• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təhsil naziri: “Müəllimlərin əmək haqları qısa müddətdə qaldırılacaq”

Təhsil naziri: “Müəllimlərin əmək haqları qısa müddətdə qaldırılacaq”

“Sınaq qiymətləndirmədən keçmiş müəllimlərin mərhələli olaraq əmək haqlarının artırılması istiqamətində konkret qərar veriləcək. Güman edirəm ki, biz buna nail ola biləcəyik”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin 2015-ci ilin dövlət büdcəsi ilə bağlı keçirilən plenar iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, sınaq qiymətləndirmədən keçən müəllimlərin təkmilləşdirilməsi üçün imkanlar yaradılır: “Yalnız bundan sonra attestasiyanı həyata keçiririk. Gördüyünüz kimi, biz sosial yanaşmaya üstünlük veririk. Sınaq qiymətləndirmədən müəllimlər üçün əmək haqlarının artımına gəldikdə isə, deyə bilərəm ki, bu istiqamətdə müvafiq müzakirələr gedir. Hazırda müvafiq qərar layihəsi qısa müddət ərzində razılaşdırılacaq”.

Nazir deputatların təklif və iradlarına cavab verib. Mikayıl Cabbarov müəllimlərin əmək haqlarının müəyyənləşdirilməsi məsələsinə toxunarkən bildirib ki, 12 saatlıq həftəlik dərs saatı üçün minimal əmək haqqı 155 manat, maksimal isə 207 manatdır. Nazir qeyd edib ki, bütün respublika üzrə müəllimlərlə bağlı rayon və kənd məktəblərində vakant ştatların sayı 3%-dən 1%-ə enib. Onun sözlərinə görə müəllimlərin həvəsləndirilməsi istiqamətində işlər görülüb.

Mikayıl Cabbarovun sözlərinə görə Təhsil Nazirliyi yeni müəllimlərin işə götürülməsi istiqamətində də iş aparır.

Hərbi hazırlıq və bədən tərbiyəsi üzrə tədrisin aşağı səviyyədə olması barədə deyilən tənqidləri də dəyərləndirən Mikayıl Cabbarov vurğuladı ki, rəhbərlik etdiyi qurum bu yöndə problemlərin aradan qaldırılması üçün gərəkli addımlar atır.

Nazir deyib ki, xaricdən professorlar Azərbaycan ali məktəblərinə cəlb ediləcək. Mikayıl Cabbarov orta məktəb dərs vəsaitlərinin çəkisinin ağır olmasına da diqqət çəkib: “Azərbaycanın ümumtəhsil məktəblərində birinci sinifdə tədris vəsaitlərinin ümumi çəkisi 1 kq 240 qramdır. Gələcəkdə bunun mümkün qədər daha da optimallaşdırılmasına çalışırıq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR