Mübariz Qurbanlıdan Qaraçuxur məscidini yandıranlara ismarış
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlıdan Qaraçuxur məscidini yandıranlara ismarış

Qaraçuxur məscidini yandıranlar öz mənhus niyyətlərinə nail ola bilməyəcəklər. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün jurnalistlərə açıqlamasında bildirib.

Dövlət Komitəsinin sədri Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məscidin yandırılması ilə bağlı mövqeyini açıqlayıb: "Biz bu cür hərəkətləri qətiyyətlə pisləyirik. Bununla bağlı hüquq-mühafizə orqanlarımız araşdırma aparırlar. Bu araşdırmaların ilkin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları məlumatlarını veriblər. Həmin hadisə baş verdikdən dərhal sonra oraya gedənlərin arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov da olub və bu gün də oradadır. Biz orada icmanın rəhbərliyi, nümayəndələri ilə, o cümlədən Qaraçuxur məscidinin axundu ilə əlaqə saxlayırıq. Hazırda məscid öz fəaliyyətini davam etdirmək üçün hazırdır".

Onun sözlərinə görə, bu cür cəhdlərin arxasında kimlərin durmasından asılı olmayaraq, bütün cəmiyyət bunu pisləyir: "Hesab edirəm ki, bu cür cəhdləri edənlər mənhus niyyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə möhkəm ictimai-siyasi, dini sabitlik var. Bunlar hansısa dini, məzhəblərarası qarşıdurmanın nəticəsi deyil. Burada hansısa qruplar var ki, bu vasitə ilə öz mənhus niyyət və planlarını reallaşdırmaq istəyirlər. Bizim hüquq-mühafizə orqanlarımızın apardığı əməliyyatlar nəticəsində bu cür hərəkətlərin qarşısını qətiyyətlə alacağıq".

M.Qurbanlı əlavə edib ki, məscidə qarşı bu cür təxribat hərəkətlərinin törədilməsi həm dini icmalarda, həm də insanlar arasında heç bir panika yarada bilməz və yaratmayacaq: "Cəmiyyətdə də bütün qurumlar bu hərəkəti pisləyiblər. Hesab edirəm ki, bu günlərdə bu hərəkəti edənlər aşkar olunacaq və ifşa ediləcəklər”.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda dini icmalara ayrılmış vəsait onlara müəyyən layihələr formasında veriləcək. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün jurnalistlərə açıqlamasında bildirib.

M.Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda dini icmalara yardım məqsədilə 2,5 milyon manat vəsait ayrılıb. Sərəncamda məsələnin mahiyyəti də öz əksini tapıb: "Yəni biz dini icmalara müəyyən maliyyə yardımları göstərməklə ənənəvi dəyərlərimizin qorunması ilə bağlı fəaliyyəti gücləndirəcəyik. Bu vəsait ölkəmizdə mövcud olan 600-ə yaxın dini icmaya müəyyən layihələr formasında veriləcək və onlar layihələr şəklində bu vəsaitdən istifadə edərək dini maarifləndirmə işinə öz töhfələrini vermiş olacaqlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm