Bakı polisi İŞİD-i maliyyələşdirən biznes strukturlarının axtarışına çıxdı - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Bakı polisi İŞİD-i maliyyələşdirən biznes strukturlarının axtarışına çıxdı - ÖZƏL

İŞİD (İraq Şam İslam Dövləti) terror qruplaşmasına Azərbaycandan külli miqdarda maliyyə yardımı edilir. Bununla bağlı umma.ua saytında yayımlanmış informasiyada qeyd olunur ki, İraq Şam İslam Dövlətinə yardımlar daha çox paytaxt Bakıda fəaliyyət göstərən iri ticarət mərkəzlərindən, eləcə də tanınmış supermarketlər şəbəkəsindən edilir.

Qeyd olunur ki, indiyədək İŞİD terror qruplaşmasına nə az, nə çox - düz 5 milyon dollarlıq yardım edilib. Terrorçulara ayrılmış pullar isə əsasən təşviqat materiallarına, terrorçuların maaşlarına və planların icrasına ayrılır.

Bu arada, hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, artıq paytaxt polisi sözügedən məsələni ciddi nəzarətə götürüb. Məlumatda qeyd olunur ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov İŞİD terror qruplaşmasına maliyyə yardımı edən biznes strukturlarının müəyyənləşdirilməsi üçün tabeçiliyində olan polis əməkdaşlarına xüsusi tapşırıq verib.

“Artıq bir neçə gündür ki, paytaxt polisi bununla bağlı müvafiq tapşırıq alıb və hazırda Bakıda bu və digər formada vəhhabilərlə bağlı olan ticarət mərkəzlərinin, iri supermarketlərin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür” deyən mənbənin iddiasına görə, məsələ Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin nəzarətindədir.

Məlumatı dəqiqləşdirmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəhbəri Qalib Ariflə əlaqə saxladıq.

İdarə sözçüsü bildirdi ki, onda bu barədə məlumat yoxdur. Yayılan məlumatı Azərbaycana qarşı böhtan hesab edən Q.Arif bildirib ki, Azərbaycanın adının İŞİD-lə birgə hallanması, guya ona hər hansı bir formada yardım etməsi böhtandır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə sözügedən məsələnin ölkənin milli təhlükəsizliyilə bağlı olduğunu qeyd etməklə yanaşı, müvafiq qurumlara müraciət etməyi məsləhət gördü:

“Bu, ölkənin təhlükəsizliyilə bağlı məsələ olduğundan, aidiyyəti qurumlar bu işlə məşğul olur”.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirdi ki, onlarda belə bir məlumat yoxdur:

“Biz həmin məlumatla tanış deyilik. Yalnız məlumatla tanış olduqdan sonra, fikrimizi deyə bilərik”.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm