Qırmızı.az
Qadın cahilliyindən doğan məişət kişiliyi – Araşdırma
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu var. Məişət zorakılığının baş verməməsi haqqında isə qanun yoxdur. Belə qanun olmalı da deyil. Qanunlar hadisələr baş vermədən öncə onların qarşısını almağa hesablansa da, baş verəndən sonra qüvvəyə minir. Zorakılıq törədən şəxs cəzalandırılır. Ona görə ki, qanunun tələblərini pozub. Cəzalandırmaqda məqsəd başqalarına görk olmaqdır.
Qanundan xəbərsiz qadınlar
Mətbuata baxaq. Vəziyyət qan içindədir. Kriminal xəbərlərin şah
“əsərləri” ailə-məişət zorakılığı mövzusundadır. Elə gün yoxdur ki,
ən azı 10, ən çoxu 20 bu tip xəbər oxumayaq. Bəs niyə
cəzalananların aqibəti əsasən də kişi cinsli məişət zorakılığı
“kralları”na görk olmur? Kifayət qədər cavab var. Bu cavabları
küçədə, ailədə, efirdə, qəzet səhifələrində, işıqlı konfrans
zallarında, QHT-lərin layihələrində sadaladıqca sadalayırıq. Arada
müqayisəli təhlillər də aparırıq. Müqayisələrdə utandırmaq məqsədi
də olur. Deyirik: hansı normal alman kişisi həyat yoldaşına əl
qaldırar? Yaxud hansımız elə bir fransalı tanıyırıq ki, bacısına,
arvadına çölə çıxmağı qadağan eləsin? Üzümüz Avropayadı. Siyasi
xəttimiz bəllidir. Qlobollaşan dünyanın bir parçasına çevrilməmək
mümkünsüzdür. Amma necə? Nəylə? Gender bərabərliyini ali insan
hüququ hesab edənlərin qarşısına qadına yönələn yumruqla, bıçaqla,
psixoloji təhdidlə çıxmağımız ölkənin imicinə neştər kimi batar. O
üzdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyun
2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında”
qanun imzaladı. İnsanın məişət azadlığının elə bir nöqtəsi yoxdur
ki, 4 fəsil, 20 maddədən ibarət Qanunda konkret müddəalarla əksini
tapmasın.
Xanımlar arasında sorğu keçirdik. Əksəriyyət bu qanunun
varlığından xəbərdar olsa da, bilmədilər ki, onların hansı
hüquqları sənəddə əksini tapıb. Əslində sual belə qoyulmalıdır:
Zoraklığa məruz qalan insanın hansı hüququ sözügedən qanunla təsbit
olunmayıb?
Boş nöqtəsi olmayan 4 fəsilli Qanun
Birinci fəsildə zorakılığın növləri barədə məlumat verilir. Ümumiləşdirsək, belə nəticə alınar: fiziki, psixoloji, mənəvi basqıya məruz qalırsansa, zorakılıq qurbanısan. İkinci fəsil məişət zorakılığı barədə şikayətlərə baxılma qaydalarını izah edir. Zorakılığın qarşısının alınması üçün həyata keçirilən tədbirlər barədə bilgi üçüncü fəsildədir. Dördüncü fəsil qanunun nöqtəsini qoyur: “Bu Qanunun və məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
Zorakılığa məruz qalma təhlükəsi yaşayan neçə qadın bu Qanunu
üzərinə hücuma keçən ərinə, sevgilisinə, atasına, qardaşına
xatırladıb? Ümumiyyətlə, belə xatırlatma ilə çıxış etmək onun üçün
nə qədər mümkündür?
“Küçə qadını” heykələ çevrildi - Azad qadın
heykəlinə
Lap qədimlərdən azərbaycanlı qadının qarşısına «olmaz!» adlı sədd
çəkiblər. Bu səddin ilk daşını kim qoyub, bilinmir. İllər keçdikcə
sədd uzanıb, hündürləşib və bərkiyib. Ədəbiyyatımız deyir ki, o
səddin adı mental düşüncədir. Mentallığımızda qadın kişidən aşağıda
dayanır. Hərdən babalarımızın ailəsini bizə misal gətirirlər.
Statistik göstəricilərin qanadlarında keçmişə dönənlərin
arqumentlərindən biri: “Necə olur, babamız nənəmizi ömrü boyu
yaşmaq altında saxlayırdı, bütün əmrləri özü verirdi, yeganə söz
sahibi kimi çıxış edirdi, amma ailə dağılmırdı?”
Sadə cavabı var: Nənəmiz elə bilirdi, həqiqətən, qadın kişidən
aşağıda durmalıdır. Çünki ətrafdakılar da eyni mühitdə yaşayırdı,
eyni düşüncənin daşıyıcıları idilər. Bakıda Azad qadın heykəli var.
Belə danışırlar ki, o qadının real obrazı çarşabını atanda azadlıq
aşiqi yox, küçə qadını damğasına məruz qaldı. Zaman dəyişdi, “küçə
qadını” heykələ çevrildi - Azad qadın heykəlinə.
Gəlinlik paltarı ilə kəfənin müqayisəsi…
Çarşab örtmək hər kəsin öz seçimi olmalıdır. Seçmədiyini sənə zorla
seçdirəndə faciə aktuallaşır. Ali məktəb bitirən xanım ərə gedəndən
sonra işləməmək qadağası ilə üzləşir. Özü də itirir, cəmiyyət də.
Axı o, savadı ilə cəmiyyətin inkişafına dəstək ola bilər və
ailəsinin maddi durumunu yaxşılaşdırar. Əri razı deyil. “Özüm
qazanıram, sənin puluna ehtiyacım yoxdur!” nidasını evin ən hündür
yerindən asır. Qadın razılaşmaq istəmir. Etiraz bir dəfə sözlə, bir
dəfə silləylə, bir dəfə də bıçaqla “yatırdılır”. Bəs qanun? Bəs
polis? Birinci dəfə zorakılıq yaşayan qadın niyə şikayət etməyib?
Tutaq ki, birinciyə dözüb, “düzələr” deyə, düşünüb. İkinci, üçüncü
zərbələrin cavabı harada qaldı? Bəli, mentalitetdə. “Arvad ərini
polisə verməz”, “Arvad ölər, ər evindən çıxmaz”, “Arvad ərinin
bütün zülmlərinə dözər”, “Gəlinliklə getdiyin evdən ancaq kəfənlə
çıxa bilərsən!” təhdidlərinin küncə sıxışdırdığı zərif cinsin
nümayəndələrinin göz yaşı içində xısın-xısın oxuduğu bayatıdan yol
alıb bu günümüzə qədər gəlib çıxmağı bacaran streotiplər bir gün
gələcək əbədi yoxluğa düçar olacaqlar. Ancaq o bayatı ailə-məişət
tariximizə qara həriflərlə yazılacaq.
Qız idim, sultan idim
Nişanlandım xan oldum,
Ərə getdim, qul oldum,
Ayaqlara çul oldum.
70 faiz qurban onlardır
İlk dəfə 1993-cü ildə ailədə zorakılıq problemi sosial status aldı.
Bir çox ölkələrin qadın təşkilatlarının məsələyə müdaxiləsi və
beynəlxalq səviyyədə aparılan ictimai müzakirələr, nəhayət,
problemin aktuallaşmasına təkan verdi.
Məlum oldu ki, cinayətlərin 30-40 faizi məhz ailədaxili
zorakılığın payına düşür. O cümlədən bu cinayətin qurbanlarının 70
faizini qadınlar və uşaqlar təşkil edir. Ailədaxili zorakılığın
müstəqil sosial problem kimi tanınması ilk addım oldu. Lakin bu
yolda bir sıra maneələr meydana çıxdı:
- ailədaxili zorakılıqla bağlı dəqiq anlayış və təyin mövcud
deyildi;
- problemin əhatə dairəsi və zorakılığın tətbiqinə təsir edən
səbəblərə aid geniş məlumat yox idi;
- zorakılıqdan zərər çəkmiş şəxslərin effektiv müdafiə mexanizmi
tapılmamışdı.
Ailədaxili zorakılıqla bağlı aparılan təhlillər başqa çətinlikləri
də aşkarladı:
- ailədə zorakılıq yüksək latentliyə malikdir;
- ailədə zorakılığın real statistikasını əldə etmək olduqca
çətindir.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi proseslərə start
verildi. Bizdə vəziyyət daha ağır idi, ona görə ki ailə
ənənəsindəki patriarxallıq taxt-tacında rahat oturmuşdu. Başqa
çıxış yolu yox idi. Sağlam cəmiyyət sağlam ailədən keçir. Dövlət
institutları, QHT-lər, jurnalistlər, ziyalılar məişət zorakılığı
həyəcanı ilə tez-tez gündəmi zəbt etməyə başladılar.
Kabus 10,664 nəfərə xəsarət yetirib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsindən aldığımız məlumata görə, qadınlara qarşı
2007-ci ildə 3851, 2008-ci ildə 4370, 2009-ci ildə 4696, 2010-ci
ildə 4489, 2011-ci ildə 4280, 2012-ci ildə 3218, 2013-cü idə 1813
dəfə zorakılıqla bağlı cinayət hadisəsi baş verib.
Yetkinlik yaşına çatmayan qızlara qarşı zorakılıq halları
yuxarıdakı illərə uyğun belə sıralanır: 85, 103, 129, 82, 103,75,
51.
Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminində qadınlara qarşı anoloji illərə uyğun 874, 1596, 1543, 1512, 2043, 1514, 713 cinayət törədilib.
Məişət zorakılğı nəticəsində 7 il ərzində 165 qadın, 13 azyaşlı, 19 yeniyetmə, 13 qız dünyasını dəyişib. Cəmi 10664 nəfər xəsarət alıb.
Dövlət Komitəsindən onu da bildiriblər ki, bəzi illərdə
zorakılıq azalsa da, cinayətlərin xarakterindəki amansızlıq artır.
Hər kəs məişət zorakılığına yox deyir, o kabus isə cövlan edir.
KİV-də ölümün təbliğatı gedir
Vəziyyətin ifrat dramatik tərəfi bıçağın, yaxud baltanın artıq
qadınların əlinə keçməsidir. “Arvad ərini öldürdü” başlığı qədər
iyrənc heç nə ola bilməz.
Buralarda ölümün təbliğatı gedir. “Öz əlləri ilə bacısı qızını
boğaraq öldürüb". İsti-isti yayılan kriminal xəbərin son cümləsidi.
Kriminal xəbərin dramatik eşidilməsi dəbdədi. "Öz əlləri ilə..."
Dostlar, bu söz o qədər gözəldi, o qədər pakdı ki, onu qatilin
simasını canlandırmaq üçün yazmaq, onu dəhşətin çəkisini çoxaltmaq
üçün xərcləmək, öz əlləri ilə sevgilisinə gül verən, öz əlləri ilə
balasının saçlarını tumarlayan, yeriməkdə çətinlik çəkən anasını öz
əlləri ilə həkimə aparan, öz əlləri ilə tikən, yaradan insanların
xətrinə dəyər axı.
Yüzlərlə intihar hadisələri baş verir ki, mərhumu ölüm həddinə
çatdıran səbəblər Cinayət Məcəlləsinin 125-ci maddəsinin (şəxsi
özünü öldürmək həddinə çatdırmaq) kəndirindən asılı qalır. Biri
özünü kəndirdən asır, onu ölümə sürükləyən səbəb isə o kəndirdən
yelləncək kimi istifadə edib, başqalarının həyatını zəhərləməyə
atılır.
Ölmədinsə, xəbərə çevrilə bilmirsən. Ölmədinsə, “Məişət
zorakılığının qarşısının alınması haqqında” qanuna sığınmağı
düşünsən belə səni öldürəcəklər. Birinci, öz anan. Sonra atanın
“başı dik gəzmək” arzusu, qardaşının məhəllədəki “hörməti”,
nəhayət, ərinin dəvə kini qatilinə çevriləcək. Hə, bir də özünü bu
sözlərlə aldatmağın: “O, nə vaxtsa dəyişəcək”, “O, mənə və uşağıma
zərər vura bilər”, “Bəs mənim evim necə olacaq?”, “Uşaqların atası
olmalıdır, onlar ailədə böyüməlidirlər”, “Bəs mən hara gedərəm?”,
“Mən özüm-özümü saxlaya bilmərəm”.
Zorakılığa məruz qalan qadın, qanunun cavab verməli olduğu
suallara sən heç vaxt cavab tapa bilməyəcəksən. Tapa bilsəydin,
dövlət və hökumət yaranmazdı ki. Eləcə mağarada yaşayardıq, güclüyə
gücsüzlüyümüzlə qurban gedərdik.
“Yazığım gəldi, səni aldım”
Jurnalistik. Borcumuz həm də xəbərdar etməkdir. Zorakılığın ən
geniş yayılan üsulu qadına yönələn psixoloji təpkidir. Kişi еvdə
müхtəlif bəhаnələrlə qаdınа psiхоlji təpgilər göstərərək, öz
qаydаlаrını qоyur, qаdını bütün hüquqlаrındаn məhrum еdir.
Ailə diktаtоrunun sоsiаl cizgilərinə tamaşa edək:
- ilk növbədə ədаlətlilik məfhumu аşılаnır;
- ikinci, bеlə kişilərdə özünüqiymətləndirmə səviyyəsi аşаğı
olur;
- üçüncü, bütün zоrаkı vаsitələrlə о, hаkimiyyətə cаn
аtır.
Belə kişilərin ailə üzvü olan qadına qarşı işlətdiyi ifadələrə
diqqət yetirək: “qadının ağlı, toyuğun ağlı qədərdir”, yaxud “yaxşı
at özünə qamçı vurdurmaz”. Bu ifadələr qadını aşağılamaqla yanaşı,
onu dəyərsizləşdirir. Bəzən kişilər bu ifadələri qohum və
qonşuların toplaşdığı məclislərdə belə səsləndirməkdən çəkinmirlər.
Ardını oxuyaq: “pis arvadsan”; “məni başa düşmürsən;
“qayğıma qalmırsan”; “ağılsız”; “axmaq”; “səni qandıra bilmədim”;
“çirkinsən”; “nə gündəsən”; “qocasan”; “geri qalıbsan”; “xalxın
arvadlarına bax, gözünə su ver”; “yemək bişirə bilmirsən”; “mənə
tay deyilsən”; “əlindən bir iş gəlmir”; “məndən başqa heç kimə
lazım deyilsən”; ”sən gərək papağını göyə atasan ki, mən səni
aldım”; “səni məndən başqa heç kim almazdı”; “yazığım gəldi, səni
aldım”...Ağır ifadələrdir. Belə ifadələrə yalnız qanunun
gücü çatar.
Krossvodlu qohumum – “Tarixi-nadiri” yarıya qədər oxuyan
ər!
Onlar qonşudurlar. Yaxın qohumlarımdı. Hər iki ailənin üzvlərinin
sayı 3 nəfərdi - ata, ana, 4-5 yaşlarında uşaq. Birində qızdı, o
birində oğlan. Tez-tez qonaqları oluram. Əslində, qonaq deyiləm,
adam əzizlərinin qonağı olmur.
Evin kişisi ilə birgə çay içirik. O, krossvord həll edir. “8 Mart Qadınlar bayramı kimin şərəfinədir?” Beş altı ad çəkir, düz gəlmir. Məndən soruşur, zarafatla cavab verirəm ki, Klara bilər. Elə bilir xanımının adını çəkirəm. Xanımına müraciətlə qışqırır: “Aaazzz, sizin bayramı kim yaradıb?”. Mətbəxdən gələn sönük cavab: “Bilmirəm”. Vəssalam. Kişi başlayır, nə başlayır: “Sən nə gündəsən... “Yığışdır o qab-qacağın səsini...”, Keç qızını sakit elə, zırıldayır yenə”... Onu sakitləşdirməyə çalışıram. “Xarabadı, qoy cəhhənnəm olsun”, - deyib, əlindəki stəkanı yerə çırpır.
“Sizin evə gəlməli deyil, min ildi bir-birinizi qırırsız”, -
etirazı ilə qapıya tərəf gedirəm. Arxadan hırıltılı səsini
eşidirəm: “Arvad ərindən nə qədər qorxsa, bir o qədər
yaxşıdır”.
Dahi Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmindəndir.
Bəstəkarımızın Məşədi İbadın dili ilə səsləndirdiyi ironiyanı,
qohumum qanun kimi başa düşüb.
Bəşəriyyət qadınla yüksələcək
Krosvodlu qohumumun qonşusu ilə həyətdə görüşdüm. İşdən gəlirdi.
Əlində“Azərbaycan qadını” jurnal var. Birlikdə evə keçdik.
Jurnalı onu qapıda qarşılayan həyat yoldaşına verir. Xanım elə
oradaca vərəqləməyə başlayır. “Hə, bax bu yazını
axtarırdım”, - deyib, bizi içəri dəvət edir. Yemək süfrəsi
hazırdı. Oğlu da bizimlədi. Dərslərindən danışır. Riyaziyyatdan bir
məsələdə çətinlik çəkdiyini deyir.
- Darıxma, atan kömək edər, - ananın cavabı.
- Bir az yorulmuşam, - atanın reaksiyası.
- Axı sabah riyaziyyat dərsi var, - uşağın replikası.
- Atanı yorma, mən baxaram, bəlkə, bacardım, - ananın həlim
müdaxiləsi.
Yemək mərasimi sona çatır, çay süfrəsi açılır. Ata dillənir: “Get
kitabını gətir, həll edək, ananı incitmə”. Ardından oğluna Cəfər
Cabbarlının misrasını söyləyir:“Ana... Ana... Sənə mən
rahibəm itaətdə”.
Yarımçıq yazılarım olduğunu xatırladıb, sağollaşıram. Evə gəlirəm.
Kompüteri açıb bu cümləni yazıram: Övladlarınızdan soruşun: sən
hansı ailənin uşağı olmaq istərsən, balaca?
Ceyhun Musaoğlu
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi