Qırmızı.az
Sumqayıtdakı məsciddə vəhhabi izi - “Burada Allah yoxdur” yazısını kim yazıb? - REPORTAJ
Sumqayıt şəhərində yerləşən məscidlərin birində təxribat xarakterli, daha dəqiq desək, dindarların kəskin etirazına səbəb olan hadisə baş verib. Belə ki, 6-cı mikrorayondakı məscidin divarına naməlum şəxslər tərəfindən ingilis dilində “Burda Allah yoxdur” (“God No Were”) kəlməsi yazılıb.
Həmin foto həm şəhər sakinləri arasında, həm də “facebook” sosial şəbəkəsində geniş ajiotaj yaratdığından məsələ ilə bağlı daha ətraflı məlumat almaq məqsədilə sözügedən ünvana yollandım.
Hadisə yerinə çatdıqda, polis əməkdaşlarının da orada olduğunu
gördüm. Adıçəkilən məscidə gedən yolu isə post patrul xidmətinin
iki maşını bağlamışdı. Bunun səbəbini öyrənmək istədikdə polis
əməkdaşları sualıma cavab verməkdən boyun qaçırdılar. Daha doğrusu,
onlar məscidin yaxınlığındakı evlərdən birində rəhmətə gedənin
olduğunu bildirdilər və buna görə də əraziyə daxil olmağımın
məqsədəuyğun olmadığını dedilər. Söz yox ki, bu, inandırıcı
deyildi. Görünür, polis əməkdaşları bu cür bəsit bəhanə ilə məni
hadisə yerindən uzaqlaşdırmaq niyyətində idilər. Axı rəhmətə gedən
şəxs üçün yolun hər iki tərəfinin bağlanması və əraziyə bu qədər
polis işçisinin cəlb edilməsi ola bilməzdi. Kənardan müşahidə
etdikdə aydın şəkildə görünürdü ki, Sumqayıt Şəhər Polis İdarəsinin
az qala bütün şəxsi heyəti hadisə yerinə cəlb olunub. Odur ki, post
patrul maşınlarının yanından keçib məscidə doğru istiqamət
aldım.
İlk gördüyüm mənzərə sözügedən məlumatın dəqiqliyini bir daha
təsdiqlədi. Belə ki, polis əməkdaşlarının göstərişinə əsasən 4-5
nəfər şəxs məscidin divarında yazılmış “God No Were” kəlməsini
silməyə çalışırdılar. Fürsəti əldən verməyib dərhal şahidi olduğum
mənzərəni fotolentə aldım. Lakin bunu görən polis polkovniki kim
olduğumu, haradan gəldiyimi və nə üçün şəkil çəkdiyimi soruşdu:
- Dayan, nə çəkirsən? Kimsən? Haradan gəlmisən?
- Mətbuat nümayəndəsiyəm.
- Bildim, lakin burda nə işin var?
- İmkan versəniz, sizin kimi mən də öz peşə borcumu yerinə
yetirərəm.
Polis polkovniki ilə dialoqumuz qısa çəkdi. Çünki o, tabeçiliyində
olan polis nəfərlərinə tapşırdı ki, məni dərhal hadisə yerindən
uzaqlaşdırsınlar. “Bunu aparın burdan. Görmürsüz gəlib şəkil çəkir?
Niyə imkan verirsiniz?” deyən polis polkovnikinin əmrinə əsasən
məni məscidin kənarına çıxarmaq istədilər. Lakin israrla peşə
borcumu yerinə yetirməli olduğumu və qanunla buna heç bir qadağanın
olmadığını bildirdikdə, polis əməkdaşları ətrafımda toplaşdılar.
Hər yaxınlaşan da “Sən kimsən, burda nə işin var?” deyə sual
verirdi. Məcbur olub hamısına kim olduğumu və hansı məqsəd üçün
məscidə gəldiyimi bildirirdim. Bu vəziyyətdən təngə gəldiyim üçün
imkan düşən kimi polislərin gözündən uzaqlaşdım. Və yenidən ərazidə
fotoşəkillər çəkməyə, məscidin axundunu axtarmağa, məsələ ilə bağlı
onun mövqeyini öyrənməyə çalışdım. Məscidin içərisində var-gəl
etsəm də, axundla söhbət edə bilmədim. Yerində deyildi. Məscidin
həyətində olan sakinlərdən biri hacının burda olmadığını, lakin
onun köməkçisi ilə danışa biləcəyimi dedi. Beləcə başladım axundun
köməkçisini axtarmağa. Maraqlısı ondadır ki, namaz vaxtının
yaxınlaşmasına baxmayaraq, köməkçini də yerində tapa bilmədim. Odur
ki, məscidin kənarına çıxıb yenidən fotoşəkillər çəkməyə başladım.
Bir qədər öncə də qeyd etdiyim kimi, məscidə gələn yolun hər iki
tərəfi post patrul xidmətinin maşınları ilə bağlanmışdı. Bu
mənzərəni lentə almaq istədikdə polis əməkdaşları yenidən məni
saxladılar və təkrarən eyni sualları cavablandırmalı oldum. Lakin
bu dəfə onlar daha aqressiv davranır, sənədlərimi tələb etməklə
yanaşı, fotokameranı da əlimdən almağa çalışırdılar. Polis
çavuşlarından biri məni “rəis” deyə müraciət etdikləri şəxslərin
yanına apardı.
Qeyd edim ki, ərazidə olan polis əməkdaşları, eləcə də onların
“rəis” deyə müraciət etdikləri şəxslərin heç biri baş vermiş hadisə
ilə bağlı məlumat vermək istəmədi. Onlara ünvanladığım sualları
cavablandırmaq əvəzinə “Axı sənin burda nə işin var?” deməklə
kifayətləndilər. Polis əməkdaşlarından heç bir məlumat ala
bilməyəcəyimi, daha doğrusu onların mətbuatla normal ünsiyyət
qurmaq niyyətində olmadıqlarını görüb, yerli sakinlərlə, eləcə də
məscidə baş çəkən insanlarla söhbətləşməyə başladım. Lakin polis
əməkdaşları buna da mane olmağa çalışdılar. “Araşdırma aparırıq.
Lazımi məlumat sonra veriləcək. Ekspertiza gəlsin, sonra baxaq
görək nə olur” deməklə kifayətlənən asayiş keşikçilərinin
təzyiqlərinə baxmayaraq, 6-cı mikrorayonun sakinlərinin bir
neçəsilə danışa bildim. Beləcə, polisdən ehtiyat etdiyi üçün adının
çəkilməsini, eyni zamanda fotoşəklinin yayımlanmasını istəməyən
25-30 yaşlarındakı gənc baş vermiş hadisəni Sumqayıt şəhərindəki
vəhhabilərin növbəti təxribatı kimi dəyərləndirdi: “Bu şəhərin
harasına baxsanız, saqqallılara (vəhhabiləri nəzərdə tutur) rast
gəlmək mümkündür. Eşitmişəm ki, bu məsələdə vəhhabilərin adı
hallanır. Çünki bütün Sumqayıt camaatı bilir ki, bura şiə
məscididir. Vəhhabilərin isə bizdən xoşları gəlmir”.
Məscidin həyətində olan dindarlardan biri də təxminən eyni mövqedən
çıxış etdi. Belə ki, o da baş vermiş hadisəni Sumqayıt
vəhhabilərinin təxribatı kimi dəyərləndirdi.
Onlarla söhbətimi yekunlaşdırıb yenidən polis əməkdaşlarına sarı istiqamət aldım. Çünki ortada kifayət qədər ciddi ittihamlar var idi və bununla bağlı mütləq Sumqayıt Şəhər Polis İdarəsinin yetkili şəxslərinin mövqeyini öyrənməli idim. Əfsuslar olsun ki, polis əməkdaşları bu dəfə də eyni ampluadan çıxış etdilər və bir qədər öncəki sualları təkrarlamağa başladılar:
- Sən hardan gəlibsən?
- Bakıdan.
- Bizim altımızda maşın ola-ola indi gəlib çıxırıq. Sən Bakıdan
bura nə tez gəlib çatmısan?
- Bunun məsələyə nə dəxli var? Məscidin divarına yazılan ifadələrə
görə vəhhabilərdən şübhələnirlər. Deyilənlərə görə, bu, onların
əməlidir.
- Mən bu barədə heç nə deyə bilmərəm. Bəsdir, çıx get burdan.
- Suallarımı cavablandırın, gedim. Davranışlardan da görürəm ki,
hadisə yerinə cəlb olunmuş polislər arasında Sizin xüsusi çəkiniz
var. Kimə baxıram Sizə “rəis” deyə müraciət edir. Odur ki, sualımı
cavablandırmağınızı xahiş edirəm: Hadisə ilə bağlı hansı tədbirlər
görülüb?
- Dedim axı, çıx get burdan. Başına iş açma. Sənə yazı yazmaq
lazımdır?
- Bəli. Elə bu səbəbdən də rəsmi qurum olaraq sizin mövqeyiniz də
maraqlıdır.
Həmsöhbət olduğum polis rəisi məni ərazidən uzaqlaşdırmaqla bağlı
çavuşlara tapşırıq verdi. Beləcə, hadisəni kimin və necə törətdiyi
ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin rəhbər şəxslərinə
ünvanladığımız suallar cavabsız qaldı.
Valeh Məhəmməd
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı