Əməkdar jurnalist: “Ərim ətçəkən maşında əlimi çəkəcəkdi” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Əməkdar jurnalist: “Ərim ətçəkən maşında əlimi çəkəcəkdi” - FOTOLAR

“Ərim məni o qədər döyürdü ki, üzümün qanını silməyə halım olmurdu. Amma ondan ayrılmağı ağlıma gətirmirdim. O isə məni atdı, uşaqlarımı da əlimdən aldı”.

Söhbətimizə bu sözlərlə başlayır Tahirə Yusifova . Qəhrəmanımın 64 yaşı var, günlərlə küçədə qalıb, binaların bloklarına sığınıb. Sonra ona Azərbaycan Uşaq Birliyinin uşaq sığınacağında yer veriblər.

20 ildən çox iş təcrübəsi, əməkdar jurnalist adı, iki övladı, imkanlı qohumları var. Amma nə yaşamağa evi var, nə də qocalar evinə qəbul edirlər.

“Uşaqlar başımı qatır, danışıb-gülürəm, hamı elə bilir xoşbəxtəm. Amma heç kim ürəyimi bilmir. Günahın hamısı yoldaşımda oldu. Anam da günahkardır, məni qoymadı oxuyum” deyə sözlərinə davam edir.

Həyat yoldaşının onun başına çox müsibətlər açdığını deyir, amma qırıq-qırıq cümlələrdən heç nə başa düşmürük. Daha əvvəldən başlamasını istəyirik. Lap elə toyundan.

Öyrənirik ki, Tahirə xanım ya incəsənət sahəsində oxumaq, ya da tərcüməçi olmaq istəyib. Dediyinə görə, orta məktəbi əla qiymətlərlə oxuyub. Amma ailəsinin ali məktəblə bağlı qəti qadağası olub.

“Bəlkə də, yaxşı tərcüməçi olmayacaqdım, amma indiki kimi “kaş olardım”, “tərcüməçi olsam, necə olardım?” kimi düşünməzdim” deyir müsahibim.

Mənim 17, evləndiyim oğlanın 32 yaşı var idi.

Ailəsi oxumağına razı olmasa da, ilk gələn elçiyə “hə” deyirlər. Amma qızın razı olmaması ailəni bu istəyindən vaz keçirir.

“O qədər çox elçilər gəlirdi ki, mən yox dedikcə, anamgil əsəbiləşirdi. Ailəm oxumağıma razı deyildi, bir tərəfdən də həmin şəxslərin məni qaçırmasından qorxurdum. Qorxurdum ki, anamın ali məktəb qadağasına qarşı çıxsam, ya da məni qaçırsalar, anam intihar edər. Çünki elçilərə yox deməyim, ailə qurmaq istəməməyimə görə o, çox əsəbiləşirdi. Ona görə də çox get-gəldən sonra elçilərin birinin təklifinə razılıq verdim. Yoldaşımın 32, mənim 17 yaşım vardı. Nikahımız Səadət Sarayında oldu. Bir oğlum və bir qızım oldu. Amma onunla birlikdə həyatımın ən ağır günlərini yaşadım”.

Başıma o qədər vurdu ki...

Ailə həyatının ilk günlərindən verdiyi qərara peşman olan müsahibimin geri dönmək kimi variantı da olmur.

“Bilirəm ki, kişilər hər zaman həyat yoldaşlarını qısqanır. Ona görə yoldaşımın qısqanclığını, mənə məhdudiyyətlər qoymasını normal hesab edirdim. Ailəmdən belə öyrətmişdilər ki, qadın kişinin quludur, bu söz sanki beynimə həkk olmuşdu. Amma o adi məsələlər üstündə dava salırdı. Səhər evdən çıxanda deyirdi ki, “pərdəni bağlı saxla”, axşam isə gəlib qışqırırdı ki, “niyə pərdəni açmamısan?” Trolleybus sürücüsü idi, gec saatlarda evə gəlirdi. Amma bir dəfə də olsun o gəlməmiş yemək yeməzdim. Çünki bilirdim ki, yesəm döyüləcəm. O, evə gələndə uşaqlar çoxdan yatmış olurdu, onları yuxudan oyadırdı ki, guya mən uşaqları ac yatızdırmışam. Hər gecə evdə dava salıb sonra yatırdı. Elə günlər olurdu ki, ac yatırdım.

Başıma o qədər vururdu ki, günlərlə özümdə olmurdum. Adi zarafat etməyimə görə, bir dəfə elə döydü ki, burnumdan qan açıldı, nə qədər elədisə, qanı dayandıra bilmədik, həkim çağırdı. Həkimlər sorğu-sual edəndə yıxıldığımı dedim”.

Maraqlı məqam odur ki, onu məcbur ərə verən valideynlər də başına gələnlərdən xəbərdar olur. Lakin qızlarını xilas etmək üçün heç nə etmirlər.

“Valideynlərim, yaxınlarım bilirdi ki, yoldaşım hər gün məni döyür. Amma nə edə bilərdilər? Qızlarının ailə qurandan bir neçə il sonra boşanması yaxşı deyildi axı. İnsanlar nə düşünərdi?”

Valideynlər insanların düşüncəsini nəzərə alaraq qızlarının hər gün döyülməyinə, təhqir olunmaqlarına razı olsa da, sonda Tahirə xanım ərindən ayrılır.

Evlənmək istəyirəm

Amma ayrılığın səbəbi müsahibimin mübarizə aparması, hüquqlarının tapdanmasına daha dözə bilməməsi deyil. Onu hər gün döyən həyat yoldaşı bir gün gəlir, onu istəmədiyini deyir.

“Oğlumun kiçik toyunu etmək üçün rayona gedəcəyini dedi. Amma qızımı və məni aparmayacaqdı. Etiraz etmədim, çox qorxurdum, nəsə desəydim, başıma gələcəkləri yaxşı bilirdim. Təxminən bir ay sonra geri qayıtdı. Bir gün gəlib dedi ki, boşanmaq istəyir. Daha mənimlə yaşamaq istəmir, başqa biri ilə ailə quracaq. Hətta toya hazırlaşdığını dedi.

Birinci dəfə eşidəndə tam dərk eləmədim. Düzdür, aramızda ciddi münaqişələr var idi, amma heç vaxt boşanmaq haqqında düşünməmişdik. Hətta mənə dəfələrlə demişdi ki, münasibətimiz necə olsa da, boşanma olmayacaq”.

Ətçəkən maşında əlimi çəkəcəkdi

Qəhrəmanım deyir ki, hər gün döyülsə də, hər gecə ağlayaraq yatsa da, boşanmaq istəmir:

“Bəlkə, yola gələr, fikrindən daşınar deyə yalvardım. Axı uşaqlarımız var idi, bilirdim ki, ayrılsaq, uşaqları məndən ayıracaq. Nə etdimsə, razı olmadı. Ətçəkən maşını qurub dedi ki, əgər boşanma ərizəsi yazmasan, əlini bu maşında çəkəcəm. Bilirdim ki, yazmasam, onu edə bilər. Bir əlim ətçəkəndə, digər əlimlə ağlaya-ağlaya ərizənin bir hissəsini mənə yazdırdı, bir azını da özü nəsə yazdı”.

Uşaqlar azyaşlı olsa da, evi olmadığına görə xalq hakimi uşaqları atasına verir. Bundan sonra da həyat müsahibimin üzünə gülmür. Əksinə, onu acınacaqlı və dəhşətli günlər gözləyir. Ağır işlərdə çalışır, anasının və xəstə bacısının qayğısını çəkir, uşaqlarını yalnız müəyyən olunmuş günlərdə görür. Amma bütün bu çətinliklərə dözməli olur. Yeganə müsbət məqam keçmiş həyat yoldaşının uşaqlarla görüşünə mane olmamasıdır.

“O özü də yanımızda olurdu, birlikdə kinoya, tamaşaya gedirdik. Uşaqlarla şəhərə çıxırdıq, geyimlərini, ehtiyac olan bəzi şeyləri mən alırdım. Bir gün yenə görüşəndə dedi ki, daha gəlib uşaqları aparmayım, yoldaşının qısqandığını bəhanə etdi. Amma mən etiraz elədim, axı onlar mənim uşaqlarımdır, heç kim görüşməyimə qadağa qoya bilməz.

Bir gün yenə uşaqları götürmək üçün gedəndə mənimlə dalaşdı, paltarlarımı cırdı ki, bir də ora getməyim. Davamıza polislər gəldi, bölməyə apardılar. Ona da xəbərdarlıq etdilər ki, uşaqlarımı görmək haqqımdır. Həmin davadan sonra 1990-cı illər hadisələri oldu, uşaqlarla əlaqəm kəsildi”.

“Özümdən yaşca böyük olan ərimdən bezdiyimi”yazmışdı

Uzun müddət övladlarından xəbərsiz yaşayan müsahibim illər sonra təsadüfən erməni kilsəsi yaxınlığında oğlu ilə rastlaşır:

“Hal-əhval tutdum, qızımı soruşdum. Əmisigildə qaldığını dedi, amma nədənsə, onun sözlərinə inanmadım. Ondan sonra qızımdan bir də xəbər almadım. Oğlumla görüşürdüm, amma hər dəfə yanıma gələndə məndən soyuduğunu hiss edirdim. Bir gün oğlum bu soyuqluğun səbəbini dedi: bacısını və onu rahat həyat üçün atmışdım. Sən demə, yoldaşım ərizəni özü yazdığı yerlərdə mənim adımdan rahat həyat istədiyimi, özümdən yaşca böyük olan ərimdən bezdiyimi, daha yaxşı yaşamaq istədiyimi və uşaqlardan imtina etdiyimi yazıb. Oğlum bu sözləri mənə deyəndə şok oldum. Ona həmin sözləri mənim yox, atasının yazdığını və ərizəni necə yazdırdığını danışdım. Lakin uşağın beynini yumuşdu artıq, nə desəm, mənə inanmırdı”.

Ailə qurmaqdan qorxurdum

Boşansa da, dediyinə görə, onunla ailə qurmaq istəyənlər çox olub. Amma qəhrəmanım bütün təklifləri rədd edir. Yenidən ailə qurmaqdan, eyni çətinlikləri yaşamaqdan, döyülməkdən qorxub. 17 yaşında qurduğu ailədə xoşbəxtlik yaşamayıbsa, ikincidə də xoşbəxt olmayacağını düşünüb.

Həm də ayrılandan sonra müxtəlif yerlərdə işləməyə başlayıb. Xəstə anasına və bacısına baxmaq üçün işləməli olub. Iş və evdəki çətinliklərə, uşaqlarına həsrət qalmasına baxmayaraq, həyatdan küsmədiyini deyir.

"Azərbaycan Xalqlar Dostluğu ordenli nəşriyyatda işləyirdim. Yaxşı işlədiyimə görə, “Əməkdar jurnalist” adı verilmişdi. Nəşriyyatda azərbaycandilli biri kimi, həm də rus dilini dəqiq bilən ancaq mən idim. Təmiz yazdığıma görə, Ayaz Mütəllibovun vaxtında Prezident Aparatında işləmək üçün dəvət etdilər. Anam xəstə olduğuna görə o təklifi qəbul edə bilmədim. Orda iş ağır olurdu, razılıq versəydim, anama, bacıma baxa bilməyəcəkdim”.

Qocalar evində məndən 1400 manat istədilər

Qəhrəmanımızın başına gələn müsibətlər bununla bitmir. Bir gün xəstə bacısının oğlu onu evdən çıxarır və küçədə qalır. Öz oğlu Tahirə xanımı kirayə evə yerləşdirir. Evin kirayəsini ödəyə bilmədiyinə görə, bir neçə yer dəyişməli olur.

“Bilmirəm yoldaşı qoymadı, yoxsa səbəb nə oldu, amma oğlum da artıq yanıma gəlmirdi. Kirayə ödəmək üçün əşyalarımı satmağa başlamışdım. İşdən də çıxmışdım. 10 günə yaxın blokda yaşadım, qonşular mənə paltar, əşyalar verdilər. Həmin il qış da çox soyuq idi. Bir müddət də orada qalsam, yəqin ki, donub ölərdim. Təsadüfən məni görən şəxslərin köməyi ilə televiziyalara müraciət etdim, sonda məni müvəqqəti bura yerləşdirdilər. Dedilər ki, qocalar evindən yer veriləcək. Amma üç ildir növbədəyəm. Həmin vaxt Bilgəhdəki qocalar evinə məni qəbul etmək üçün 1400 manat pul istədilər. Mənim o qədər pulum hardadır? İndi illərdir, burada qalıram, hansı qocalar evinə müraciət edirlər, yer olmadığını deyirlər. Bəs yer yox idisə, pul verəndən sonra necə imkan olacaqdı?

Qohumları ilə heç bir əlaqəsi yoxdur. Dediyinə görə, qohumları arasında imkanı olanlar da var, amma heç biri onunla maraqlanmır. Ümumilikdə 20 il stajı var, indi 125 manat pensiya alır.

"Bu qədər çətinliklər gördükdən sonra necə yaşamaq olar" deyə düşünürəm. Bu düşüncəmi müsahibimlə də bölüşürəm.

“Gecələr yuxu yatmıram, hər gecə bütün həyatım film kimi gözümün qarşısından keçir. Üç dəfə intihar etmişəm ki, bu cür yaşamaqdan canım qurtarsın. Keçən il maşın da vurdu, amma nə edim ki, ölmürəm. Bu cür yaşamaqdan xəcalət çəkirəm, amma Allahın verdiyi ömürdür, almır ki, canım qurtarsın” deyir və susur.

Elə mən də susuram, deyəcək söz qalmayıb. Getmək vaxtıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm