Bakının tanımadığı “Sinyor Robinzon” – “BOMJ”la söhbət - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakının tanımadığı “Sinyor Robinzon” – “BOMJ”la söhbət - FOTOREPORTAJ

“Siz hər şeyimi əlimdən aldınız”

Ona çoxdandır diqqət yetirir, qeyri-adi hərəkətlərini müşahidə edirdim. Nəsimi rayonu, Mir Cəlal küçəsi 75 ünvanındakı kiçik parkın qeyri-adi geyimi, davranışı ilə başqalarından fərqlənən daimi sakini günün bütün saatlarında, hətta yağışlı havalarda buranı tərk eləmir. O, bütün günü üst-üstə geydiyi iki gödəkçəsi, kirdən qaralmış göy koftası, başına bürüdüyü yun şalı, ayağındakı köhnə idman ayaqqabısı, yaxasından asdığı uşaq əmzikli butulkası, özüylə gəzdirdiyi sellofan torbalar və plastik yemək qabları ilə parkın ərazisində bütün gün gəzişir. Gecələr isə parkdakı skamyalarda yatır. Sakinlər deyir ki, hər gün səhər heç kimə əhəmiyyət vermədən haradansa yığıb gətirdiyi kağız parçalarını, zibil tullantılarını bir yerə qalaqlayaraq tonqal qalayır, alovun ətrafında çömbələrək qızınır. Dünən də ənənəsinə sadiq qaldı. Zibil yeşiklərinin içindəki kağız parçalarını, kartonları, köhnə süpürgəni üst-üstə qalaqladı. Tonqal qalayıb, iki balaca dəmir qabı alovun üstünə qoydu. Yerdə oturub özüylə gəzdirdiyi sellofan paketləri, torbaları, habelə içinə xiyar, limon, pomidor, kartof, çörək qırıntıları yığdığı plastik qabları qarşısına topladı. Başına bürüdüyü şalla üzünü gizlətdi. Sanki heç kimin onu görməsini istəmir, buradan ötən hər kəsdən gizlənməyə çalışırdı. Tonqalın yanındakı ağacın dibində yerə tökülmüş xeyli sayda limon, alma, kartof, xiyar qalıqları onun burada nahar etdiyini göstərirdi.

“İnsanlar mənə lazım deyil”

Əllərini ovuşdurub soyuqdan donan barmaqlarını qızdırmağa çalışırdı. Tonqalın gözlərini göynədən tüstüsünə əhəmiyyət vermirdi. Başını aşağı salıb üzünü gizlətmişdi. Yavaş-yavaş yaxınlaşıb həmsöhbət olmağa çalışdıq:

- Salam...

Başını qaldırmadan, üzümə baxmadan salamımıza rus dilində cavab verdi:

- Sağ ol, Vasya, sağ ol, sağ ol. (Əliylə çıxıb getməyimizi işarə edir)

- Necəsiniz?

- Sağ ol, Vasya, çıx get Rusiyana. Qayıt ölkənə, orda bol kartof var.

- Mən Rusiyadan gəlməmişəm. Burda yaşayıram.

- Sən Rusiyadan gəlmisən.

- ...

- Belə soyuq havada niyə burda oturmusan?

- Rusiya, ora böyükdür. Hər şey oradadır, amma kasıblar...

Bunu deyib susur, yaxasını açır. Döş cibindən dəftər vərəqi çıxarıb onu bükür, arasına çay qurusu tökür. “Papiros” hazırlayıb yandırır, asta-asta çəkməyə başlayır. Dialoqu davam etdirirəm:

- Sənin adın nədir?

- Vasya, sağ ol, sağ ol.

- Adını niyə demirsən?

- Adım... Nəyinə lazım?

- Sənlə dost, həmsöhbət olmaq istəyirəm?

- İnsanlar mənə lazım deyil. Onların hamısı pisdir. Siz mənim hər şeyimi əlimdən aldınız. Çıx get...

Bunu deyib başını yun şalın içində gizlətmək istəyir. “Papiros”unun tüstüsünü ciyərlərinə çəkərək əllərini yelləyir. Onu yenidən söhbətə tutmaq, dialoqa çəkmək istəyirəm:

- Əlindən nəyi, kim aldı?

Yarırus, yarıazərbaycanca, qırıq-qırıq danışmağa başlayır:

- Hər şeyi Qalina bilir. Sən onu tanıyırsan?

- Yox, Qalina kimdir?

- Qoy getsin Rusiyasına. Cəhənnəm olsun! Sən də get onun yanına. O, gözəl idi.

- Sən Rusiyada yaşamısan?

- ...

- Ordan gəlmisən? Bəs ailən hardadır? Harda yaşayırdın?

- Get ondan soruş. (Əlimizdəki telefonu göstərərək) Bu nədir?

- Telefondur. Danışmaq istəyirsən?

- Qalinanı tap.

- Nömrəsini de, onu yığım.

- Yoxdur, heç nə yoxdur. Hər şey əlimdən çıxdı getdi. Sən heç 7 il sevmisən?

- Yox. Kimi sevmisən ki?

- Onu...Böyük diyar. Orda hər şey var. Dəmir niyə tonqalda ərimir? Bilirsən?

Elə bu vaxt parkda gəzişən cütlük bizə yaxınlaşır. Hamıdan qaçan müsahibim yol çantalarını və azuqəsini götürüb bizdən uzaqlaşır. Bir qədər kənara çəkilərək bardurun üstünə çıxır. Şübhəli nəzərlə bizə baxır. Sonra nə fikirləşirsə, yerdə oturur.

Bizə yaxınlaşan cütlük deyir ki, o, hər kəsdən qorxur. Xüsusən yanaşı gəzən iki nəfəri görəndə onlardan qaçır.

Yaxınlaşıb söhbəti davam etdirmək istəsəm də, dialoqda qaçır:

- Bura soyuq deyil? Gəl gedək tonqalın yanına

- Çıx get. Sənlə danışmıram. Rusiya... Kakao azərbaycanca necə tərcümə olunur?

- Kakao kimi.

- Məni öldürməz ki?

- Kim?

- Onlar (Əliylə tonqalın yanında dayanan gəncləri göstərir)

- Yox, onlar sənə toxunmazlar. Gəl gedək tonqalın yanına, orda qızınarıq.

- İstəmirəm, tonqalı da əlimdən aldınız.

- Sənin övladın yoxdur?

- Yox.

- Pulun var? Gəl sənə pul verim

- Siz insanların heç nəyi mənə lazım deyil.

- Əvvəllər hardasa işləmisən? Nəçi olmusan?

- Yatmaq istəyirəm. Çıx get.

Ayağa qalxıb sellofan paketlərini, plastik qabları yığır, şalı üzünə dolayıb asta addımlarla uzaqlaşır.

“10 ildən çoxdur burda gecələyir”

Nəsimi rayonu 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçisi Lətifə Həsənova bildirdi ki, kimsəsiz bu laməkan insan artıq 10 ildən çoxdur burada məskunlaşıb:

“Kimsə bulka, kökə, şirniyyat, çörək alıb verəndə geri qaytarıb yerə atır. Bayram ğünlərində sakinlər, elə biz özümüz ona süfrədən qalan yeməklərdən gətirib veririk. Heç kimlə danışmır, onunla ünsiyyət qurmaq istəyənlərdən isə qaçır. Axşamlar harada yorulsa, elə orda da uzanıb yatır. On ildən çoxdur burada gecələsə də, bu günə kimi heç kimə zərər yetirməyib, hər hansı ziyanlıq törətməyib. Ona görə də sakinlər bu qəribə görkəmli “bomj”un gecələr binaların qarşısında gəzişməsindən hər hansı narahatlıq keçirmir. Heç kimlə ünsiyyət qurmadıgından onu tanıyan, keçmişi haqda bilən də yoxdur. Mən 9 ildən artıqdır “JEK” də işləyirəm. O isə 2004-cü ildən burada gəzib-dolanır”.

“...Sidiyini içir, spirtli içki qəbul etmir ”

Həmsöhbətimiz bildirdi ki, adı, keçmişi naməlum olan bu şəxs insanlardan heç nə ummasa da, ətraf binaların sakinlərindən ona yardım edənlər olur. Lakin bir çox hallarda heç kimdən heç nə almır. Əksinə, hamıdan gizlənir:

“Hələ görməmişəm ki, məhəlləmizdə hansısa uşaq ona sataşsın, söz atsın. Onun heç kimlə işi olmadığı kimi heç kimin də onunla işi yoxdur. Gedib zibil yeşiklərindən azuqə yığır. Bir də görürsən saatlarla buralarda görünmür. Darıxanda Mir Cəlal küçəsi boyu aşağı-yuxarı gəzir. Ayaqyolu kimi bu ərazidən istifadə edir. Sidiyini yaxasından asdığı əmzikli şuşə qaba töküb içir. Bəzən tonqalın üstünə içində su olan dəmir qab qoyub qaynadır. Niyə belə etdiyini bilən yoxdur. Yeməkdən doyanda ordan-burdan yığdığı azuqələrin, yemək qırıntılarının yarısını plastik qabarın içinə doldurur, yemədiklərini isə ağacın dibinə atır. Hara gedirsə, bu torbaları, sellofan paketləri və plastik şüşə qabları özüylə gəzdirir. Deyəsən, onu nə vaxtsa döyüblər, çünki hamıdan qorxur. Elə bilir ki, onu öldürmək istəyirlər”.

Nəsimi rayonu 77 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçisi bildirdi ki, bu “bomj”u digərlərindən başqa qeyri-adiliyi də fərqləndirir:

“Bakıdakı bəzi bomjlar, xüsusən ruslar alkaşlardır. Amma bu, heç spirtli içki içmir, alkaşlıq etmir. Zibil yeşiklərində dibində spirt qalmış araq butulkalarına əhəmiyyət vermir”.

Sakinlərlə söhbət zamanı məlum oldu ki, bəzilərinin “Sinyor Robinzon” adlandırdığı bu kimsəsiz insan Bakıya sonradan gəlib. Çox güman ki, Rusiyadan. Amma onun hansı vilayətindən, şəhərindən gəldiyini bilən yoxdur.

Nəsimi rayon sakinlərindən biri isə bildirdi ki, 11 il əvvəl bu kimsəsiz insanın Bakıda ailəsi də olub. Amma həyat yoldaşından ayrılıb və qadın onu evdən qovub.

Acı taleyi, keçmişi ilə bağlı xatirələri heç kiminlə bölüşməyən bu insan bu dünyada özü boyda yer tutur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm