• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ləyaqətin təhqirinə görə 50 min, qətl işinə görə 10 min cərimə? - Şok

Ləyaqətin təhqirinə görə 50 min, qətl işinə görə 10 min cərimə? - Şok

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümü ilə əlaqədar açılmış maddi və mənəvi təzminat davası ilə bağlı Yasamal Məhkəməsinin qərarından verilən şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Bu barədə Axar.az-a zərərçəkən Anar Niftəliyevin vəkili Fərhad Mehdiyev məlumat verib. Vəkil qeyd edib ki, növbəti iclas dekabr ayının 17-də keçiriləcək:

“Məhkəmədə cavabdehlərdən ancaq assistent Fərəcullah İdrisov iştirak edirdi. Ancaq məhkəməyə nə Elnarə Tofiqqızının əməliyyatının həyata keçirildiyi “Medi Sina” lkinikasının təmsilçisi, nə onkoloq Mahir Məmmədov, nə də anestezioloq Firuz İbrahimov gəlmişdi. Biz prosesdə mövqeyimizi müdafiə etdik və haqlı iddialarımızı qanunvericiliyin tələblərinə uyğun bir daha səsləndirdik. Yasamal Rayon Məhkəməsi cərrah Mahir Məmmədovla Fərəcullah İdrisovu maddi məsuliyyətdən azad etmişdi. Halbuki cərrahiyyə otağı bərbad vəziyyətdə olan klinikada əməliyyatın keçirilməsini təşkil edən onlardır. Həmçinin anestezioloqun buraxdığı qüsurlarda da cərrahların təqsiri var”.

F.Məmmədov prosesin ilk gününün normal keçdiyini, hakimin iddialara normal münasibət bəslədiyini vurğuladı:

“Hakim İkram Şirinov bizi anlayışla qarşıladı. Təbii ki, bu, ilk iclas idi. Bundan sonra hələ qarşıda çox iclaslar olacaq və hakimlər kollegiyasının mövqeyi onda daha aydınlığı ilə görünəcək.

Yasamal Rayon Məhkəməsi bu iş üzrə sadəcə 10 min manat maddi təzminat ödənilməsi qərarı çıxarmışdı. Bu, bir insan ölümünün qarşılığında verilə biləcək olduqca gülünc təzminatdır. Necə ola bilər ki, şərəf və ləyaqətin təhqirinə görə, məsələn, Nazpəri Dostəliyeva tanınmış sənətkar İlhamə xanımın iddiası ilə 50 min manat cərimə edilir, amma burda 2 azyaşlı uşağın anasının səhlənkarlıqla öldürülməsinin qarşılığında 10 min kompensasiya ödənməsi qərarı çıxarılır? Əlbəttə, mən şərəf və ləyaqətə görə çıxarılan bu qərarı dəstəkləyirəm, çünki bu, insan hüquqlarının uca tutulmasıdır. Ona görə də hesab edirik ki, bu qətl işində çıxarılan kompensasiya qərarı qətiyyən adekvat deyil və biz də iddiamızda bu presedenti misal göstərərək, adekvat kompensasiyanın çıxarılması xahiş etdik.

Yasamal Rayon Məhkəməsi çox məsuliyyətsiz qərar çıxarmışdı, ancaq ümid edirik ki, Apelyasiya Məhkəməsi işə daha obyektiv baxacaq.

Məhkəmə növbəti iclası dekabrın 17-ə təyin etdi. İnanmaq istəyirik ki, proses ədalətli olacaq və istədiyimiz qərarı məhkəmədən ala biləcəyik”.

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işinin istintaqı yekunlaşaraq, Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Nəsimi Rayon Məhkəməsində cinayətkar həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarlandığından, araşdırılması üçün müfaviq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.

Zərərçəkənlər isə qarşı tərəfdən 750 min manat maddi və mənəvi təzminat ödənməsi tələbi ilə paralel olaraq məhkəmə iddiası qaldırıblar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR