“Müəllimə əlimizə şlanq verib dedi ki...” Qalmaqalli internat məktəbindən REPORTAJ/FOTOLENT
Bizi izləyin

Qırmızı.az

“Müəllimə əlimizə şlanq verib dedi ki...” Qalmaqalli internat məktəbindən REPORTAJ/FOTOLENT

Mətbuatda Bilgəhdə yerləşən 11 saylı internat məktəbində uşaqların tualetdə soyuq su ilə çimizdirilməsi barədə məlumat ötən günün əsas mövzusuna çevrildi.

Çünki bu, adıçəkilən internat müəssisəsi ilə bağlı yayılan ilk məlumat deyildi. Bir müddət əvvəl həmin müəssisədə Surxay adlı uşağın internat yoldaşı Fatehin üzərinə qaynar su tökərək yandırması barədə məlumatlar yayılmışdı.

Bir-birinin ardınca eyni müəssisə barədə yayılan söz-söhbət bizi də ora baş çəkməyə vadar etdi. Məktəbə baş çəkərək bu xəbərlərin doğruluq payını araşdırmaq qərarına gəldik.

Məlumatları mətbuata açıqlayan məktəbin müəlliməsi Mülkücahan Əliyevanın ittihamları barədə mətbuatda dəfələrlə yazıldığından, bir daha həmin məqamları sadalamaq istəmirik. Lakin yayılmış məlumatların nə qədər doğru olduğunu hadisə iştirakçılarından öyrənməyə çalışdıq.

Bizi məktəbin qarşısında qarşılayan direktor Gülnarə Abdullayeva əvvəlcə bizi tədris korpusu ilə tanış edir. İnternatda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla üçün məktəblə yanaşı, bağça və ümumtəhsil məktəbi də fəaliyyət göstərir.

Məktəbdə ümumilikdə 1031 şagird var, onların 208-i xüsusi qayğıya ehtiyacı olanlardır. 116 uşaq isə gecə müəssisədə qalır. Gecə qalan uşaqlar arasında valideyni olmayanlarla yanaşı, valideyni olanlar da var. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün siniflər 8-12 nəfərlikdir, onlara bir müəllim və tərbiyəçi ayrılıb.

“Lazım olmasam işləmərəm”

Sinif otaqlarını gəzərkən direktor müavini Mirvari Orucova ilə qarşılaşırıq. O həmin Mirvari Orucovadır ki, oğlu Cavid Orucov Ermənistandan siyası sığınacaq alıb. Oğlunun atdığı addımdan təəssüf hissi keçirdiyini deyən Mirvari xanım, bu məsələdən şantaj kimi istifadə edilməsinin ona çox pis təsir etdiyini dedi: “Uşaqlara lazım olmasam, burada işləmərəm. Oğlumun belə addım atmasına mən nə edim? Amma mən hər bir uşağa öz övladım kimi baxıram. Gülnarə müəllimədən əvvəl direktor vəzifəsini əvəz edirdim. Mülkücahan müəllimə daima mənim əleyhimə müxtəlif qurumlara şikayət edirdi, imzasız məktublar yazırdı. Onun əsas məqsədi direktor olmaq idi”.

Yeməkxanaya getmirdim

Bir-bir sinif otaqlarını gəzirik. Təmizliyə, səliqəyə xüsusi diqqət göstərildiyi hiss olunur. Otaqlarda istilik də normaldır.

Tənəffüs olduğundan şagirdlərlə rahat danışmaq imkanımız olur. 6-cı sinif şagirdləri arasında həm məktəbdə qalan, həm də dərsdən sonra evlərinə gedənlər var. Gülnarə müəllimə uşaqların rahat danışması üçün bizi tək buraxır. Uşaqlardan yayılan xəbərlərin doğru olub-olmadığı, onlara yaradılan şərait barədə soruşuruq. Dedilər ki, indi razı olsalar da, əvvəllər yeməklər yaxşı olmayıb. Fidan İbrahimova adlı şagird hətta əvvəlki illərdə məktəbə gəlmək istəmədiyini deyir: “Evdən məcbur göndərirdilər. Xoşum gəlmirdi bu məktəbdən. Amma bu il hər şey yaxşıdır. Əvvəl yeməkxanaya getmirdim, amma indi təmiz bişirirlər, hər yer səliqəlidir. Yeməklər evdəki kimidir, ona görə gedib yeyirəm”.

Amma diqqətimizi bir məqam cəlb etdi. Uşaqlar məktəblə bağlı yayılan xəbərlərdən, Mülkücahan müəllimənin işdən çıxarılmasından xəbərdar olsalar da, bu barədə danışmaq istəmədilər.

“Havayı maaş alırsınız”

Siniflərdə işimizi başa vurub müəllimlər otağına daxil oluruq. Otaqdakı müəllimlər - Şəhla Əliyeva, Samirə Novruzova, Alidə Rəhimova Mülkücahan müəllimənin rəhbər olduğu dövrdə məktəbdə vəziyyətin fərqli olduğunu dedilər: “O, müavin olduğu vaxtda dərsdən əlavə bizi saxlayırdı, sonra da havayı maaş aldığımızı deyirdi. Müəllimləri təhqir edirdi. Onun əsas istəyi direktor olmaq idi. Amma adi etik qaydaları bilmir, qarşısındakı ilə daima təhqir formasında danışırdı. Ondan razı olmasaq da, heç yerə şikayət etmirdik. Çünki o rəhbər idi. Fikirləşirdik ki, bu onun qaydalarıdır. Həm də işimizin xətrinə dözürdük. Axı məktəbdə iş davam etməli idi”.

Onu da öyrəndik ki, xəbərlər yayıldıqdan sonra valideynlər övladları oxuyan məktəbə gələrək, yayılan xəbərlərlə maraqlanıblar. Müəllimlər yayılmış yanlış məlumatların məktəbin nüfuzuna zərər vurmaqdan başqa bir şey olmadığını iddia edirlər.

Uşaqların çimizdirildiyi məkan

Gülnarə Abdullayeva bizi bir-bir korpuslarla tanış edir. Uşaqların yataq, tədris otaqlarını gəzirik. Hər bir uşağın ayrıca şkafı, diş fırçası, gecə geyimləri var. Üst geyimlər əlavə şkaflara yığılıb. Biz yeməkxanada olarkən bağça yaşlı uşaqların yemək saatı idi. Müəllimələr bir-bir uşaqları yedizdirir, daha sonra paltarlarını geyindirib, yatmağa aparırdılar.

Məktəbin həyəti də içərisi qədər səliqəli idi və uşaqların əl işlərindən ibarət kompozisiyalarla bəzədilmişdi.

Nəhayət, uşaqların soyuq su ilə çimizdirildiyi iddia edilən hamama, ayaqyoluna baş çəkirik. Burada istilik sistemi qurulub. Uşaqların çimizdirilmə səhnəsinin çəkildiyi yerə baxırıq. Bizə bəzi məqamları izah edirlər. Dedilər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqları hamama ancaq axşam saatlarında aparırlar. Bu da işin özəlliyi ilə bağlıdır. Yoxladıq: su soyuq yox, kifayət qədər isti idi.

Ötən gün hamamda çimdirilən zaman çəkilən və videosu yayılan Ramin hadisə barədə danışır: “Tural mənim ən yaxın dostumdur. Mülkücahan müəllimə Turalla məni tualetə apardı. Şlanqı əlimə verib dedi ki, sən suyu tök, mən də videoya çəkəcəm. Amma tapşırdı ki, heç kimə deməyim. Tural ona niyə belə elədiyimi soruşdu. Mən də dedim ki, müəllimə dedi, mən də elədim”.

Bir müddət əvvəl yoldaşı tərəfindən yandırıldığı iddia edilən Fatehin yanına da baş çəkdik. Nitq qüsur olan Fateh danışa bilmədiyindən, hadisə barədə də məlumat verə bilmir. Hətta yarasının şəklini belə çəkməyimizə razı olmur. Onsuz da əsəbi olan uşağı daha da narahat etməmək üçün, otağı tərk etdik.

“O, direktor olmağa iddialı idi”

Nəhayət, internatın direktoru Gülnarə Abdullayeva bir-birinin ardınca yayılan bu xəbərlərin təfərrüatını danışır: “Yanma hadisəsi baş verən zaman 12 uşaq qızılcaya yoluxmuşdu. Digər uşaqlar yoluxmasın deyə, onları təcrid etmişdik və ümumi yeməkxanaya aparmırdıq. Surxay əlində çay oturmaq istəyəndə, Fateh hərəkət edib, çay onun boynuna tökülüb. Fateh danışa bilmədiyinə görə, nəzarətçi tərbiyəçilər əvvəlcə nə baş verdiyini anlamayıblar. Daha sonra nə baş verdiyini başa düşərək, boğazlı köynəyi uşağın əynindən çıxartmağa çalışıblar. Bu zaman Fatehin boynunun dərisi soyulub. Amma yanıq iddia edildiyi kimi dəhşətli deyildi. 60-a yaxın uşağa gecə tərbiyəçisi və dayə nəzarət edir. Müəllimlərdən biri uşaqları hamama aparıb. Bu hadisə də bir anlıq nəzarətsizlik nəticəsində baş verib. Həmin müəllimlərə də töhmət verilib”.

Direktor Fatehin həkimə aparılmamasının səbəbini də dedi. Onun sözlərinə görə, buna uşağın anası razı olmayıb: “Uşaq atılmış uşaq deyil. Anası hər iki gündən bir gəlib baş çəkir”.

Gülnarə Abdullayeva uşaqların hamamda soyuq su ilə çimizdirilməsi ilə bağlı video materialın müəllimə tərəfindən məqsədli şəkildə hazırlandığını iddia etdi: “Bizim müəssisədə uşaqlar üçün maksimum rahat şərait yaradılıb. Daim isti suyu olan hamamımız var və bütün gigiyenik tələblər gözlənilir. Mülkücahan Əliyeva məqsədli şəkildə 10 yaşlı iki uşağı dərsdən çıxarıb, tualetə aparıb və həmin videonu çəkib. Uşaqlar sonra gəlib mənə Mülkücahan müəllimənin onları videoya çəkdiyini və heç kimə deməmələrini tapşırdığını söylədilər. Üstəlik, məlumatda soyuq su deyilir. Bizim tualetlərdə isə isti su da var”.

Müəssisə rəhbəri Mülkücahan Əliyevanın bu addımını direktorluğa olan iddiası ilə əsaslandırıb: “Mən direktor təyin olunana qədər o burada müavin işləyib, direktor olmağa iddialı olub. Bu cür xəbərlər və video materialların yayması da həmin iddia ilə bağlıdır. Onun baş tərbiyəçi olduğu vaxtlarda uşaqlar ac, paltarsız qalıblar, onlara işgəncə də verilib. İndi isə həmin problemlər aradan qaldırılıb və uşaqlar ev şəraitində yaşayır. M.Əliyeva isə bu şəraiti qəbul edə bilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm