ADU-da EDI Cert TEFL adlı layihənin təqdimat mərasimi keçirildi
Bizi izləyin

Qırmızı.az

ADU-da EDI Cert TEFL adlı layihənin təqdimat mərasimi keçirildi

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində Böyük Britaniyanın Pearson şirkəti ilə anlaşma memorandumuna əsasən həyata keçirilən böyük layihələrdən biri olan EDI (Education Development International) Cert TEFL (“İngilis Dilini xarici dil kimi Tədris edən müəllimlərin Beynəlxalq Müəllimlik Sertifikatı”) adlı layihənin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimi ADU-nun Dil xidmətləri mərkəzinin təşkilatçılığı ilə baş tutdu.

Giriş sözü ilə universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov çıxış edərək ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun adından hər kəsi salamladı. Qonaqları təqdim edən prorektor “Pearson” şirkətinin tarixinin Tomas Lonqmənin Lonqmən şirkətini təsis etdiyi vaxta, yəni 1724-cü ilə təsadüf etdiyini, təşkilatın əsasının faktiki olaraq Samuel Pearson, yəni ata və oğul Pearsonlar tərəfindən 1844-cü ildə qoyulduğunu, şirkətin vaxtilə Şimali İngiltərənin Yokşir şəhərində kiçik bir firma binasında fəaliyyət göstərdiyini söylədi. D. Yunusov qeyd etdi ki, bu şirkətin dünyanın 80 ölkəsində 40 mindən çox işçisi var, hal-hazırda isə onlar bütün yaş dərəcələrindən olan insanlara təhsil vasitəsilə uğurlar qazanmaq üçün köməklik göstərirlər və əsas amacları yer üzündə yaşayan insanları tədris materialları, tədris binaları, texnologiyalarla təmin etmək, eləcə də professor və tələbələrin təşkilini təmin etməklə, onlara həyatda öz yerlərini tutmağa, mənfəət qazanmalarına şərait yaratmaqdır. Prorektor Dünyamin Yunusov təşkilatın verdiyi sertifikatların dünyanın 100-dən artıq ölkəsində tanındığını, yer üzərindəki hər hansı bir ölkədə daha yaxşı iş yeri tapmağa köməklik göstərəcəyini dedi. Dünyamin Yunusov bu şirkətin ingilis dili müəllimləri və eləcə də müəllimlik fəaliyyətinin astanasında olan hər bir şəxs üçün faydalı olacağından əminliyini bildirərək uğurlar arzuladı.

Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Ceyhun Bayramov bugünkü tədbirin ölkədə yaddaqalan hadisələrdən biri olacağını söyləyərək qloballaşma, mədəniyyətlərarası proseslər, Azərbaycanın beynəlxalq aləmə sıx inteqrasiyasının ölkəmizdə xarici dillərin tədrisi, beynəlxalq səviyyədə kadrların yetişdirilməsi və Azərbaycan təhsil sisteminin modernləşməsi zərurətini daha da önə çəkdiyini dedi. O, bu istiqamətdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncam imzaladığını dedi. C. Bayramov dünya səviyyəsində tanınan, nüfuzlu təhsil-təlim şirkəti olan “Pearson” şirkətinin Azərbaycanda ofisinin açılmasının ingilis dilinin tədrisi və ingilis dili biliklərinin sertifikatlaşdırılması baxımından önəmli olduğunu bildirdirərək Azərbaycan Respublikasının Təhsil Nazirliyi olaraq bundan məmnunluq hissi keçirdiyini söylədi. Pearson şirkətinin peşə təhsili sahəsində də çox böyük işlər gördüyünü, tədris resurslarının hazırlanması sahəsində dünyada tanınmış şirkətlərdən biri olduğunu deyən C. Bayramov Azərbaycanda da bu istiqamətdə görülən işlər və layihələr haqqında məlumat verdi. O, “2007-2015-ci illər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”, yeni nəsil təhsil standratlarının tətbiqi ilə əlaqədar olaraq 2014-2015-ci tədris ilindən etibarən ölkənin aparıcı təhsil müəssisələrində reallaşan “Sabah” layihəsindən danışdı. O, ölkənin aparıcı ali təhsil müəssisələrində həyata keçirilən “Sabah” layihəsinin ADU-ya da şamil olunduğunu qeyd etdi. Ceyhun Bayramov Azərbaycanda Avropa dillərinin tədrisi sahəsində elmi-metodik mərkəz funksiyasını yerinə yetirən Azərbaycan Dillər Universiteti və “Pearson” şirkətinin EDI Cert TEFL layihəsinin birgə həyata keçirilməsindən şad olduqlarını bildirdi və bu əməkdaşlığın hər iki tərəfə, o cümlədən Azərbaycan təhsil sisteminə uğur qazandıracağından, eyni zamanda yüksək səviyyəli, daha savadlı kadrların yetişdirilməsində öz töhfəsini verəcəyindən əminliyini ifadə etdi və uğurlar arzuladı.

Oksbric Təhsil Xidmətlərinin direktoru Con Florey layihənin təqdimatının Azərbaycan Dillər Universitetində keçirilməsindən xoş hisslər keçirdiyini deyərək “Pearson” şirkəti haqqında ətraflı məlumat verdi. ADU ilə əməkdaşlıqdan məmnun olduqlarını deyən C. Florey layihə ilə maraqlananlara tərəfdaş qurum kimi gələcəkdə bilik və bacarıqlarını inkişaf etdirməkdə kömək etməyə hazır olduqlarını bildirdi.

ADU-nun Dil xidmətləri mərkəzinin direktoru Günel Məmmədova və Oksbric Təhsil Xidmətlərinin təhsil üzrə direktoru Tayson Lemons EDI (Education Development International) Cert TEFL (“İngilis Dilini xarici dil kimi Tədris edən müəllimlərin Beynəlxalq Müəllimlik Sertifikatı”) adlı layihə haqqında məlumat verdilər. Layihədə yer alan qiymətləndirmə metodologiyası, təlim-tədrisdəki təcrübə, müəllim müşahidəsi, yazılı qiymətləndirmə, ixtisas seçimi, qeydiyyat qaydaları haqqında geniş məlumat verildi.

“Pearson” şirkətinin fəaliyyəti və təqdim olun layihə haqqında videoçarx nümayiş olundu.

Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Xatırladaq ki, Ali təhsil islahatlarının tətbiqi və dillərin tədrisi üzrə ölkəmizdə aparıcı universitetlərdən olan Azərbaycan Dillər Universitetinin xarici əlaqələri gündən-günə genişlənir. Belə ki, İngilis dilinin tədrisi sahəsində liderliyini qoruyub saxlayan ADU bu ilin oktyabrın 17-də Böyük Britaniyanın təhsil və nəşriyyat sahəsində dünya miqyaslı “Pearson” şirkəti ilə anlaşma memorandumu imzalamışdır. Azərbaycan Dillər Universiteti və Oksbric Təhsil Xidmətlərində İngilis dilinin tədris resursları, peşə keyfiyyətlərinin gələcək inkişafı və təminatı məqsədilə imzalanan Memorandumda qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, PTE-nin (Pearson Test of English) ümumi ingilis dili mərkəzinin idarəsi və inkişafı, qarşılıqlı tədris keyfiyyətinin inkişafı, akademik təhsil, o cümlədən ingilis dilinin xarici dil kimi tədrisinə dəstək məqsədilə ingilis dilinin öyrənilməsində köməkçi vasitələrlə təmin edilməsi nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm