• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İnternet məsuliyyəti ilə bağlı kitab təqdim olundu - FOTOLAR

İnternet məsuliyyəti ilə bağlı kitab təqdim olundu - FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) “İnternet üzərindən yayılan inormasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” kitabının təqdimatını keçirib.

Publika.az-ın məlumatına görə, tədbirdə JuHİ sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşviq Ələsgərli, media hüquq eksperti Ələsgər Məmmədli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, bir neçə media orqanlarının baş redaktorlar və jurnalistlər iştirak edib.

Kitab, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə icra olunan “İnternet üzərindən yayılan inormasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda KİV təmsilçilərinin maarifləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb. JuHİ sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşviq Ələsgərli bildirib ki, Azərbaycanda sürətli və aşağı qiymətli internet xidmətinin təşkil edilməsi ölkədə internet istifadəçilərinin sayının sürətlə artmasını stimullaşdırıb: “Təəssüf ki, belə inkişaf müsbət tendensiyalarla yanaşı, ciddi problemləri gündəmə gətirib. Bu gün interneti, sosial şəbəkələri “nəzarətsiz zona” kimi dəyərləndirənlər çoxdur. Şəxsi həyatın toxunulmazlığı prinsipindən, təhqir və böhtanın yolverilməzliyindən, ailə-məişət mövzusuna dair informasiyaların həssaslığından, dövlət sirri haqqında qanundan xəbərsiz olanlar hüquqi məsuliyyəti nəzərə alınmadan yaydıqları qeyri-dəqiq informasiyalarla həm informasiya obyektlərinə, həm də özlərinə ciddi problem yaratmış olurlar. Avqust ayında cəbhədə yaşanan qısa müddətli gərginlik zamanı biz bu problemi daha dəqiqi müşahidə edə bildik. Dövlət strukturları, əlaqədar orqanlar problemin aradan qaldırılması üçün müdaxilə etməli oldular. JuHİ-nin KİVDF-nin yardımı ilə hazırladığı bu vəsait qeyd edilən problemin aradan qaldırılmasına yardım göstərmək, ölkə vətəndaşlarına internet istifadəsi zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgilər vermək məqsədi daşıyır”.

M.Ələsgərli bildirib ki, vəsait KİV redaksiyalarına pulsuz paylanılacaq. Həmçinin kitabın elektron versiyası JuHİ saytında yerləşdiriləcək.

Daha sonra çıxış edən media hüquq eksperti Ələsgər Məmmədli bildirib ki, bu kitabda yazılanlar bütün media əhlini, mediada işləyən hər kəsi ciddi narahat edir: “Çünki bir tərəfdən sürətlə inkişaf edən texnologiya və bu texnologiyanın gətirdiyi yeni münasibətlər, digər tərəfdə isə ənənəvi olan məsuliyyətlər və bu məsuliyyətlərlə paralel funksiyalar. Azərbaycan və Beynəlxalq Qanunvericilik arasında ortaq xətti tutmaq çox önəmlidir. Bu xətt nədir? Bizim qanunvericiliyimiz azadlıqlara çox geniş yer verən bir konstitusiyadır. Konstitusiyamız əslində Avropa İnsan Hüquqları Konvensiyasının 1950-ci ildə qəbul edilən qanunla çox yaxındır”.

Ə.Məmmədli qeyd edib ki, sürətlə gedən internet yeni media resursları yaradıb: “Kim ki, yeni media alətlərindən daha yaxşı istifadə edir, onlar ənənəvi mediada olduğu kimi, onlayn mediada da liderliyini qoruyurlar. Bu məsələ kitabda da vurğulanıb. İngiltərədə ilk 10 sayt içərisində 5 yeri tutan sayt yeni media olsa da, ənənəvi medianın internet mediasıdır. Yəni klassik qəzetlərin veb-səhifələridir. Ənənəvi medianın üstünlüyü ondan ibarətdir ki, peşəkarlarla işləyir. Peşəkar jurnalistlərin yeni proseslərə adaptasiya olunması həmin qurumu daha da üstün vəziyyətə gətirir”.


Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR