Uşaqlarda raxitlik – D vitamini çatışmazlığı
Bizi izləyin

Qırmızı.az

Uşaqlarda raxitlik – D vitamini çatışmazlığı

Körpələrin hər zaman düzgün qulluğa və qayğıya ehtiyacı var. Dünyaya gələn uşağa düzgün qulluq etməmək raxit xəstəliyinin yaranmasına şərait yaradır. Vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar müşahidə olunur.

Endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu səbəbindən 0-13 yaş arası uşaqlarda xəstələnmələrə çox rast gəlinir.

Statistikaya görə, 2011-ci ildə 11 min 813 uşaq xəstələnibsə, bu rəqəm 2012-ci ildə 11 min 636, 2013-cü ildə isə 11 min 875 nəfər təşkil edib. Əslində, son bir neçə ilin statistikasında elə bir dəyişiklik olmasa da, xəstəliklə mübarizə aparmadıqda ağır fəsadlara gətirib çıxara bilər. Belə ki, müalicə olunmayan raxit süd və daimi dişlərin zədələnməsinə, məktəb yaşlarında isə yaxınıgörməyə (göz dibi əzələləri zəiflədiyi üçün) də səbəb olur. Qızlarda vaxtında müalicə olunmayan raxit xəstəliyi onlarda çanaq sümüklərinin də deformasıyasına səbəb olur. Gələcəkdə belə qızlar hamiləlik və doğuş zamanı əziyyət çəkirlər. Bundan başqa, raxitli uşaqlar soyuqdəymə, angina, bronxit və digər infeksiyalara daha tez-tez hallarda yoluxurlar.

Bəs raxit xəstəliyini əmələ gətirən faktorlar hansılardır?

Pediatr Vaqif Qarayevin Publika.az-a bildirdiyinə görə, xəstəliyin səbəbi D vitamininin çatmazlığı və bunun nəticəsində mineral mübadilənin (kalsium və fosfor) pozulmasdır. Göstərilənlərin çatışmazlığı sinir və sümük sistemlərində pozğunluqlar yaradır: “ D vitamini uşaq orqanizminə yediyi qida ilə daxil olur. Bundan başqa günəş şüalarinin təsiri ilə dəridə sintez olunur. Ana südü vitamin D ilə zəngindir, ona görə uşaq mütləq ana südü ilə qidalandırılmalıdır”.

Həkimin sözlərinə görə, əgər ana südü yoxdursa, həkimin məsləhəti ilə uyğun süni qarışıq seçilməlidir. Körpələri raxitdən qorumaq üçün onları açıq havada çox gəzdirmək lazımdır.

Xəstəliyin əlamətlərinə gəlincə, bu uşaqlar çox oyanıq olurlar, xüsusilə başda güclü tərləmə müşahidə olunur. Həkimlər hesab edirlər ki, əgər körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir. Raxit xəstəliyi zamanı uşaqda qəbizlik də yarana bilər. Bu, uşaqda bağırsaq əzələlərinin tonusunun azalmasına görə baş verir. Uşağın dərisinə əl vuranda bir neçə dəqiqədən sonra keçən qırmızı iz qalır. Raxit xəstəliyi olan uşaqların ağlağan olduğunu deyən pediatrın sözlərinə görə, belə uşaqlar pis yeyir və pis yatırlar:

“Ənsə nahiyəsində saçları tökülür. Sonra proses sümüklərə keçir. Uşağın kəllə sümükləri deformasiyalaşır, daha sonra döş qəfəsində deformasiya və ən çox aşağı ətraflarda əyriliklər yaranır. Raxit xəstəliyinin sonrakı mərhələlərində, başının arxası yastılaşır, qarın yekəlir və ayaqlar əyilir. Raxitin digər əlaməti alnın böyüməsidir. Raxitin ağır formalarında döş qəfəsi də deformasiyaya uğrayaraq qabarır”.

Xəstəliyin müalicəsi isə vitamin D və kalsium preparatlari ilə aparilir. Müalicəni mütləq həkim təyin etməlidir. Ağırlığından asılı olaraq raxit xəstəliyinin 3 dərəcəsi ayırd olunur.

Uşaq 2-3 aylıq olarkən raxit xəstəliyinin ilk əlamətlər görünür. Tərləmə, narahatlıq, əzələ distoniyası, ənsədə tüklərin tökülməsi böyük əmgəyin kənarların yumşalması müşahidə olunur. 2-3 həftə davam edir. Biokimyəvi müayinədə fosforun miqdarının azalması, fosfotazanın aktivliyinin artması təyin olunur.

Xəstəliyin qızğın dövründə sinir sistemində tormozlanma, sümük sistemində, kəllə sümükləri, döş qəfəsi ətrafları sümüklərində dəyişikliklər ortaya çıxır. III mərhələdəki sümük dəyişiklikləri III dərəcə deformasiya əmələ gətirir. Daxili orqanların funksiyaları, statik funksiyaları pozulur, əzələ hipotoniyası, anemiya prosesə qoşulur. II, III mərhələdə dalaq və qaraciyər azacıq böyüyür. Rentgenoqrammada sümüklərin konturları bulanıqdır. Borulu sümükləri epifizləri qədəhşəkilli , metofizləri kənarları haşiyələmişdir.

Yarımkəskin gediş prosesin yavaş inkişafı ilə xarakterizə olunur. Çox vaxt 6-9 aylıq hipotrofiyalı uşaqlarda görülür. Sümüklərin yumşalması nisbətən az nəzərə çarpır.

Gec ortaya çıxan raxitə isə az hallarda rast gəlinir, 4 yaşdan sonra ortaya çıxır. Xəstəliyin profilaktikası üçün hamilə qadınlara kifayət qədər açıq, təmiz , günəşli havada olmaq, düzgün qidalanma, xüsusilə son 2-3 ayda kifayət qədər D vitamini almaq tövsiyə olunur. Təəssüf ki, Azərbaycanda bu xəstələrə güzəşt və dövlət dəstəyi yoxdur. Uşağınızın sağlam olması üçün onu mümkün qədər çox havada saxlamaq, qida rasionunda təzə meyvə-tərəvəz, kifayət miqdarda vitaminlər, duzlar, xüsusilə təbii D vitamini (yumurta sarısı, balıq yağı) ilə qidalandırmaq lazımdır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm