Ramaldanov: “Heydər Əliyev özü xeyir-dua verdi” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ramaldanov: “Heydər Əliyev özü xeyir-dua verdi” - FOTOLAR

“Cəbhə xətti” layihəsində

“Cəbhə xətti” layihəsinin budəfəki qonağı polkovnik Şair Ramaldanovdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Xudat qəsəbəsində anadan olub. Səkkizinci sinfi bitirdikdən sonra Bakıda Naxçıvanski adına hərbi liseyə daxil olub. Sonradan Ali Hərbi Məktəbə təhsilini davam etdirib. Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi müxtəlif yerlərdə xidmət edib. 1991-ci ildə Moskvada Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra vətənə dönərək Azərbaycan Ordusunda xidmət edib. Ali Hərbi məktəbin rəis müavini vəzifəsinə təyin edilib. Birinci Qarabağ döyüşlərində qəhrəmancasına döyüşdüyünə görə Dövlət Bayrağı ordeni ilə təltif edilib. Ehtiyatda olan zabitdir. Ailəlidir, iki övladı var.

Heydər Əliyevə məruzə etdim

- Cənab polkovnik, siz cəbhə bölgəsinə xüsusi əmrlə, yoxsa könüllü olaraq yola düşdünüz?

- Bilirsiz, o vaxt çətin dövr idi. Mənim ilk olaraq döyüşlərə qatılmam Heydər Əliyevin Bakıya qayıdışı dövrünə təsadüf edir. Onun xalqa payız müraciəti vardı, səfərbərlik elan etmişdi. Məni də Müdafiə Nazirliyinə çağırdılar. Döyüş bölgəsindəki hərbi hissələrin birinə briqada komandiri olaraq göndərildim. Komandiri olduğum hərbi hissə döyüşdən çıxmış briqada idi, çox az sayda adam qalmışdı. Səfərbərlik tamamlanmaq üzrə idi. Bizi yenidən formalaşmaq üçün Seyfəli poliqonuna yolladılar. Mənim hərbi hissəmə “Yasamal”, “Nizami”, “Ağdaş”, “Kürdəmir” batalyonları da daxil idi. Köhnə əsgərlərin bəziləri ordudan qaçırdılar deyə hər hərbi hissəyə polis nəzarət edirdi. Amma mən öz hərbi hissəmə polisi qəbul etmədim, əsgərlərimi sıraya düzərək onlara müraciət etdim ki, əgər kim qaçmaq istəyirsə qaçsın, kim qalmaq, mənimlə döyüşmək istəyirsə qalsın. Onlara sabaha kimi vaxt verdim, əslində, bu, çox böyük məsuliyyət idi. Mən Müdafiə Nazirliyinə də bildirdim ki, bunları sabah siz hərbi polislə döyüşə göndərə bilməyəcəksiz. Mənə döyüş hazırlığı keçib döyüşə qatılan adamlar lazım idi. Çox böyük həyəcan keçirdim, bu müraciəti təxribat da saya bilərdilər. Mənim isə komandir olaraq başqa çıxış yolum yox idi. Birgə döyüşə gedəcəyim döyüşçü mənə, mən də onlara inanmalı idim. Elə bilirdim ki, səhər yuxudan qalxıb hər kəsin qaçdığını görəcəyəm. Səhər tezdən poliqonda bir-iki əsgər görəndə sevindim ki, heç olmasa əsgərlərin hamısı qaçmayıb. Sonradan məlum oldu ki, cəmi dörd nəfər qaçıb, onlar da həqiqətən ailə vəziyyəti ağır olanlardır. Qalan əsgərlər döyüşən heyət idi. Üç həftə döyüş hazırlığı keçdik. Heydər Əliyevin özü bu təlimlərdə iştirak etdi, döyüşə yola düşməzdən qabaq bizə xeyir-dua verdi.

6 nəfər əsgərlə düşməni geri oturtduq

1993-cü il dekabr ayının 26-da Daşburuna gəlib, orada yerləşdik. Füzuli istiqamətində hücum əməliyyatı tapşırığı aldıq. Artıq 1994-cü il yanvarın 5-də hücum əməliyyatlarına başladıq, uğurlu hücum əməliyyatları nəticəsində 22 yaşayış məntəqəsi düşməndən azad edildi. Bu döyüşlərdə 17 nəfər şəhid vermişdik. 45 nəfər əsgərimiz isə yaralanmışdı. Bu əməliyyat “Horadiz əməliyyatı” adlanırdı. 7 rayon, yüzlərlə şəhid verildikdən sonra bu uğurlu əməliyyat bizdə ruh yüksəkliyi yaratmışdı. Azərbaycan Ordusuna inamı qaytarmaq çətin idi. Amma bu Horadiz əməliyyatı ordumuza yenidən inamı gücləndirdi. Hər kəs anladı ki, ordumuz heç də zəif deyil. Bir dəfə aşağı Seyid Əhmədli istiqamətində səngərdə altı əsgərimiz qalmışdı, silah-sursatımız da tükənmişdi. Cəmi 20 dəqiqəyə çatacaq sursatımız qalmışdı. Amma biz bütün gücümüzlə ermənilərin hücumunu dəf etdik.

Bir şeyi qeyd etmək istəyirəm ki, bu uğurlu hücumlarda əsgərlərimizin psixoloji cəhətdən yüksək səviyyədə olması böyük rol oynayırdı. Onlar qaçmağa yox, döyüşməyə gəldiklərinə əmin idilər. Yaddan çıxmayan bir əməliyyat da Korqan istiqamətində oldu. Düşmən çox böyük güc toplayıb əks-hücuma keçməyə hazırlaşırdı. Mən məlumat alan kimi bizim o vaxtkı müdafiə nazirinə müraciət edib, xahiş etdim ki, bizə hava dəstəyi versinlər ki, düşmənə hava zərbəsi endirək. Mənə hava zərbələri endirmək üçün qüvvəmizin olmadığını bildirdilər. Nazirdən icazə alaraq dedim ki, Ali baş komandana özüm müraciət edəcəyəm. Nazir etiraz etmədi. Ali baş komandana vəziyyət barədə məruzə etdim, mənə hava dəstəyi lazımdır, dedim. Heydər Əliyev “yaxşı, tapşıraram”, - dedi. 5 dəqiqə keçməmişdi ki, aviasiyamız köməyə gəldi. Düşmənə zərbələr endirdik, onların 500 əsgərini məhv etdik.

Unutmadığım xatirələrdən biri

- Cənab polkovnik, döyüş zamanı keçirdiyiniz ən təsirli, duyğulu anlar yaddaşınızda qalıbmı?

- Bilirsiz o vaxtlar bizə döyüşmək üçün muzdlu əfqanlar gətirirdilər. Amma mənim komandir kimi Azərbaycan əsgərinə olan inamım bir başqadır. Kim deyirsə ki, bizim əsgərlər döyüşə bilmir, yanılır. Əsgərlərimizin bir xüsusiyyəti vardı: onların öz komandirlərinə inamı yüksək səviyyədə idi. Əgər komandir əsgərinin hörmətini qazanırsa, o əsgər hara qədər desən gedir. Mənim heç unutmadığım xatirələrdən biri: Şükürbəylidəki döyüşdən sonra yaralı əsgərlərimə təşəkkür etmək üçün onların olduğu maşına qalxdım. Baxdım ki, bir əsgər uzanıb ayağının birini dizindən aşağı tamamən itirib, ancaq səsini də çıxarmır. Sadəcə, başını qaldırıb mənə dedi ki, komandir Şükürbəyli bizimdir. Bu məni çox duyğulandırdı. İnan ki, bu əsgər itirdiyi ayağını, onun ağrısını düşünmürdü, məhz Şükürbəylinin bizdə olmasına sevinirdi. Onun qürurunu yaşayırdı. Onun gözlərində bir dünya fərəh gördüm, bunu ömür boyu unutmaram. Fəxr edirəm ki, mənim belə əsgərlərim olub.

Bir xatirə də danışım: Korqan istiqamətindəki döyüşlərin biri də yanvar ayında oldu. Bizə məlumat gəldi ki, biz tərəfdən iki maşın əsgər döyüşü tərk edib. Mənə dedilər ki, hərbi polislərlə gedib onları həbs edim. Düşünün, bu vəziyyətdə komandir nə etməlidir? Dedim ki, mən onları həbs etsəm, bununla nə əldə edərəm. Döyüş gedir, mənə əsgər lazımdır. Nə isə mən heç kəsi yanıma almadan tək başıma fərarilik etmiş əsgərlərin yanına gəldim, onları sıraya düzdüm. İçərilərində 20 yaşlı gəncdən orta yaşlı adama qədər vardı, indi xatırlamıram onlara nə dediyimi, amma təxmini belə müraciət etdim, dedim ki, baxın, mən də sizin kimi vətəndaşam, mən də çəkilirəm kənara, siz istəyirsiniz, yolunuza davam edin, gedin. Siz sağ qalacaqsınız, ailənizin yanında rahat yaşayacaqsınız, amma sabah bu utancla səngərdə tək qoyub qaçdığınız dostlarınızın üzünə necə baxacaqsınız? Ya da geri dönün, birlikdə döyüşək, ya sağ qalıb üzüağ, başıdik yaşayarıq, ya da ölüb şəhidlik zirvəsinə yüksələrik. Amma övladlarımız, ailələrimiz başıdik, alnıaçıq yaşayıb bizimlə fəxr edərlər.

Göz yaşı tökdülər, məndən üzr istədilər. İlk dəfə idi belə bir səhnə ilə qarşılaşırdım. Sözün düzü, onları anlayırdım. O qədər böyük fiziki, pisixoloji təsir vardı ki... Mən onlara əsəbiləsmədim, onlara haqq verdim, amma nə edə bilərdik? Döyüşüb, vəzifəmizi yerinə yetirməli idik. Onlar mənimlə birlikdə geriyə döndülər. Şəhid olanlar da oldu...

Döyüşçü xanımlarla fəxr edirəm!

- Cənab polkovnik, sizin briqadada xanım döyüşçülər də olub. Onlar haqında da danışmağınızı istərdim. Komandir olaraq onlara münasıbətiniz necə idi?

- Əlbəttə, bizim briqadada qəhrəman xanım döyüşçülərimiz də var idi. Bizim “tibb bacısı” çağırdığımız o xanımların şəfalı əlləri minlərlə əsgərin həyata qayıtmasına səbəb oldu. Onlara qarşı münasibətimiz çox yaxşı idi. Maraqlısı budur ki, onlara əmr formasında yox, tamam fərqli şəkildə müraciət edirdik. Bizim mentalitetimiz də imkan vermirdi ki, hansısa əsgər və ya kimsə onlarla başqa cürə davransın. Bu gün də onlarla görüşəndə çox səmimi, alnıaçıq görüşürük. Bu, məhz o illərin səmimiyyətinin təzahürüdür. Biz bir ailə kimiyik, bütün tədbirlərdə görüşürük. Bir-birimizin uşaqlarının toylarında da iştirak edirik. Mən döyüşçü xanımlarımızla fəxr edirəm!

Düşmənə kim olduğumuzu göstərməliyik

- Cənab polkovnik, böyük döyüş yolu keçmisiz, hansısa fəxri ada layiq görülmüsünüzmü?

- Bəli, mən mərhum Prezidentimiz Heydər Əliyev tərəfindən fəxri fərmanla, iki dəfə Azərbaycan Bayrağı Ordeni ilə təltif olunmuşam. Bu ordenlər Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyim şücaətlərə görə verilib. İkinci medalı isə OMON hadisələrində iştirakım üçün almışam. Bu təltiflər xidmətimin göstəricisidir. Mən qürurluyam ki, iki dəfə Azərbaycan Bayrağı Ordeni ilə təltif olunan yeganə zabitəm. Düzü keçmiş döyüşçü zabit kimi, 20% torpağımızın işğalda olması məni məyus edir. Düşünürəm ki, gələcək nəslə tam ərazi bütövlüyü olan Azərbaycanı ötürməliyik. Bu bizim çiyinlərimizdə bir yük, bir məsuliyyətdir. Biz düşmənə kim olduğumuzu göstərməliyik. Artıq bunun vaxtıdır.

- Bu günlərdə vurulan erməni helekopteri məsələsinə münasibətiniz necədir?

- Helekopterin vurulmasında tam haqlıyıq. Düşmənin həyasızlığının qarşısı istənilən vaxt alınmalıdır...

On kitab müəllifiyəm

- Stəşkəsdən sonra həyatınızı necə davam etdirdiniz?

- Atəşkəsdən sonra müxtəlif vəzifələrdə xidmət etdim. Yaradıcılıqla məşğul oldum. On kitab müəllifiyəm. İstərdim ki, hər kəs belə kitablar yazmaqla vətənə xidmətini davam etdirsin. Gənclərimizin maariflənməsində iştirak etsin. Ömrümüz boyu bu vətənə borcluyuq. Xidmət sadəcə döyüşlə bitmir, xidmət bütün sahələrdə olmalıdır. Hərbiçi isə hər zaman, hər şeyə hazır olmalıdır. Amma bu gün şəhid olan döyüşçülər var, onların ailələri dövlətdən kömək alır. Əlil olan döyüşçülər də eləcə. Ancaq tamamən sağlam olan keçmiş döyüşçülər var, biz gərək onlara da sahib çıxaq, onları işlə təmin edək, sosial vəziyyətləri ilə maraqlanaq. Onların bəziləri heç veteran vəsiqələrini belə ala bilmirlər. Çünki sabah nə şəhid, nə də əlil olan döyüşçü səfərbərlik olarsa, yenidən döyüşə bilməyəcək, ancaq sağlam olan keçmiş döyüşçülər yenə də təcrübəli əsgər kimi vətənə xidmət edə biləcək. Odur ki, biz bu insanları unutmayaq, xidmətlərini qiymətləndirək.

- Bir az da ailə vəziyyətiniz haqqında danışardınız.

- Ailəliyəm, iki övladım var. Oğlum mənim yolumu davam etdirir, Azərbaycan Ordusunda zabit olaraq xalqına xıdmət edir. Ayrıca, sizə təşəkkür edirəm, bizi unutmayıb xalqımıza yenıdən xatırlatdığınız üçün.

Nihad Cəbrayıl

axar.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm