Qatil həkimlərə qarşı maddi təzminat davası - Apelyasiya
Bizi izləyin

Qırmızı.az

Qatil həkimlərə qarşı maddi təzminat davası - Apelyasiya

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat məhkəməsi noyabr ayının 26-da baş tutacaq.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Aqil Layicov məlumat verib. Vəkil qeyd edib ki, təzminatla bağlı məhkəmə noyabrın 26-da Apelyasiya Məhkəməsində keçiriləcək:

“Biz cinayətkar həkimlərə qarşı maddi və mənəvi iddia irəli sürmüşük. Məhkəmə mənəvi zərərin ödənilməsini təmin etdi. Amma maddi zərər təmin edilmədi. Məhkəmənin gəlmiş olduğu nəticə yanlışdır. Çünki orada mənəvi zərər tutulubsa, şəxslərə nisbətdə maddi zərər də tutulmalı idi. Qanuna görə, ölmüş şəxsin əri və ya arvadı ailə başçısının itirilməsinə görə maddi təzminat almalıdır. Həmçinin, 18 yaşına çatmamış uşaqlar və pensiya yaşına çatmamış şəxslər təzminat ala bilər.

Təəssüf ki, Yasamal Rayon Məhkəməsində hakim Mətanət Qasımova mənəvi təzminatı da simvolik olaraq – 10 min manat məbləğində dəyərləndirdi və digər iki həkimi təzminat ödənməsindən azad etdi. Bu, olduqca ədalətsiz bir qərar idi. Əlbəttə ki, dərhal apelyasiya şikayəti verdik. Ancaq Mətanət Qasımovanın səhhətində hazırda çox ciddi problem var və xaricdə müalicə olunmaq məcburiyyətindədir. Yeri gəlmişkən, Allahdan ona şəfa arzulayırıq. Onun ölkədə olmaması səbəbindən apelyasiya bir qədər geciksə də, hazırda M.Qasımovanın işlərini təhvil alan hakim müəyyənləşdirildiyindən, şikayətimiz apelyasiyaya qəbul edilib.

İşə noyabrın 26-sı baxılacaq. Güman edirik ki, iddiamızın təmin olunmasına nail ola biləcəyik. İstənilən halda biz bu məsələni Avropa Məhkəməsinə qədər aparacağıq. Həm zərərçəkən Anar Niftəliyev, həm də iddiaçı qismində çıxış edən mərhum Elnarə xanımın digər doğmaları həkimlərin qanunvericilik çərçivəsində maksimum cərimələnməsində israrlıdır. Buna görə də bu prosesi ən ali mərhələyə qədər aparacağıq. Məhz ona görə ki, bir insanın ölümünə görə yaxınlarının çəkdiyi mənəvi iztirabın yanında 10 min çox gülünc bir məbləğdir”.

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarlandığı üçün araşdırılması üçün Vergilər Nazirliyinin istintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm