Bilik Fondu gələcəyin cərrahları və memarları üçün təqdimat keçirib
Bizi izləyin

Qırmızı.az

Bilik Fondu gələcəyin cərrahları və memarları üçün təqdimat keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu iki ali təhsil ocağında təqdimat keçirib.

Fondun informasiya təminatı sektorundan bildiriblər ki, qurumun əməkdaşları əvvəlcə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında olublar.

Təqdimat mərasimində Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, fondun layihələrinin həyata keçirilməsində sağlam cəmiyyətin qurulmasına xidmət edən həkimlərin iştirakına ehtiyac var. Tibb işçiləri, xüsusən də səhiyyə sistemində çalışan alim və tədqiqatçılar fondun dəstəyi ilə bilik və bacarıqlarını əhaliyə daha təsirli formada çatdıra bilərlər.

Klinikanın direktoru, professor Hacıqulu Bağırov rəhbərlik etdiyi tibb müəssisəsinin təcrübəli əməkdaşlarının Bilik Fondunun layihələrində yaxından iştirak edəcəyini bildirib.

Digər təqdimat Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilib.

Universitetin rektoru, Milli Məclisin deputatı, Gülçöhrə Məmmədova Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək məqsədi ilə belə bir Fondun yaradılmasını yüksək dəyərləndirib.

Rektor rəhbərlik etdiyi ali məktəbin müəllim və tələbələrinin Bilik Fondu ilə birgə səmərəli layihələr həyata keçirəcəklərinə əminliyini bildirib.

O.Səmədov Bilik Fondunun fəaliyyət istiqamətləri, maarifçilik tədbirləri ilə bağlı geniş məlumat verib. O, fondun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə əməkdaşlığın mümkün formaları barədə ətraflı danışıb.

Fondun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələrdən bəhs edən film nümayiş olunub.

Daha sonra müəllim və tələbələrin suallarını cavablandıran O.Səmədov onları Bilik Fondunun tədbirlərində, əhali arasında elmi-texniki biliklərin artırılması ilə bağlı layihələrdə fəal iştirak etməyə çağırıb. Universitetin rəhbərliyi fondun tədbirlərində, xüsusən “Dini abidələrdə tarixin izləri” layihəsində iştirak etmək istədiklərini bildirib.

Bilik Fondunun ali məktəblərdə təqdimatları gələn həftə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm