7 il həbsdə olan ərini gözlədi, mükafatı QİÇS oldu
Bizi izləyin

Qırmızı.az

7 il həbsdə olan ərini gözlədi, mükafatı QİÇS oldu

“Bakıya nə üçün gəldiyimi anam, bacım, dayım və yoldaşından başqa heç kim bilmir. Başqaları bilsə, pis olaram, ona görə heç kimə demirəm. Mənə başqa gözlə baxacaqlar. Səsimin yazılmasını da istəmirəm. Kimsə eşidər, tanıyar”.

Adını, soyadını verməyəcəyimə və səsini məndən başqa heç kimin eşitməyəcəyinə söz verəndən sonra müsahibəyə razılaşır.

Sözümüzə əməl edirik. Adı və soyadı önəmli deyil. Önəmli olan yaşadıqlarıdır.

Onun 32 yaşı var, başına gələnlər onu yaşından daha çox qocaldıb. Yeni həyata başlamaq isə haqqıdır. Özünün də istəyi var, amma…

Xəstəliyi və yaşadıqları bir az ümidini qırıb. Yaşamaq gücünü balaca qızından alır, ancaq onun üçün yaşayır. Onu başına gələnləri və Bakıya gəlməsini insanlardan gizlətməyə məcbur edən səbəb QİÇS-dir. Bu xəstəliyə onu həyat yoldaşı yoluxdurub. Amma öz günahı da var.

Publika.az-ın “Qırmızı xətt” layihəsində bu dəfə QİÇS xəstəsinin taleyindən bəhs edəcəyik.

Rusiyada formal nikaha girmişdi

Cəmiyyətin bəlasına çevrilmiş bu xəstəliyə ölkəmizdə 4774 nəfər yoluxub. Xəstəliyə yoluxanların ildən-ilə artmasının əsas səbəbi insanların bu barədə məlumatsızlığı, ehtiyatsız davranışlarıdır.

Bu virusa yoluxmanın insanın həyatına necə təsir etməsi barədə daha ətraflı müsahibimin həyat hekayəsindən tanış olaq.

Kollec bitirib, amma heç vaxt işləməyib. Təhsilini başa vuran kimi sevdiyi oğlanla ailə qurub. Oğlan qonşu kənddən olub. Dediyinə görə, münasibətləri olduğu vaxtda heç bir problemləri olmayıb.

“Mənimlə çox yaxşı davranırdı, böyük-kiçik yeri bilən idi. Nişanlı olduğumuz vaxtlarda heç vaxt problem yaşamamışıq. İşləmək üçün Rusiyaya gedirdi. Bir müddət işləyib, geri qayıdırdı. 2001-ci ildə Rusiyadan gələndən sonra evləndik. Rusiyada işləmək üçün formal nikaha girmişdi. Ona görə də bizim rəsmi kəbinimiz olmadı. Ancaq restoranda toy etdik.

Bir uşağımız oldu, amma doğuş zamanı öldü. Bir müddət keçdi, yoldaşım yenidən Rusiyaya işləməyə getdi. Orda işlədiyi vaxt həbs olundu. 7 il həbsdə qaldı”.

“20 il də həbsdə olsa, gözləyəcəkdim”

Bu hadisədən sonra ata evinə qayıdan müsahibim yoldaşının bir gün qayıdacağına ümid edir.

“Valideynlərimin yanına qayıtmışdım, amma yoldaşımın ailəsi ilə əlaqəmi kəsməmişdim. Kənardan çox adam, hətta öz qohumlarım da ondan ayrılmağımı məsləhət gördü. Axı onun gəlib-gəlməyəcəyi bəlli deyildi. Amma mən razı olmadım, 20 il də həbsdə qalsaydı, onu gözləyəcəkdim. Çünki onun heç bir pis hərəkətini görməmişdim. O, təsadüfən davaya qarışıb həbsə düşmüşdü”.

Yaxınları, ailəsi yoldaşının geri qayıdacağına inanmasa da, o ümidini itirmir. Gözləyir və 2011-ci ildə yoldaşı gəlir. Gələn kimi də rəsmi kəbin kəsdirirlər.

“Gələndən sonra onda nəsə dəyişiklik hiss edirdim. Bəzi pis vərdişləri yaranmışdı. Həbsə düşənə qədər siqaret çəkmir, içki içmirdi. Amma qayıdandan sonra hamısına başlamışdı. Öskürür, iş görə bilmirdi. Rusiyadan qayıdandan bir-iki ay sonra ağciyərinə su yığıldı. Qeydiyyata düşdü. Bundan sonra əzablı günlərimiz başladı. Artıq işləmirdi. Gecələr qumar oynayır, gündüz yatırdı. Mən də mağazada işləyirdim. Evə heç vaxt pul vermirdi. Qumardan qazandığı pulu özü üçün xərcləyirdi. Hər gecə evə eyni saatda gəlirdi, səhərə qədər yatmırdı”.

Hamilə olanda döydü…

Müsahibim yoldaşının xasiyyətindəki dəyişiklikləri hiss etsə də, ondan heç vaxt şübhələnmir.

“Ondakı dəyişikliyin səbəbini başa düşmürdüm. Fikirləşirdim ki, yəqin, həbsdə qaldığına görədir. Narkotik qəbul etməsi heç vaxt ağlıma gəlməmişdi. Əsəbi olurdu, düşünürdüm ki, yəqin, işi olmadığına görə belədir. Bir gün plastmas qabda bir bitkini gül adı ilə mənə verdi, tapşırdı ki, yaxşı qulluq edim. Baxan kimi onun çöllərdə bitən narkotik bitki olduğunu başa düşdüm. Dibinə qaynar su tökdüm. O, bitkinin məhv olduğunu görəndə çox əsəbiləşdi. Başa düşdüm ki, düz fikirləşmişəm. Amma heç kimə bir söz demədim.

Onun bu hərəkətlərindən sonra aramızda əvvəlki hörmət qalmamışdı. Hər gün qumara gedəndə dalaşırdıq. Tez-tez məni döyürdü. İkinci dəfə hamilə olanda qarnıma təpiklə vurmuşdu, ikiaylıq uşağım öldü.

Amma heç vaxt ata evinə qayıtmaq istəmədim. Polisə də düşmüşdük, amma yenə də fikirləşdim ki, ailəmdi, günahından keçim. Hamı da üstümə gəldi, dedilər ki, bütün ailələrdə belə hadisələr olur. Baldızlarım deyirdi ki, “biz də döyülmüşük. Adam asanlıqla arvad olmur”. Bu sözlər əlimi bağlayırdı, fikirləşirdim ki, demək, dözmək lazımdı”.

Xəstə olduğuma inanmadım

2012-ci ildə 8 aylıq hamilə olanda onda İİV aşkarlanıb. Bu da təsadüf nəticəsində olub:

“Kəndimizdə həkim var idi, hər ay yanına gedib müalicə alırdım, amma İİV-ə görə, yoxlanmamışdım. Bu virusa yoluxduğumu deyəndə əvvəl inanmadım, sonra yoldaşım vərəmdən müalicə edilərkən, ondan da bu xəstəliyin aşkarlandığını dedi. O da müalicə olunurmuş, amma xəbərim olmayıb. Dərman atırdı, elə bilirdim ki, vərəmə görədir. Yəqin ki, QİÇS-ə görə də müalicə alırmış. Dərmanlardan başım çıxmırdı axı, ona görə bilmirdim”.

Xəstəliyə tutulanın bədəni çürüyür

Müsahibim İİV-ə yoluxması barədə ilk dəfə rayonda müayinə zamanı eşidib. Lakin həkimlər hamilə olduğunu nəzərə alıb, qorxutmamaq üçün vəziyyətin yaxşı olduğunu deyiblər. Daha sonra təkrar müayinə üçün Bakıya gəlib.

“Bakıda məni təkrar müalicə etdilər. Psixoloqun yanında xəstəliyi mənə izah etdilər. Əvvəl elə bilirdim ki, bu xəstəliyə tutulan kimi adamın bədəni çürüyür. Ondan pis qoxu gəlir. Müalicəsinin olduğunu bilmirdim. Psixoloqla danışandan sonra sağalmağa inamım artdı”.

Xəstəliyin yoldaşından keçdiyini bilən müsahibim ondan ayrılmağı heç düşünmür də. “Xəstəliyə yoldaşımdan yoluxmuşam, amma heç vaxt onu günahlandırmamışam. Buna görə ayrılsam, hamı xəstəliyimi biləcəkdi. Bu, daha pis idi.

Uşaq doğulandan sonra da müalicəmi davam etdirdim. Yoldaşım da müalicə olunurdu. Müalicə üçün tez-tez Bakıya gəlirdim. Bir dəfə evə qayıdanda gördüm ki, qızımı bacısıgilə aparıb. Uşaq bir gün ac qalıb. Qızımı məndən ayırıb, özü saxlamaq istəyirdi. Həmin hadisədən sonra ayrılmağa qərar verdim”.

Heç kimə demirəm ki, evlərinə qoymazlar

Bəxti onda gətirib ki, vaxtında müalicəyə başlaması övladını xəstəliyə yoluxmaqdan xilas edib. Övladı virus daşıyıcısı deyil. Uşaq olandan sonra daim nəzarət altında olub. İndi də müalicə alır və özünü yaxşı hiss edir. Amma xəstəliyi ilə bağlı heç kim bilmir.

“Xəstəliyimi ancaq anam, bacım, dayım və yoldaşı bilir. Heç kimə demirəm. Həm pis baxarlar, həm də evlərinə qoymazlar, onlara gedəndə narahat olarlar. Axı xəstəliyin necə keçməsi barədə xəbərləri yoxdur. Xəstəxanaya gələndə qızımı anama verirəm. Başqa vaxt, uşağım həmişə yanımda olur.

Virusum sıfıra düşüb, dərmanlarımı mütəmadi qəbul edirəm. İmmunitetim yaxşıdır”.

Müsahibim xəstəlik aşkarlanan birinin ilk keçirdiyi hissləri belə təsvir edir:

“Bu xəstəlik aşkarlanandan sonra adamın yaşamağa həvəsi qalmır. Artıq həyatın mənası olmur, ölümdən başqa heç nə düşünmürsən. Ancaq qızımın sağlam olması mənim yaşamaq həvəsimi artırdı. Bəlkə qızımda da xəstəlik olsaydı, buna dözməzdim.

Yoldaşım aliment vermir. Arada gəlib uşağı görür, amma heç bir əlaqəm yoxdur. Kənddə anamın yanında yaşayıram, amma işləmək istəyirəm. Uşağım üçün çalışıram, istəyirəm həkim olsun. Rayonlarda, kəndlərdə insanlar məlumatsızdır. Xəstəliyə yoluxandan sonra ətrafımdakılara bu barədə məlumat verirəm. Bu müsahibəyə də ona görə razı oldum ki, insanlar məlumatlı olsunlar”.

Müsahibə aldığımız gün qızının ad günü idi. İki yaşı olurdu. Amma o, xəstəxanada olmalı idi. İndi qanında virusun səviyyəsi azalsa da, müalicəsini davam etdirir, ömür boyu da etdirəcək.

Amma xəstəlik onu bir çox hisslərdən məhrum edib. QİÇS bəzən övladının özəl günlərində ayrı qalmasına səbəb olur.

“Qızıma heç vaxt süd verməmişəm. Bəlkə də, heç vaxt yenidən ana ola bilməyəcəm. Bir də ailə qurmayacam. Ömür boyu dərman içəcəm. Həmişə kimsə öyrənər deyə qorxu içində olacam. Ən əzablısı isə qızımdan tez-tez ayrı qalmaqdı. O, xəstəliyimi biləndə, necə olacaq, bilmirəm”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm