• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Azərbaycanda televiziya aparıcılarına xəbərdarlıq edildi

Azərbaycanda televiziya aparıcılarına xəbərdarlıq edildi

Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" adlı layihə əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monkitorinqlərin nəticələrinə dair mətbuat konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən MTRŞ sədri N.Məhərrəmli deyib ki, Azərbaycan televiziya məkanında ədəbi dilin normalarının pozulmasında bəzən Azərbaycan ziyalılarının və elm adamlarının da rolu var.

Onun sözlərinə görə, bəzən televiziya kanallarında efirə dəvət olunan elm adamları, sənət adamları öz fikirlərini Azərbaycan dilində deyə bilmir: "Bu, bizi çox narahat edir. Lakin əvvəlki monitorinqlərin nəticələri ilə müqayisədə ədəbi dil normalarının pozulması halları azalıb".

Televiziya kanallarında müxtəlif ləhcələrlə danışılması məsələsinə də toxunan N.Məhərrəmli qeyd edib ki, bəzən aparıcılar müxtəlif regiona xas olan dialekt ilə danışır: "Ancaq Azərbaycanın vahid dil forması mövcuddur, necə ki, bunu orta məktəblərdə öyrədirlər. Biz bu problemin aradan qaldırılması istiqamətində daim monitorinqlər aparırıq və artıq müsbət nəticələr əldə olunur.

Bundan əlavə, televiziya kanallarında şou xarakterli verilişlərin azalması tendensiyası, intekllektual xarakterli verilişlərin isə artması tendensiyası müşahidə olunur. Biz daim bu məsələni nəzarətdə saxlayırıq".

N. Məhərrəmli bildirib ki, televiziya kanallarının əsas vəzifəsi cəmiyyəti maarifləndirməkdir: “Bu baxımdan da telekanalların üzərinə böyük məsuliyyət düşür. Televiziya kanallarına yalnız kommersiya xarakterli təşkilatlar kimi baxılmamalıdır, onlar cəmiyyət qarşısında ciddi məsuliyyət daşıyan fəaliyyət sahəsidir. Orta səviyyəli biliyi olan inasanların aparıcılıq etməsinə imkan verilməməlidir. Aparıcılar yüksək intellektual səviyyəyə malik olmalıdır. Bizim məqsədimiz televiziya kanallarını tənqid etmək deyil, ancaq bu nöqsanların aradan qaldırılması həm də televiziya kanallarının özlərinin xeyrinədir".

Konfrans zamanı Dilçilik İnstitutunun filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qazıyeva qeyd edib ki, layihə çərçivəsində milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb edilib."Bu zaman 6 telekanalda - İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV-də yayımlanan verilişlər (xüsusən xəbər proqramları) izlənilərək ədəbi dil normasının pozulma faktları aşkarlanıb, bu nümunələr təhlil olunaraq sonda statistik baxımdan hesablamalar aparılıb.Ümumilikdə ədəbi dil normasından sapmanı əks etdirən 509 nümunə tədqiqata cəlb olunub. Bunlardan 91-i (17%) Xəzər TV-də, 56-sı (11%) İctimai TV-də, 89-u (17%) Space TV-də, 97-si (19%) ANS TV-də, 90-ı (17%) Lider TV-də, 85-i (16%) isə ATV-də müşahidə olunub".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR