• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Polis ətrafı zibilləyənlərə qarşı “müharibə” elan etdi - FOTO

Polis ətrafı zibilləyənlərə qarşı “müharibə” elan etdi - FOTO

Azərbaycan polisi zibilliklərin yaranmasına, məişət tullantılarının qalaqlanmasına şərait yaradanlara, məişət tullantılarını tutumlardan kənar yerlərə atanlara və sanitariya-gigiyena qaydalarına riayət etməyənlərə qarşı cəza tədbirləri görür.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, son illər ölkədə aparılan sosial-iqtisadi islahatlar çərçivəsində ətraf mühitin mühafizəsi, vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Paytaxtda , eləcə də respublikanın bütün şəhər və rayon mərkəzlərində parklar, yaşıllıqlar salınıb, müasir tələblərə cavab verən əyləncə və istirahət zonaları yaradılıb, sanitariya-gigiyena qaydalarına riayət olunmasına nəzarət artırılıb.

Bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin daha da artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Fərmanı ilə daxili işlər orqanlarına İnzibati Xətalar Məcəlləsinin mövafiq maddələri üzrə inzibati xətalar haqqında işlərə baxmaq və qərar qəbul etmək səlahiyyəti verilib.

Ətraf mühitin mühafizəsi, sanitariya-gigiyena qaydalarına riayət edilməsi istiqamətində görülmüş bütün təşkilati tədbirlərə baxmayaraq müşahidələr göstərir ki, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən məişət tullantılarının tutumlardan (urnalar) kənar yerlərə atılması, onların qalaqlanması, süni zibilliklərin yaradılması hallarına hələ də rast gəlinir.

Məişət tullantıları üçün zəruri yerlərdə tutumların yerləşdirilməsi, tullantıların vaxtında daşınmasının təşkili Mənzil Kommunal İstismar sahələrinin bilavasitə xidməti vəzifələrinə daxil edilsə də, təəssüflər olsun ki, bəzi hallarda onlar tərəfindən buna tam əməl olunmaması məişət tullantılarının qalaqlanmasına, süni zibilliklərin yaranması ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Deportamenti ilə birlikdə keçirdiyi tədbirlər zamanı Yasamal rayonundakı «Qanlı göl» adlanan ərazidə zibilliklərin yaranmasına, məişət tullantılarının qalaqlanmasına şərait yaratdıqlarına görə Rayon İcra Hakimiyyətinin 22 və 64 saylı Mənzil Kommunal İstismar sahələrinin rəisləri Məhəmməd Hüseynov və Rafiq Novruzov İnzibati Xətalar Məcəlləsinin mövafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Eyni zamanda, Suraxanı rayonunda fəaliyyət göstərən «Zığ» gil yatağının cənub hissəsinə, Yasamal rayonunda isə «Qanlı göl» ərazisinə məişət və bərk tullantılar boşaltdıqlarına görə «Kamaz», «HOWO», «QAZ-3507» markalı yök avtomaşınların sürücüləri Rauf Məmmədov, Anar Mikayılov, Söcəddin Xurşudov, Azad Musayev və Kənan Hüseynquliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunublar.

Eləcə də, məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına görə Sabunçu rayon sakini Mirqədir Əzimov, Binəqədi rayon sakini Məhiyəddin Balakişiyev, Xətai rayon sakini Mirhüseyn Sadıqov, Yasamal rayon sakini Rahil Məmmədov, Abşeron rayon sakinləri Təzəgül Ağayeva, Mirzəli Məmmədov, İlham Həmidov barəsində İnzibati Xətalar Məcəlləsinin müafiq maddəsi ilə protokollar tərtib olunub.

Ümumilikdə cari ilin ötən dövrü ərzində məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına, sanitariya-gigiyena qaydalarına riayət etmədiklərinə görə 2885 vətəndaş polis orqanları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR