Uşaqların hüquqları ən çox ailədə pozulur – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Uşaqların hüquqları ən çox ailədə pozulur – MÜSAHİBƏ

1954-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnaməyə əsasən, bu gün Ümumdünya Uşaqlar Günüdür. 1956-cı ildən isə bütün dövlətlərə uşaqlar şərəfinə bu günün bayram kimi qeyd edilməsi tövsiyə edilib. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlib.

BMT tərəfindən 1959-cu ilin bu günü “Uşaq Hüquqları Bəyənnaməsi”, 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası qəbul edilib. Ümumdünya Uşaq Günündə Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı onlarla qanun qəbul edilib. Bir çox problemlər isə qalmaqdadır. Uşaqların problemləri, onlar üçün hazırlanan yeni qanun və layihələr barədə suallarımızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Pərviz Əliyev cavablandırdı.

P.Əliyev hazırda ölkədə uşaqların sayının 2 milyon 500 mindən çox olduğunu və onların ölkə əhalisinin 30%-i təşkil etdiyini bildirib. Bu rəqəmin xeyli əhəmiyyətli bir say olduğunu deyən müsahibim bir çox ölkələrdə uşaqların sayı azalarkən, bizdə uşaqların əhalinin əksəriyyətini təşkil etməsinin müsbət tendensiya olduğunu bildirib. Onun sözlərinə görə, bu həm də uşaqlara göstərilən diqqətin nəticəsidir. Çoxuşaqlılığın stimullaşdırılması ilə bağlı, 5-dən artıq uşağı olan ailələrə əlavə müavinətlərin verilməsi müsbət addımdır.

- Amma bununla yanaşı, ölkədə uşaqların hüquqlarının pozulması da gerçəklikdir. Azərbaycanda uşaqların hüquqları ən çox hansı sahələrdə pozulur?

- Ən çox hüquqpozma ailələrdə olur. Çox zaman ailələr zorakılığı yalnız döymək kimi başa düşürlər. Lakin adi mübahisənin belə uşaqlara necə təsir etməsindən xəbərsiz olurlar. Uşağa diqqətsizlik, onlara lazım olan vəsaitlərin alınmaması da zorakılığın bir növüdür. Məktəblərdə monitorinq aparanda bəzən uşaqların sinifdə olmadığını görürük. Valideyn, müəllim onun harada olmasından xəbərsiz olduğunu deyir. Həmin uşağı çiynində çanta bazarda satıcılıq etdiyi yerdə tapırıq. Bu da uşaqların nəzarətsiz qalmasından xəbər verir. Bunu bütün məktəblərə şamil etmirik. Lakin bəzi sinif rəhbərləri uşaqlara qarşı çox laqeyddir. Uşaq dərsə gəlməyibsə, onun harada olması ilə maraqlanmırlar, valideyn-müəllim münasibətləri düzgün qurulmayıb. Müəllim yalnız dərs deməməli, həm də psixoloq olmalıdır.

- Uşaqların əyləncə və asudə vaxtlarının keçirmələri üçün nə qədər imkan yaradılması da bir problemdir.

- Bu gün sadaladığınız həmin məsələlər problemdir. Bölgələrdəki kitabxanaların vəziyyəti, gənclər evinə nə qədər gənc cəlb edilməsi də sual doğurur. Bütün bölgələrdə yaxşı imkanları olan gənclər evləri tikilir, lakin içəridə uşaq olmur. Onları cəlb etmək lazımdır.

- Komitə uşaqların internet klublardan istifadəsi ilə bağlı məhdudiyyətlərin qoyulması ilə bağlı işlərə başlamışdı. Həmin işlərin nəticəsi oldumu, hansı tədbirlər görüldü?

- İnternet klublarla bağlı çoxlu monitorinqlər keçirdik. Məlum oldu ki, uşaqların təhsildən yayınmasına internet klublar təsir edir. Buna görə də, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə bu sahədə təlimat hazırlamaq istəyirik. Bu barədə nazirliyə təkliflərimiz olub, müəyyən sahələrdə razılığa gəlmişik. Lakin onun nə vaxt hazır olacağı bəlli deyil. Həmin təlimat əsasında internet klublar nəzarətə götürüləcək, geniş filterlər hazırlanacaq. Filterlərin ucuz qiymətə təklif edilməsini planlaşdırırıq.

- Komitə tərəfindən uşaq hüquqlarının qorunması üçün daha hansı addımların atılması planlaşdırılır?

-“Azərbaycan-2020: Gələcəyə baxış” Dövlət Proqramında müxtəlif dövlət qurumları qarşısında müəyyən tələblər var. Bizim Komitənin də üzərinə müxtəlif vəzifələr qoyulub. İlk növbədə “Milli Uşaq Strategiyası” və “Uşaq Məcəlləsi”nin hazırlamalıyıq. “Milli Uşaq Strategiyası” hazırdır, bu il hökumətə təqdim ediləcək.

Burada əsasən, problemləri necə həll etmək istədiyimiz, həlli yolları nəzəri formada əks olunub. “Uşaq Məcəlləsi” üzərində də iş aparılır, onu isə gələn il təqdim edəcəyik. Həmçinin maarifləndirmə sahəsində daha geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Xüsusən, təhsildən yayınma, onun yol açdığı erkən nikahlarla bağlı regionları əhatə edən layihələr həyata keçiriləcək. Məktəblərdə işləyən uşaq psixoloqlarının fəaliyyətinin gücləndirilməsi üçün Təhsil Nazirliyi ilə birgə tədbirlər həyata keçiriləcək. Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün “Milli Fəaliyyət Planı” hazırlayacağıq. Bu məsələdə valideyn və məktəblərin pedoqoji heyətinin maarifləndirilməsini də həyata keçirəcəyik.

- “Uşaq Məcəlləsi”hansı münasibətləri tənzimləyəcək?

- Bu məcəllə uşaqlarla bağlı qanun layihələrinin toplusu olacaq. Uşaqlarla bağlı bəzi qanunlarda boşluqlar, uyğunsuzluqlar var. Məcəllədə bu məsələləri aradan qaldırmağı düşünürük. Bu məcəllə uşaq baxımsızlığı, “Yuvenal Ədliyyə haqqında” qanunu da əhatə edəcək. Burada həmçinin valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müavinəti, məşğulluğu, əlillərin təhsili, təminatı yer alacaq. Bir sözlə, problemli sahələri əks edəcək.

- “Yuvenal Ədliyyə haqqında” qanuna toxundunuz. Bu məsələ uzun müddətdir müzakirədədir, gecikməsi isə bir sıra probelmlər yaradır.

- Bu qanun layihəsi uşaqların mühakimə olunması, uşaq hakimləri, vəkillərinin hazırlanması üçün önəmli bir addım olacaq. Qanunun qəbulunun gecikməsi uşaq cinayətlərinin az olması ilə əlaqələndirilir. Uşaq təlim-tərbiyə müəssisəsində 30 uşaq var. Buna görə də, əlavə məhkəmənin yaradılmasına ehtiyac duyulmur. Bu qanun adətən, uşaq cinayətlərinin sayı çox olan ölkələrdə qəbul edilir.

Əlbəttə, bir uşaq belə olsa, onun da hüququ qorunmalıdır. Bu baxımdan ayrıca məhkəmə olmasa da, ixtisaslaşmış hakim, psixoloq, vəkil, uşaqlarla bağlı məhkəmə icraatı qaydası hazırlana bilər. “Yuvenal Ədliyyə haqqında” qanun qəbul olunandan sonra bu məsələ həll ediləcək. Qanun qəbul olunma mərhələsindədir.

- Uşaqlarla bağlı qanunlarda hansı boşluqlar var?

- Əslində qanunlarda problemlər çox deyil. Əsas məsələ həmin qanunların işləməməsi ilə bağlıdır. Bu gün internat müsəssisələrindən çıxan uşaqların işlə təminatında problemlər var. Qanunda göstərilib ki, yerli icra hakimiyyətləri internatı qurtaran uşaqlarla bağlı kvota ayırmalıdır. Rayon ərazisində fəaliyyət göstərən dövlət və özəl müəssisələr qarşısında onların işlə təminatı barədə öhdəlik qoymalıdır. Təəssüf ki, bu qanun bizdə işləmir. Hər il rayon icra hakimiyyətlərindən Komitəyə təqdim olunan hesabatlarda işlə təminatla bağlı rəqəmlərə rast gəlmirik. Onlarla təkrar əlaqə saxlayanda işlə təminat olduğunu deyirlər. Amma dediklərinin yalan olduğunu hiss edirik. Düzdür, internatı qurtaran uşaqlar bu və ya digər formada iş tapır. Amma məsələ qanunda nəzərdə tutulan kvotadan gedirsə, bu məsələ diqqətdə deyil. Bu uşaqlar əsasən işlə təmin edilmir. Məcəllədə bu qanunun işləkliyini təmin etməyi planlaşdırırıq.

- Söhbət internat müəssisələrindən düşmüşkən, gələn il Deinstitutlaşdırma ilə bağlı qanun layihəsi üçün müəyyən olunmuş vaxt başa çatır. Amma hələ də, internat müəssisələrində 9 minə yaxın uşaq var. Necə düşünürsünüz, bu rəqəm qanunun icra olunmadığını göstərirmi?

- Hazırda internat müəssisələrində uşaqların sayı ildən-ilə azalır. Bir tərəfdən də bəzi internat müəssisələri bağlanır, profillərini dəyişir, uşaqların da sayı azalır. Bu proqramın həyata keçirilməsi Təhsil Nazirliyinin səlahiyyətindədir. Proqram başa çatandan sonra daha dəqiq söz demək mümkün olacaq. Proqramın növbəti il başa çatacağı planlaşdırılmışdı, amma ola bilər ki, bu tam icra edilməsin. Çünki proqramın həyata keçirilməsinə mane ola bir sıra problemlər var. Məsələn, uşaqların övladlığa verilməsi, ailələrin seçimlərində problemlərin növbəti ilə qədər həll edilməsinə inanmıram.

- Ailələr övladlığa verilmədə müvafiq qurumlar tərəfindən süründürməçilik olduğundan şikayətlənirlər. Bu məsələ müxtəlif qurumlar tərəfindən yox, bir mərkəzdən idarə edilə bilər?

- Bu məsələnin bir yerdən idarə edilməsi çətindir. Uşaqların övladlığa götürülməsində problemlər bəllidir, ailələr daha çox azyaşlı, həmçinin sağlam uşaqlar istəyirlər. Yuxarı yaşlı uşaqların övladlığa və ya himayədar ailələrə verilməməsi deinstitutlaşdırma proqramının gecikməsinə səbəb olur. Çünki internat uşaq evlərinin ləğv olunması üçün uşaqların övladlığa, himayədar ailələrə verilməsi, sonuncu mərhələdə kiçik qrup evlərinin yaradılması lazım idi. Hazırkı durumda ilk iki variant özünü tam doğrultmur, üçüncü variantla bağlı Təhsil Nazirliyi iş aparır. Təəssüf ki, bizdə sağlamlıq imkanları məhdud olan uşaqları övladlığa götürmək istəyənlər yoxdur. Xarici vətəndaşlar isə uşaqların sağlam olub-olmamasına fərq qoymur.

- Bəlkə də, bu xarici ölkələrdə sağlamlıq imkanları məhdud olan ailələrə yaradılan imkanlar, stimullaşdırıcı tədbirlərə görədir. Əks halda, xarici ölkədə xəstə uşaq övladlığa götürmək çox da maraqlı olmaz.

- Əlbəttə, həmin ailələrə imkanlı şəxslərdir. Bundan başqa, dövlət də həmin ailələri stimullaşdırır. Bu da həmin ölkələrin sosial müdafiə sisteminin güclü olmasından irəli gəlir. Dövlət tərəfindən sağlamlıq imkanı məhdud olan uşaqlara qayğı yüksək olarsa, onlar müalicə etdirilər. Xarici övladlığa verilən xəstə uşaqlarla daim əlaqələr saxlayırıq, hətta onların bir çoxunun müalicə edildiyini görürük. Həmin ölkələrdə səhiyyə, sığorta məsələləri də yaxşı inkişaf edib. Bizdə isə “Sosial xidmət haqqında” qanun yeni qəbul edilib. Latviyada 20 ildir artıq bu qanun işləyir. Baxmayaraq ki, onlar da bizim kimi SSRİ-nin tərkibindən çıxıb.

- İnternat evlərinin ləğv edilməməsi bir tərəfə, həmin müəssisələrdə müxtəlif problemlər, uşaqların döyülməsi və s. məsələlər ortaya çıxır. Bu halların qarşısını almaq üçün komitə tərəfindən hansı addımlar atılır?

- Hər bir müəssisədə monitorinq aparmaq komitənin birbaşa səlahiyyətinə aiddir. Mütəmadi olaraq bu cür monitorinqlər keçiririk. Hər hansı müəssisədə problem aşkarlanarsa, ora baş çəkirik, Təhsil Nazirliyi ilə əlaqə saxlayırıq. Komitə hər bir problemə dərhal reaksiya verir. Apardığımız monitorinqlər zamanı problemlər aşkarlanan müəssisələri qeydiyyata götürüb, onlarla işi davam etdiririk.

- İcra Hakimiyyətlərinin müvafiq şöbələri var ki, onlar rayon ərazisindəki, həmçinin internat müəssisəsindəki uşaqlarla bağlı işlər aparmalıdırlar. Lakin həmin şöbələrin bu vəzifəni doğrultmadığını müşahidə edirik. Onların imkanlarının artırılması və ya ləğv edilməsini gündəmə gətirmək olarmı?

- Həmin şöbələrə ehtiyac var, onlar rayon uşaqlarının problemləri ilə bağlı müvafiq qurumlara məlumat verir. Ötən il hökumətə həmin şöbə əməkdaşlarının sayını artırılması və maddi resurslarının gücləndirilməsi barədə təkliflər vermişik. Əslində, həmin şöbələr internata yerləşdirilən hər bir uşağın vəziyyəti ilə maraqlanmalıdırlar. Təəssüf ki, onlara heç nəqliyyat vasitəsi də verilmir. Bundan başqa, 2 nəfər işçiyə onlarla vəzifə verilib. Buna görə də, yerli səviyyədə uşaq müdafiə sistemi zəifdir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm