Ögey qardaşına əsəbiləşdi, analığının boğazını kəsdi –TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Ögey qardaşına əsəbiləşdi, analığının boğazını kəsdi –TƏFƏRRÜAT

Tərtər rayon sakini Pərviz Göyüşov ögey anasını öldürüb.

O, əslən Bərdə rayonunun Qazaxlar kəndindən olan 58 yaşlı Nüşabə Mehdiyevanın boğaz nahiyəsini kəsib. Həmin gün Pərviz evə sərxoş vəziyyətdə gəlib və ögey anasına hücum edib.

Hadisə zamanı qadının əri Karlar Göyüşov onu xilas etməyə çalışsa da, oğlunun qarşısını ala bilməyib. Tərtər rayon sakini Karlar Göyüşov 22 il əvvəl Nüşabə Mehdiyeva ilə ikinci dəfə ailə qurub. Əvvəlki evliliyindən 4 övladı, Nüşabə Mehdiyevadan isə 15 yaşında bir oğlu var. İstintaq sənədlərinə görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Ögey qardaşına əsəbiləşdi, ögey anasını öldürdü

Publika.az xəbər verir ki, Pərviz Göyüşov bu dəhşətli cinayəti 16 may 2014-cü il tarixdə törədib. Həmin gün Pərviz Göyüşov sərxoş vəziyyətdə evə gəlib. O, ögey qardaşından – 1997-ci il təvəllüdlü Ramin Göyüşovdan şikayət edib. Deyib ki, qardaşı həyətə alt paltarında çıxır və uca səslə musiqiyə qulaq asır. Bu zaman onunla ögey anasının arasında mübahisə yaranıb.

Mübahisə zamanı Pərviz Göyüşov analığını öldürmək qərarına gəlib. O həm də anasının ölümündən sonra atasının ikinci dəfə ailə qurmasının qisasını almaq istəyib. Pərviz 22 ildir Nüşabə Mehdiyevadan qisas almağın yollarını düşünürmüş. Qardaşının alt paltarında həyətə düşməsi və uca səslə musiqiyə qulaq asması Pərviz Göyüşovun qisas planını həyata keçirməsinə fürsət yaradıb.

Xüsusi amansızlıq

Pərviz Göyüşov mətbəxdən götürdüyü bıçaqla Nüşabə Mehdiyevaya hücum çəkib. O, əvvəlcə ögey anasının bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Karrar Göyüşov oğlunun bu amansız cinayəti törətməsinin qarşısını almağa çalışsa da, sərxoş oğlu ilə bacara bilməyib. Gözü qanla dolan Pərviz ögey anasının yerə yıxaraq, onun başını kəsib.

Pərviz Göyüşov Cinayət Məcəlləsinin 120.1.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində başlanmış cinayət işi araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zabil Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Anamın ruhuna söydü”

Məhkəmə iclasında ifadə verən Pərviz Göyüşov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, qardaşı Ramin Göyüşovun ədəbsiz hərəkətlərindən Nüşabə Mehdiyevaya şikayət edib: “Nüşabə Raminə acıqlanmaq əvəzinə ölən anamın ruhuna söydü. Bundan əsəbiləşdim. Bu səbəbdən də onu vurdum”.

Hökm verildi: 14 il cəza

Məhkəmə zərərçəkmiş və şahid ifadələrini dinləyəndən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə Pərviz Göyüşov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Pərviz Göyüşov apelyasiya şikayəti verib. O, birinci məhkəmə instansiyası tərəfindən ona ağır cəza verildiyini iddia edib. Pərviz Göyüşov cəzasının yüngülləşdirilməsini istəyib.

Vəkil: “Hökm ədalətsizdir”

Pərviz Göyüşovun apelyasiya şikayəti araşdırılmaq üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Bədəl Əliyevin sədrliyi ilə keçirilən prosesdə Pərviz Göyüşovun vəkili Yusif Seyidov çıxış edib. O bildirib ki, müdafiə etdiyi şəxsə təyin edilmiş cəza ədalətsiz və əsassızdır. Onun sözlərinə görə, Pərviz Göyüşovun xüsusi amansızlıqla cinayət törətmək niyyəti olmayıb. O, Pərviz Göyüşovun əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası ilə Pərviz Göyüşovun cəzalandırılmasını istəyib.

Prosesdə çıxış edən prokuror Nəsib Nəcəfov və zərərçəkmiş şəxsin hüquqi varisi Arif Mehdiyev çıxış ediblər. Onlar təqsirləndirilənin apelyasiya şikayətinin təmin edilməməsini xahiş ediblər. Tərəfləri dinləyən hakim heyəti sonda qərar qəbul edib. Qərara görə, Pərviz Göyüşovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm