir sorğu zamanı bəlli oldu ki, ictimai tualet çatışmazlığı paytaxt sakinlərini narahat edir. Bu narahatlığı və yaşadığımız təcrübəni əsas tutub paytaxtdakı ictimai tualetlərdəki vəziyyəti araşdırdıq.

Tualeti çıraqla da tapa bilməzsiniz

Xalq arasında “padşah piyada gedən yer” kimi tanınan bu məkanların adını doğrultmadığı gerçəklikdir.

Paytaxtda küçədə gəzərkən böyrəklərin yarıyolda qoymasından Allah hər kəsi qorusun. Yazı boyunca bu duamıza hamınız amin deyəcəksiniz.

Metronun “İçərişəhər”, “Nizami”, “Koroğlu”, “Neftçilər” kimi stansiyalarında tualeti çıraqla gəzsəniz də, tapa bilməzsiniz. Həmçinin paytaxtdakı bəzi parkların da ərazisi tualet xidmətindən məhrumdur. Fəvvarələr meydanında ictimai tualet yoxdur, orada istirahət edənlər də əsasən bulvar ərazisinə getməli olur.

Əslində metrostansiyaların yaxınlığında tualet olmamasını sakinlər son bir ildə daha çox hiss edirlər. Çünki təxminən yarım il əvvələ qədər insanlar, əsasən, metrostansiyaların tualetlərinin xidmətindən yararlanırdılar. “Bakı Metropoliteni”nin yeni rəhbərliyinin qərarı ilə insanlar bu xidmətdən də məhrum oldu. İndi insanlar bu ehtiyaclarını qarşılamaq üçün paytaxtın nadir tualetlərinə getməyə bir neçə kilometr yol qət eləməli olurlar.

Çox zaman qarşılaşdıqları mənzərə onları bu istəklərindən vaz keçməyə məcbur edir. Çünki paytaxtdakı ictimai tualet deyəndə ilk ağıla gələn ərimiş sabun qırıntıları, boş butulkalar, istifadə edilmiş qəzet-kitab parçalarının yerdəki qalıqları, su qıtlığı və s olur. Ağlımıza gələnləri bir də görməmək üçün çox zaman kilometrlərlə yolu qət etməkdənsə, böyrəklərimizin ağrılarına dözməli oluruq.

“Cibimdən pul qoyub sabun almayacam ki”

Məsələn, “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı tualetdə olduğu kimi. Hüseyn Cavid parkı ərazisində yerləşən tualet yalnız kanalizasiya və su xətləri çəkilmiş otaqdan ibarətdir desək yanılmarıq. Bizi qapıda qarşılayan nəzarətçi qadın pulu çıxanda ödəyərsiniz deyib, içəri dəvət edir. Amma içəri girməklə çıxmağımız 2 dəqiqə çəkmir. Yəqin, səbəbin nə olduğunu təxmin etdiniz. Ən azından əlimizi yumaq üçün su və sabun tapacağımızı ümid edirik ki, bu arzumuza da çata bilmirik. Çünki tualetdə sulu sabunların yalnız boş qabları var. Onun yanında isə keyfiyyəti və əlimizi təmizləyəcəyi xeyli şübhə doğuran sabunlar qoyulub. Ən azı təmiz su tapa biləcəyimizi düşünüb kranı açırıq, lakin bütün cəhdlərimizə baxmayaraq su gəlmir. Bir az səbir edib bütün kranları yoxlayırıq, nəhayət, əlimizə su dəyir. İndi çətinliklə yuduğumuz əlimizi qurulamaq istəyirik. Məlum olur ki, divara vurulmuş hava ilə işləyən qurğular ömrünü çoxdan başa vurub. Bu cür “xidmətdən” sonra pul ödəmək istəməsək də, xala gülərüzlə qabağımızı kəsir və “20 qəpik” deyir. İçəridə gördüklərimiz barədə şikayətimizin heç bir mənası olmur. Xala bu cür sözləri çox eşidib və cavabı birmənalıdır “mənə nə verirlər, onu da qoyuram, cibimdən pul qoyub sabun almayacam ki”.

“Bu pulların kimə çatdığını bilmirəm”

Amma insafən deməliyik ki, paytaxtda babat təmizliyi, şampunu, salfeti, hətta havanı təravətləndirmək üçün müxtəlif vasitələrə malik ayaqyolular da fəaliyyət göstərir. Di gəl ki onların sayı əlimizdəki barmaqlardan daha azdır.

Daha yaxşılarını görmək ümidi ilə yolumuza davam edirik. Növbəti dayanacağımız “28 may” metrostansiyası yaxınlığındakı keçid olur. Tualetin girişində dayanmış qadın əvvəlcə 20 qəpik ödəməyimizi tələb edir. Burada vəziyyət nisbətən yaxşıdır, ən azı içəridə burnumuzu tutmadan durmaq olar. Lakin yaradılmış şəraitin yüksək səviyyədə olduğunu deyə bilmərik. Burada əlimizi yumaq üçün sulu sabun tapırıq, amma qurutmaq cəhdimiz yenə də alınmır. Girişdə pul verdiyimiz qadın içəridə deyinə-deyinə təmizliklə məşğul olur. Onun bu narazılığından istifadə edib, söhbətə başlayırıq. Məlum olur ki, tualetə sabun, salfetlər, hava təravətləndirən vasitələr hamısı gün ərzində toplanan 20 qəpiklər hesabına alınır. İstifadəçilərin çox olduğunu deyən müsahibimin, gün ərzində təmizlik və kassa xidmətinin qarşılığında 10 manat qazanır.

“Hər gün səhərdən axşama qədər burdayam. Aldığım pul da pul ola. Bütün günü kiminsə zibillərini təmizləmək çox çətindir. İnsanlarımız çox natəmizdir. Çox vaxt suyu belə axıtmırlar. Məcburam hər dəfə adamlar gedəndən sonra içərini təmizləyim. Burda işləyəndən günorta yemək yeməyi tərgitmişəm. Necə yeyim axı? Əl qurutmaq üçün aparat quraşdırmışdılar, amma bəzi qadınlar tezdən gəlib burda saçlarını yuyub-qurudurdular, ona görə də müdir də açıb qoydu yerə. Ürəyim xəstədi deyə başqa işlərə gedə bilmirəm. Bütün günü betonun üstündə oturmaq da xəstəlikdir”.

Söhbətimiz zamanı yığılan pulların hara getdiyini öyrənmək üçün müdirin kimliyi ilə maraqlanırıq. Lakin o, bu məsələdən xəbərsiz olduğunu deyir:

“Mən ancaq müdiri tanıyıram, o da hər gün gəlib nəyə ehtiyac olması ilə maraqlanır, bir də pulları götürür. Gün ərzində mənə kənardan nəzarət edir. Amma bu pulların kimə çatdığını bilmirəm”.

Qəpik fərqi hiss edilir

Hələ də paytaxtda normal tualet tapmaq ümidi ilə axtarışa davam edirik. Nəhayət, bulvar ərazisinə çatırıq. Bulvardakı tualetlərin durumu əvvəlkindən yer-göy qədər fərqlənir. Bu fərq həm təmizlik, həm də qiymətdə özünü göstərir.

İlk qarşımıza çıxan tualetin qapısında “Giriş haqqı 40 qəpik” sözlərini oxuyan adam ayaqyoluna üz tutmağa məcbur edən məsələni də tamam yaddan çıxara bilər. Qapıda oturub, giriş haqlarını qəbul edənlər istifadə üçün 40 qəpik ödənilməsini burdakı müasir infrastruktur ilə əlaqələndirir. İçəri girməsək də, elə qapıdan boylanıb içəridəki vəziyyəti görə bildik. Həqiqətən də, burda təmizlik hökm sürür. Amma 40 qəpiyimizdən keçmək haqqında düşünmək belə istəmirdik. Daha ucuz ayaqyolu tapmaq arzusu ilə bütün bulvarı dolaşdıq. Nəhayət, 10 qəpik daha ucuzunu tapa bildik. Biçarə halda bura daxil oluruq. Burada da vəziyyət 40 qəpiklikdən fərqlənmir. Tualetdəki təmizlik 5 ulduzlu otellərdəkindən daha yaxşıdır deyə bilərik.

Tualetlər arasındakı 10, 20 qəpik fərqi hiss etməmək mümkün deyil. Burada qiymətin yüksək olmasını isə bulvar rəsmiləri çəkilən xərclərlə əlaqələndirir.

Araşdırmamızdan məlum oldu ki, hazırkı durumda paytaxtda ayaqyolu ehtiyacı olanlar əsasən bu istəklərindən əl çəkməli olurlar. Lakin bu şəraitsizliyin əsas səbəbi nəzarətin zəif olmasıdır. Çox yeyib-içən xalq olduğumuzdan insanların bu məkanlara tez-tez üz tutması reallıqdır. Hər istifadəçinin ödədiyi 20 qəpik günün sonunda neçə yüz manata çevrilir deyə bilmərik, amma ən azından normal xidmət yaratmaq üçün yetərli olduğuna əminik.

Dünyanın bir sıra ölkələrində bizdən fərqli olaraq ictimai tualetlərin saxlanması üçün xərcləri meriya ödəyir. Bizdə Bakı Şəhər İcra Hakimiyyətinin məsələyə nə qədər cavabdeh olduğunu öyrənmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.

Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova əvvəlcə bizi mənzil kommunal təsərrüfat xidmətinə yönləndirsə də, onların bu məsələdə cavabdeh olmadığını öyrəndik. Nailə xanım məsələni araşdırıb bizə məlumat verəcəyini dedi.

Paytaxtdakı vəziyyət ürəkaçan olmasa da, ən azı yol üstü mağaza tapmaq olur. Vay o gündən ki, bölgələrə gedərkən yolunuz bu məkanlara düşməli olsun. Mənzil başına çatana qədər dözmək mümkün olmadığından əslində bir dəfə də olsa, məlum yerlərə baş çəkməli oluruq. Nəinki sabun, hava təmizləyən vasitələr, su tapsanız, sevinərsiniz.

Tualet günü

Sonda qeyd edək ki, bu gün Beynəlxalq Tualet Günüdür. Bununla bağlı BMT Baş Assambleyası qətnamə qəbul edib. Baş Assambleya üzvləri təəssüf hissi ilə qeyd ediblər ki, bu gün 2,5 milyard insan hələ də sanitariya sahəsinin əsas xidmətlərindən istifadə etmək hüququndan məhrumdur. Qətnamədə bütün üzv dövlətlər bu sahədə müvafiq addımlar atmağa çağırılıb.

Baş Assambleya üzvləri vurğulayıblar ki, sanitariya sahəsində xidmətlərin mövcud olmaması insanların sağlamlığına təsir edir, yoxsulluq səviyyəsinin azaldılması və sosial-iqtisadi inkişafı sahəsində səylərin nəticələrini azaldır: “2000-ci ildə keçirilən Minilliyin Sammitində 2015-ci ilə qədər təmiz suya və əsas sanitariya xidmətlərinə çıxışı olmayan insanların sayını ikiqat azaltmaq hədəfi qoyulub. Bu istiqamətdə ciddi addımlar atılıb, lakin bu gün 2,5 milyard insan hələ də bundan məhrumdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm