• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Milli Məclisin ağlamalı gülməcələri”

“Milli Məclisin ağlamalı gülməcələri”

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitunun direktoru professor Nazim İmanov millət vəkli olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman-zaman etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçada yer almış əhvalatları silsilə şəklində təqdim edir. Beləliklə, Nazim İmanov yazır:

***


Allah sizə insaf versin!

“Qrant haqqında” Qanun layihəsinin müzakirəsinin fasiləsində o vaxt “Hürriyyət”də müxbir işləyən Ləman Ələşrəfqızı deputatlar arasında “Qrant nədir?” sualı ilə sorğu keçirmişdi. Müraciət etdiyi 28 deputatdan heç biri ona düz-əməlli cavab verə bilməmişdi və o da bunu yazmışdı qəzetinə.

Səhəri gün deputat Səmayə Piriyeva həmkarı Etibar Məmmədovu bir kənara çəkib gileylənirdi:

- Allah Nazimə insaf versin, qəzet məni biabır edib. Bu qanunu yazanda mötərizədə qeyd eləməzlər ki, qrant nə olan şeydir?

Etibar də bəy gülə-gülə demişdi ki, “ay Səmayə xanım, bəs birinci maddə elə qrantın tərifidir də”.

- Onda Allah sizə insaf versin. O vaxt gül kimi kiril əlifbamızı dəyişdirib keçirtdiz latına. İndi bu zəhrimar qanun layihələrini heç oxumaq da olmur

***



Reklam, komputer və iki əfəl

“Reklam haqqında” Qanunun bir maddəsinə yüngülvari irad bildirdim:

- Burada deyilir ki, kompüter xidmətlərində reklam, yalnız abonentin razılığı ilə yerləşdirilə bilər. Bu nəinki praktiki baxımdan, heç nəzəri cəhətdən də mümkün deyil.

Spiker Mutuz Ələsgərov başladı məni tənbeh eləməyə:

- Ay Nazim, bu olmadı ki. Sən elə hər maddəyə protiv gedirsən. Belə olmaz, axı. Bu ölkənin bir Prezidenti var, yoxdu? Var, özü də bütün Azərbaycan xalqı onu dəstəkləyir, bildinmi?

Səsinin gurluğu səbəbi ilə mikrofona ehtiyacı olmayan Mikayıl Mirzə işə qarışdı:

- Düz deyir.

- Kim düz deyir?

- Nazim İmanov. Yox e, yəni əslində, əlbəttə ki, səhv deyir. Şəksiz və şübhəsiz. Məsələn, o gün “Fərhad və Şirin” tamaşasının son məşqi vaxtı ağzıgöyçək, sözügerçək, yanıdibçək gözəl bir xanım nəzakətlə, bəlağətlə, təravətlə və həm də məlahətlə təklif etdi ki, tamaşanın ortasında bir reklam pauzası olsun. Üzr istəyirəm, ədəbsiz də olsa, mən ona dedim ki, ay filankəsin qızı filankəs, belə şey olarmı ki, burda Fərhad ölsün, orda da siz reklam verəsiz? Mən ölüm, necə demişəm?

Murtuz Ələsgərov:

- Mikayıl müəllim düz deyir. Çox gözəl teatrdır. Mən genə də deyirəm, hazır olan kimi başda mən olmaqla bütün Milli Məclis bu teatra baxmalıdır. Özü də bura baxın, burda bəziləri rəsmi tədbirlərə dəvətnamə paylananda alırlar, amma sonra getmirlər. Qabaq sıralar boş qalır. Bu da ki səhnədən görünür. Başa düşdüz? Ona görə də mən tapşırmışam, bundan sonra kim o tədbirlərə gəlməsə, qayıb yazacaqlar.

“Qayıb” məsələsindən inciyib zaldan çıxmağa üz qoyan deputat Məzdək Hüseynovu həmkarı Səfa Mirzəyev yaxaladı:

- Məzdək müəllim, hara gedirsiz, indi səsvermə olacaq.

- Sənin canıva, Səfa, daha otura bilmirəm. Belə şey olar? Sonra da müxalifəti bəyənmirlər. Nazim kompüterdən danışır, Mikayıl Mirzə “Əsli-Kərəm”dən.

- “Əsli-Kərəm”dən yox e, Məzdək müəllim, “Fərhad-Şirin”dən.

- Ə, Səfa, bunun da bir fərqi var? İkisi də əfəl olub da bə: nə Fərhad Şirinə bir şey eləyə bilib, nə də Kərəm Əsliyə

***

Bəs xalat?

Milli Məclisin nümayəndə heyəti tərkibində Türkiyəyə səfər edən deputat İbrahim Qafarov daha respektabelli görünmək üçün yola qardaşı oğlunun təzə diplomatını götürür. İstanbulda məlum olur ki, kodu unutduğuna görə diplomatın qıfılını aça bilmir. Ha deyirlər ki, ay İbrahim müəllim, qıfılı sındır, çantanın təzəsini alarsan, deyir – yox ki yox. Deyirlər, yaxşı, çanta qalsın, elə-belə bazarlıq elə, deyir, bəs pul çantada qalıb axı. Və beləcə 2 həftə eyni dəyişək-köynəklə “məhsuldar” diplomatik fəaliyyətlə məşğul olur.

Bakıya qayıtmaq vaxtı çatır. Həmkarları İbrahim müəllimi otelin qabağında 10 dəqiqə gözləyirlər, gəlmir, 15 dəqiqə gözləyirlər, gəlmir, axırda Məmməd Məmmədovu göndərirlər ki, getsin görsün kişinin başına bir iş gəlməyib ki. Məmməd müəllim otağa girib görür ki, İbrahim müəllim dilxor bir durumda oturub çarpayının qırağında və gözlərini zilləyib qarşısına qoyduğu çantaya. Məmməd müəllim soruşur:

- Əşşi, camaat səni gözdüyür e, niyə gəlmirsən?

- Çantam açılmır da.

- Rəhmətdiyin oğlu, çantan yarım aydır bağlıdı də, bunun Bakıya qayıtmağa nə dəxləcəyi?

İbrahim müəllim həsrətlə divardan asılmış xalata baxıb:

- Bəs bu? –deyə soruşur.

- Nə bu?

- Xalat də!

- Xalatdı də, noolsun?

- Bəs indi mən bunu hara qoyum?

***

İşığın sönməkliyi

Milli Məclisdə işıqlar söndü. Rayonlardakı kimi birdəfəlik yox, elə-belə, müvəqqəti. Təbii ki, mikrofonlar da işləmədi. Deputat Eldar İbrahimov spiker Murtuz Ələsgərova təklif verdi:

- Murtuz müəllim, iclası saxlamıyacığıq ki. Gəlin işə başlayaq. Hələlik müxalifətə söz verin danışsınlar, sonrasına baxarıq da.

Təklif Murtuz Ələsgərovun sinəsinə yatdı:

- Düzgün fikirdir. İclasa başlamağımız məsləhətdir. İndi mən müxalifət deputatlarına söz verəcəyəm, ürəklərini boşaltsınlar. Amma mən genə də deyirəm, gündəlikdən kənara çıxsanız, mikrofonunuzu söndürtdürəcəyəm!

BƏS KİTAB?

Hadi Rəcəbov namizədlik dissertasiyası müdafiə edirdi. Akademik Tofiq Köçərli geniş bir nitq söyləyib, hökumət adamlarının, dövlət məmurlarının və Parlament üzvlərinin, o cümlədən H. Rəcəbovun elmlə məşğul olmalarının faydasından danışdı. Mən də həmin elmi şuranın üzvüydüm və Tofiq müəllimdən sonra mən çıxış edəsi oldum:

- Akademik T. Köçərlinin fikri ilə tamamilə razıyam. Siyasətlə məşğul olan adamların elmi işə girişmələri ən azı ona görə faydalıdır ki, hərdən bir kitab oxusunlar, yazı yazsınlar. Mən hətta bir qədər də irəli gedərək deyərdim ki, siyasətlə məşğul olmağa başladığı vaxtdan bəri H. Rəcəbovun gördüyü ən düzgün iş elə bu dissertasiyanı yazması olub...

Hadi müəllim dözmədi:

- Nazim müəllim yenə ağ elədi də, elə deyil axı! Mən bu dissertasiyadan əvvəl bir kitab da nəşr etdirmişəm, bəs o?

ONUN BUNA NƏ DƏXLİ?

Məclisə təzəcə gəlib əyləşmişdim ki, gördüm bizdən qabaqkı sırada oturan Kərim Kərimov sağındakı Firdovsi Əliyevi möhkəm danlayır:

- Axı sən nə bilirsən siyasət nədir. Prezidentin adından istifadə edib min oyundan çıxırsız. Eşitdim indi də təzə “Mersedes” minirsən. Bunlar hamısı bir tərəfə, heç olmasa, təbliğatı da düz-əməlli apara bilmirsən. Şit-şit danışıb bizi gözdən salırsan. Bunlara bənzər bir qalaq ittihamdan sonra Kərim müəllim Firdovsini acıqlı-acıqlı süzdü, “heç mən sənin yanında oturmaq da istəmirəm” – dedi və solundakı boş kresloya keçdi. Guya YAP-çıları barışdırmaq, amma əslində bu məzə fürsətini fövtə verməmək üçün Kərim müəllimə tərəf əyilib onu sakitləşdirməyə başladım:

- Ay Kərim müəllim, axı siz eyni partiyanın üzvüsünüz, niyə dalaşırsınız, mehriban olun, və sair və ilaxır. Kərim müəllim arxaya dönüb pıçıldadı:

- A kişi, mən bu filankəsin biri filankəsin yanında necə oturum? Hər dəfə iclasdan əvvəl sarımsaq yeyir, sonra da gəlib oturur yanımda. Dözmək olur ki?

P.S. Bu əhvalatı danışdığım ilk deputat Ağabəy Əsgərov oldu. Üzümə bir xeyli təəccüblə baxandan sonra soruşdu ki, hər şeyi başa düşdüm, bəs bu sarımsağın təbliğata nə dəxli var

HƏLƏ YAŞASINLAR

Şeyx Allahşükür Paşazadə Milli Məclisə gəlmişdi. Anar Məmmədxanov onu danışdırmaq istədi:

- Şeyx, deyirsiz ki, Xudavəndi-aləm hər şeyi görür, hər şeyi bilir. Bəs Azərbaycanı söküb-dağıdıb-yeyib, üstündən də, mədələri gücə düşməsin deyə badamlı içənləri görmür? Görürsə, bu quldurların canını alıb öldürsün, millətin də canı qurtarsın da...

- Bismillah-rəhmani-rəhim. A bala, bu yazıq Allah neyləsin. Baxır Nizami Xudiyevin televiziyasına, görür hər şey, namxuda, çim yağdı, camaat naz-nemət içində üzür, gecə-gündüz də rəhbərlərə dua oxuyur. O da deyir qoy hələ yaşasınlar.

Bəs sən nə istəyirsən?

Deputat Madər Musayev (Hacı Madər) dostu Şeyxülislam Allahşükür Paşazadədən həmkarı Məzdək Hüseynovun xahişini edir:

- Şeyxanə, diyirəm, bəlkə, bu il Məzdeyi də Məkkiyə aparağ?

- Bismillah-rəhmani-rəhim. Noolar, aparaq deyirsən, aparaq da. Məzdək müəllim, sənədlərini hazırla.

Məzdək müəllim görür ki, iş deyəsən, ciddiləşir:

- Yaxşı, tutalım, mən də getdim Məkkəyə, gəldim dayandım Allahın hüzurunda. Onda qurban olduğum soruşacaq ki, “oğurluq etmisən?”. Deyəcəm yox. Soruşacaq ki, “rüşvət almısan?”. Deyəcəm yox. Soruşacaq ki, “fağır-füqara incitmisən?”. Yenə deyəcəm yox. Onda O mənə deməz ki, “ay filankəs, bu yerdə qalanları başa düşdüm, bəs sən Həccə nəyə gəlmisən?”.


Bu lap ağ oldu

“Kollektiv əmək mübahisələrinin həlli haqqında” Qanun layihəsi müzakirə olunurdu. İşverənlə işçilər arasındakı münasibətləri tənzimləyən maddələrə çatanda Hacı Madər gözlənilmədən, bütün deputatlığı dövründə ilk və yanılmıramsa, son dəfə söz aldı:

- Bilürsüz də, mən indiyə qədər heç danışmamışam. İstəsəm danışardım aa, amma istəməmişəm. Bırda xeyli məsələlər olub ki, siz dimüsüz, biz də səs vermüşüy. Bu deputatdar çox işə qol qoyub, çox işdərnən məşqul olub. Ancağ day belə yox, ala də! İndi diyürsüz işvərənniyə də səs verey?

Operaya da bir quş

Deputatlara dəvətnamə verib, “müəllim də orda olacaq” deyib, yarızor-yarıxoş “Leyli və Məcnun” operasına aparmışdılar. Bir dəstə deputat arxa sıralarda mövqe tutmuşdu. Hacı Madər:

- Qərdeşdər, “Leyli-Məcnun”u bilirüy də. Day hamıynan salamlaşduğ, bildilər burdeyiy, durun gedeyün, - dedi.

Mübariz Qurbanlı:

- Hacı, nə danışırsan, - deyib yüksək mədəni səviyyə nümayiş etdirdi, - əsər ayrı, opera ayrı. Qalmaq lazımdı. Və pıçıltı ilə əlavə etdi: “Belə məsləhətdi!”.

- Ala, Mübariz, opera ayrı diyəndə ki, burda beyəm axırda Məcnun Leyliyə bir şey eliyə bilicey?

- Həlbəttə yox. Eliyə bilsəydi, Leyli-Məcnun olmazdı ki...

- Həri? İnteresni adamsan e. Alə, eliyə bilmiyicey, day burda iki saat neyi gözdiyirsən?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR