• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Alo, təcili yardım 74 eşidir: “74 güllə dəysin ürəyinə...” - FOTOREPORTAJ

Alo, təcili yardım 74 eşidir: “74 güllə dəysin ürəyinə...” - FOTOREPORTAJ

- Alo, salam.

- Salam. Təcili gəlməlisiniz. Uşaq qızdırmadan yanır.

- Ünvanı deyin, zəhmət olmazsa.

- Zibilliyin yanına gəlin.

- Xanım, dəqiq ünvanı deyin.

- Zibilliyin yanı da, başa düşmürsüz? (qışqıraraq)

Necə qışqırırsa, az qala otaqdakıların hamısı eşidir. Bu hal nə birinci, nə də sonuncudur. Təcili yardım xidmətinin dispetçer sistemində işləyənlər artıq bu cür danışıqlara alışıb.

Hələ bu nədir ki, söyüş söyən, mahnı dinlədən, ailədəki əsəbini onlardan çıxan, hal-əhval tutmaq üçün zəng edənlər də var. Bu barədə daha sonra. Əvvəlcə bizi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının dispetçer xidmətinə aparan səbəbdən danışaq.

Təcili yardımda bir gün

Bəlkə də, elə bir ailə yoxdur ki, bu xidmətdən istifadə etməsin. Ən çətin anlarda yanımızda olmağını istədiyimiz təcili yardım həkimlərindən heç də hamı razı qalmır. Kimi çağırışa gec cavab vermələrindən, kimi gec gəlmələrindən, kimi də lazımi köməyi göstərmədən getmələrindən şikayət edir. Bu kimi şikayətlərlə dolu “torbamızı” götürüb, üz tutduq təcili yardıma.

Dəhlizdə tam səssizlikdir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev əvvəlcə işləri barədə məlumat verir. Çox vaxt itirmədən bizi zənglərin qəbul edildiyi otağa aparır. Dəhlizdəki səssizlik burada tam pozulur.

“103” çağırış mərkəzi iki otaqdan ibarətdir. Otaqların birində zənglər qəbul edilir, qeydiyyat aparılır. Daha sonra yan otaqdakı kompüterlərə ötürülür. Buradan da məlumatlar rayonlar üzrə istiqamətləndirilir.

Təcili yardım niyə gec gəlir?

Bu qızğın iş şəraitinə mane olmadan, əvvəlcə suallarımızın cavabını operativ şöbənin baş həkimi Zemfira Vahidovadan öyrənirik.

O, təcili yardımda işləməyin çətin olduğu qədər məsuliyyətli və şərəfli olduğunu deyir. O işlərini çətinləşdirən məqamlara da toxunur:

“Çağırışların 40%-də ünvanlar dəqiq olmur. Əsasən, hansısa mağaza, bina, borunun yanına gəlməyimizi deyirlər. Ünvan bəlli deyilsə, xəstə yaxınları bizi qarşılamırsa, 20 dəqiqəyə qədər gözləyirik. Yenidən həmin nömrə ilə əlaqə saxlayırıq, cavab verməsələr, geri qayıdırıq. Çünki vaxt itirə bilmərik, çağırışlarımız çox olur. Bəzən rayon ərazisindəki bütün briqadalar ərazidə olur və buna görə də hər hansı çağırışa vaxtında gedə bilmirik. Bu da insanların narazılığına səbəb olur”.

Maşınlar yol vermir?

Amma ünvanı düz deyəndə də gecikmələr olur. Müsahibim deyir ki, buna səbəb yollardır. Xarici ölkələrdə bizdən fərqli olaraq, təcili yardım maşınları üçün ayrıca zolaqlar var.

“Yollardakı tıxaclar hadisə yerinə təcili çatmağımıza mane olur. Sürücülər də çox zaman imkan olsa belə, təcili yardıma yol vermir. Bu problemi müəyyən qədər həll etmək üçün briqadaların stansiyalarda toplanmaması barədə qərar verilib. Onlar müəyyən olunmuş nöqtələrdə olur və bununla da çağırış olan yerə qısa zamanda çatırlar”.

Dalaşdığı qonşunun evinə təcili yardım çağıranlar

Təcili yardımın işini çətinləşdirən səbəblərdən biri də xətləri məşğul edən lazımsız zənglərdir. Xüsusən də, azyaşlı uşaqlar nəzarətsiz qalan kimi “103”-ə zəng edir.

Z.Vahidova deyir ki, həmin azyaşlılar yalançı çağırışlar edir, bəzən də söhbət edirlər. Başqa zəng edənlər isə gözləməli olur. Təcili yardım tərəfindən həmin uşaqların valideynlərinə xəbərdarlıq edilsə də, bu hallar mütəmadi təkrarlanır.

Öyrənirik ki, qonşusu ilə dalaşıb təcili yardıma zəng edənlər də az deyil. Qonşusuna qarşı sözü ürəyində qalanlar acıq çıxmaq üçün təcili yardımı həmin ünvanda təcili doğuş məlumatı ilə çağırır. Həkimlər yalnız hadisə yerinə çatandan sonra vəziyyəti anlayırlar. Daimi bu problem yaşanan ailələrlə bağlı artıq polisə məlumat verilib.

Müsahibim deyir ki, bəzən adi şəkərin ölçülməsi üçün təcili yardım çağırırlar. “Baxmayaraq ki, özlərinin aparatı olur. Deyirlər ki, siz ölçsəniz düz olacaq. Əslində təcili yardım çağırışları – infarkt, ilsult, doğuş, qanaxma və s-dir”.

Z.Vahidova eyni ünvandan gün ərzində dəfələrlə çağırış olduğunu deyir.

“İnsanlar bilməlidirlər ki, biz müalicə edən yox, təcili, operativ xidmət göstərən həkimlərik. Bəzən müalicə yazmağımızı tələb edirlər. Şikayət edirlər ki, təcili yardım gəldi, müalicə yazmadan bir iynə vurub getdi. Biz ancaq ilkin yardım edib, ağır xəstələri xəstəxanaya aparırıq”.

Təcili yardımdan taksi kimi istifadə edənlər…

Amma xəstəxanaya aparmaq məsələsi də yanlış anlaşılıb. Bəzi xəstələr təcili yardımın həkim xidmətindən yox, onun “taksi xidməti”ndən faydalanmaq istəyir. Təcili yardım həkimlərini sadəcə xəstəxanaya çatdırmaq üçün çağıranlar da az deyil.

Z.Vahidova evlərlə yanaşı, xüsusən dəmiryolu vağzalı, avtovağzaldan bu tip çağırışların daha çox olduğunu deyir:

“Lakin özü rahat hərəkət edən bilən xəstələri xəstəxanaya aparmaq təcili yardımın işi deyil və çox vaxt da aparmırlar. Ağır xəstələr isə istisnadır.

Bundan başqa, insanlar təcili yardımın meyiti aparmamasından narazılıq edir. Lakin qaydalara görə, təcili yardım maşınına meyit qoymur. Ölüm olanda hüquq mühafizə orqanlarına məlumat verilir. Nadir hallarda rəhbərlikdən icazə olsa, kütlənin narahatlığını nəzərə alıb meyit götürülür. Bəzən ölən şəxsin yaxınları həkimlərin üzərinə bıçaqla gələrək, aparmağı tələb edir. Bu məqamda meyiti götürməkdən başqa yolumuz olmur Bəzən xəstə yaxınları ölüm olanda həkimi döyürlər. Həkimlərimiz hadisə ilə bağlı dərhal polisə məlumat verir. Sonradan etdiyi hərəkətə görə üzr istəyənlər də olub”.

Öyrənirik ki, təcili yardımı ancaq xəstəlik üçün yox, söhbət etmək üçün də çağırırlar. “Gəlin mənə çay verin”, “tək darıxıram”, “protezim mətbəxdə qalıb, onu gətirin”, “paltarımı geyindirin” deyənlər də az deyil. Əlbəttə, həkimlər məcbur qalıb bu istəkləri yerinə yetirir. Elə ailələr var ki, heç bir xəstəlikləri olmasa da, gündə dəfələrlə zəng ediblər.

Sərxoş və narkomanlar bıçaqla qarşılayır

Təcili yardım həkimlərinin həyatı sözün həqiqi mənasında hər an təhlükə qarşısındadır. Belə ki, sərxoşlar da tez-tez bu həkimləri görmək istəyir.

Z.Vahidova həkimlərin bıçaqla qarşılanmasına adət etdiklərini deyir. Bu hallarla bağlı Daxili İşlər Nazirliyinə məlumat verildiyini, həmin şəxslərlə bağlı tədbirlər görüldüyünü bildirir:

Narkomanlar da tez-tez təcili yardıma üz tutur. Onların əsas istəyi müalicə olunmaq yox, narkotik vasitə tələbidir. Z.Vahidovanın sözlərinə görə, bunu nəzərə alan həkimlər narkotik vasitələri çantalarında yox, ciblərində saxlayır.

“Bu maddə infarkt keçirənlər, onkoloji xəstələr və travmalar zamanı istifadə edilir. Narkotik preparatının hər ampulasına görə həkim məsuliyyət daşıyır. Bəzən narkomanlar gecə vaxtı çağırış edir və çantanı əlimizdən alırlar. Bunu nəzərə alaraq, həmin vasitələri çantaya qoymuruq”.

“Bu gün hansı paltarı geyinim?”- deyənlər

Zemfira xanımdan suallarımıza cavab öyrəndikdən sonra onu çox da məşğul etmədən, çağırışları qəbul edən xanımların yanına gedirik.

Zənglər çox olsa da, onlar da bizimlə danışmağa az da olsa vaxt ayırırlar. Əsas şikayətləri zəng edənlərin söyüş söyməsidir. Amma arada onları güldürən zənglər də olur. Məsələn, zəng edib, “dünən qırmızı paltarımı geyinmişdim, bu gün nə geyinim?”, “bu mahnı necədi, xoşunuza gəlir?” deyib musiqi dinlədirlər, ya da sadəcə hal-əhval tuturlar.

“74 güllə dəysin ürəyinə”

Günün 12 saatını təcili zəngləri qəbul edən Gülnar Məmmədova işlərinin çox səs-küylü keçdiyini deyir:

“İnsanlar çox vaxt zəng edəndə dəqiq ünvan deməkdənsə, hansısa marketin yanına gəlməyi deyirlər. Dəqiq ünvan soruşanda qışqırırlar. Bəzən olur ki, iki dəqiqə gec cavab verəndə söyüş söyürlər. Gec cavab verməyimizin səbəbi də zənglərin çox olmasıdır”.

Sevinc Məmmədova həmkarı kimi, lazımsız zənglərin çox olmasından narazılıq edir. Lakin hər bir zəngə cavab verməli olduğunu deyir. Bu məqamda onun üçün ən yaddaqalan çağırış barədə danışır:

“Mənim cavab verdiyim nömrə 74-dür. Hər dəfə çağırışa cavab verəndə nömrəni səsləndiririk. Bir dəfə nömrəni deyən kimi qarşı tərəfdən qışqıraraq “74 güllə dəysin ürəyinə” dedi. O söz heç yadımdan çıxmır”.

Təcili yardıma edilən müraciətlərin müvafiq rayonlar üzrə istiqamətləndirildiyi otaqda da qızğın iş gedir. Bu otaqdakı əməkdaşlar həm də maşınların harada olmasına, çağırılmış ünvana çatıb-çatmadığını müəyyən edir.

İşin gərginliyi və vacibliyini nəzərə alaraq əməkdaşları məşğul etmədən sakitcə otağı tərk edirik.

BŞTTTYS-nın 22 stansiyası var. Onlar Bakının 12 rayonu, Abşeron yarımadasının bəzi ərazilərinə, Digah qəsəbəsi, Fatmayı, Novxanı bağlarına da xidmət göstərir. Dispetçer məntəqəsində işimizi başa vurub üz tuturuq həmin stansiyalardan birinə.

Stansiyada həkim yoxdur

Çağırış prosesi, qeyd edilən ünvana necə gedilməsi, yollardakı mənzərəni də öyrənmək üçün Nəsimi rayonu 8 saylı Təcili Yardım Stansiyasında oluruq.

Lakin stansiyadakı 7 briqadanın hamısı ərazidədir. Fürsətdən istifadə edib, 24 ildir təcili yardım sahəsində çalışan stansiyanın baş həkimi Elçin Səmədovla danışa bilirik. Baş həkim müraciətlərin 40 %-ə qədərinin təcili yardımla əlaqədar olmadığını deyir. Əksər çağırışlar psixoloji problemli insanlar tərəfindən olur.

“İnsanlar tərəfindən həkimlərdən şikayətlər edənlər, təzyiq göstərənlər də olur. Bəzən isə xəstə yaxınlarından artıq xəstənin öləcəyini deyib, köməyin əhəmiyyətsiz olduğunu deyirlər. Bir dəfə insulindən asılı yaşlı xəstə komaya düşmüşdü. Qadının yaxınları kömək göstərməyə imkan vermirdilər. Lakin israrım nəticəsində xəstəyə kömək etdim, uzun müddət yaşadı da. Xəstəyə xidmət göstərməyə imkan verməyən yaxını ondan tez öldü. Bəzən evin damında intihar etmək istəyən xəstəyə yardım etmişik”.

Baş həkimdən təcili yardım həkimlərinə zəhməthaqqı kimi pul verilməsi məsələsinə də aydınlıq gətirməsini istəyirik. Xidmətin tam ödənişsiz olduğunu deyən müsahibim xəstələrin pul verməsini də inkar etmir.

“Kimsə nəsə hörmət edirsə, bu, həkim-xəstə münasibətidir. Həmin pulu həkim istəməsə də, xəstə yaxınları məcbur verir. Hətta insanlar bilsələr ki, həkimlər 2 min manat maaş alır, yenə də pul vermək istəyir. Nədənsə, özlərini borclu hesab edir”.

Təcili çağırış

Söhbətimizin bu məqamında təcili çağırış gəlir. “103” məlumat mərkəzindən verilən məlumata görə, 55 yaşlı Rəfael Vəkilovun ürəktutması ilə bağlı müraciət edilib. Yenicə xəstə yanından qayıdan briqada planşetə gələn müraciəti görən kimi, hadisə yerinə gedir. Əlbəttə, biz də onlarla birlikdə. Yolumuz Mərdanov qardaşları, döngə 16-yadır.

Yol boyu istifadə edib həkim Mətanət Vəkilova ilə söhbət edə bilirik. Sürücü işə yeni başladığından Məlahət xanım bir tərəfdən sürücüyə gedəcəyimiz yolu izah edir, bir tərəfdən də suallarımıza cavab verir:

“Bu günlərdə ürək-damar xəstəlikləri ilə bağlı müraciətlər artıb. Amma çağırışların əksəriyyəti məhz tənha insanlar tərəfindən olur. Ürəkləri darıxanda bizi çağırırlar ki, söhbət edək. Biz də onlarla danışıb, sakitləşdiririk, sonra da işimizə qayıdırıq. Bu ərazidə Ema xala var idi, bu yaxınlarda rəhmətə getdi. Ziyalı qadın idi, qızı da həkim olub, rəhmətə getmişdi. Tez-tez bizi çağırırdı, gedib yeməyini isidirdik, qablarını yuyurduq. Bir dəfə soyuq olanda bizi çağırmışdı, pəncərəsinə sellofan vurmuşduq”.

Amma yollarda ünvanın qeyd edilməməsi işimizi bir az çətinləşdirir. Lakin çox keçmir ki, ünvana çatırıq. Xəstə yaxınları çəkiliş aparmağa icazə vermədiyindən içəri daxil olmuruq. Həkimlər xəstəyə yardım göstərir, xəstəxanaya aparmağa ehtiyac olmur.

Artıq yeni çağırış gəlir. Həkim briqadası hadisə yerinə gedir. Biz də öz işimizə qayıdırıq, bu gün görüb-eşitdiklərimizi yazmaq üçün.

Gülxar Şərif

Fotolar Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR