“Ayağı kəsilən erməni zabit dedi ki, siz türklər...” - Foto
Bizi izləyin

Qırmızı.az

“Ayağı kəsilən erməni zabit dedi ki, siz türklər...” - Foto

“Cəbhə xətti” layihəsində

Axar.az-ın “Cəbhə xətti” layihəsinin bugünkü qonağı Roza Cabbar qızı Hacıyevadır.

Roza xanım 1961-ci il sentyabrın 20-də anadan olub. Orta məktəbi bitirdikdən sonra ailə həyatı qurub. Dörd övlad anasıdır. Həyat yoldaşını erkən itirib. 1991-ci ildə könüllü olaraq müharibəyə gedib. Hal-hazırda ağır xəstədir, övladlarıyla birlikdə 9 kv.metrlik evdə yaşayır. Böyük oğlu evlidir, ikinci oğlu isə mədə ağrılarından əziyyət çəkir. 120 manat təqaüd, döyüşlərdə iştirak etdiyi üçün 12 manat əlavə alır. Ən böyük istəyi Qarabağın azad olunması və dövlətdən ev almaqdır.

Roza xanımla onun cəbhə xatirələrini bölüşmək üçün görüşdük. Əvvəlcə hal-əhval tutdum:

- Salam, Roza xanım, necəsiz?

- Təşəkkür edirəm, amma heç yaxşı deyiləm, gördüyünüz kimi, xəstəyəm. Nə yaxşı ki, sizin kimi insanlar, jurnalistlər var, bizi unutmursuz, - deyir və ağlayır.

Sakitləşdirirəm. Onu dünənki, qanlı-qadalı günlərinə “aparıram”:

- 4 uşaq anası ola-ola nə əcəb müharibəyə getməyə qərar verdiniz?

- Bilirsiz, bütün günü evdə oturub televiziyada o dəhşətli ölüm xəbərlərini eşitmək mənə rahatlıq vermədi. 1991-ci ildə uşaqlarımı qayınanama verərək könüllü olaraq Qarabağa yollandım. Məni Beyləqan rayonunda “Üçüncü sovxoz” deyilən yerə göndərdilər. Amma kazarmada bir nəfər də olsun mənim qadın olduğumu bilmədi. Papaqla yatırdım, çox çətin idi. Hər adama güvənmək olmurdu. Komandirimiz ağdamlı idi. Bir dəfə məni yanına çağırdı. Otaqda başqa komandirlər də vardı. Otağa daxil olanda mənə dedi ki, papağını çıxar, adam böyük yanında papağını çıxarar. Çıxarmaq istəmədim. Bu əsnada komandirim səsimin qadın səsinə oxşadığının fərqinə vardı. Mən o vaxta qədər onlarla heç danışmırdım da.

Dedi: - Əmr edirəm, çıxar papağı.

Tez papağımı çıxardım. Təəccübləndi. Dedi ki, bəs kazarmada sənin qadın olmağını bilmirlər? Nə məqsədlə buraya gəlmisən? Dedim ki, dörd balamı qayınanama verib son damla qanımacan vuruşmağa gəlmişəm.

Dedi, qızım, sənə halal olsun.

Başsız bədənlər, yanmış meyidlər

Beləliklə, səhəri gün məni gətirdilər cəbhə bölgəsindəki hospitala. Mən orada yaralananlara yardım etməli idim. İlk yaralını gördüyümdə isə məni vahimə basdı. Deməli, bir əsgərimizin ayağı dizindən aşağı qopmuşdu, onun qıçını mişarla kəsdilər, qoydular bir tasın içinə, mənə dedilər ki, bunu basdıracağıq, apar o biri otağa qoy. Bu, dəhşətli bir səhnə idi. Bunu ancaq yaşayanlar bilər. İnanın, həkimlər əsgərin ayagını kəsəndə mişarın səsi elə bil uçan təyyarənin səsi kimi gəldi mənə. Gah əsgərin ayağının kəsildiyi yerə, gah da kəsilmiş ayağa baxırdım. Donub qalmışdım. Həkim yaxın gəldi, mənə sillə vurdu, qışqıraraq “bu, hələ nədir ki, sən başsız bədənlər, yanmış meyitlər görəcəksən, ayıl, özünə gəl, unutma ki, biz müharibədəyik”. Təəssüf ki, həmin əsgərimiz qan itkisindən şəhid oldu!

Roza xanım danışığına fasilə verir, ona mane olmuram, xatirələri ilə baş-başa qoyuram.

Amma anamı görmək istəyirəm

- Bir xatirə danışım sizə, - deyir.

- Danışın, elə biz də sizin xatirələri qələmə almaq istəyirik.

- Bir dəfə yanımızda, səngərdə duran əsgərimiz peçenye yeyə-yeyə ayağa durdu, səngərdən çıxmaq istədi. Onu elə peçenye yediyi halda vurdular. Beynindən süd kimi ağ olan nəsə axırdı, ağzında da peçenyesi qalmışdı. Çox ağladıq. Dəhşətli mənzərə idi. Artıq son nəfəsini verirdi. O, su içmək üçün çıxırdı səngərdən. Əclaf ermənilər hücumda snayperlə ancaq başdan, qaraciyərdən, ürəkdən vururdu.

Bir dəfə də bir əsgərimizi vurmuşdular. Onun qaraciyəri parça-parça olmuşdu. Həkim onun ciyərini bir ovuc şəklində yumrulayıb tikmişdi ki, yaşasın. Əsgər bizə yalvarırdı ki, məni ölməyə qoymayın. Amma o da yaşamadı. Son sözü isə bu oldu: “Anamı istəyirəm, canım vətənə fəda olsun, amma anamı görmək istəyirəm!”

Yenə də gözləri yol çəkir. Baxışları müharibə gedən yerlərə dikilib sanki, aramla danışır, bu qadın səsi yox, döyüşçü səsi idi:

Siz türklər…

- Bir xatirə də danışım, Füzulinin Üçtəpə istiqamətində ağır döyüşlər gedirdi. Ermənilərdə snayper qızlar vardı, çox dəqiq vururdular. Həmin döyüşlərdən birində biz iki erməni döyüşçüsünü əsir götürdük. Əclaflardan biri zabit idi, yaralanmışdı. Onu hospital apardıq. Həkimlərimiz onu norkozsuz əməliyyat etdi. Amma alçagın tükü də tərpənmədi. İnanın, gözləri canavar gözünə oxşayırdı, gözümün içinə elə baxırdı ki, mən özüm ondan üşənməyə, qorxmağa başladım. Boynunda xaç vardı. Cərrah xaçı onun boynundan qoparıb atanda qışqırdı ki, verin xaçı udum. Sonra qışqırırdı ki, Qarabağ bizimdir, biz sizi qovub Xəzər dənizinə tökəcəyik. Amma bir müddətdən sonra həkimlərimizin onu müalicə etdiyini görüb, tamam dəyişdi, “siz türklər daha insan adamsız, elə bilirdim, sonumdur, məni öldürəcəksiz. Sizlər yaxşı insanlarsız, ermənilər düz etmir, birlikdə mehriban yaşaya bilərdik”, - dedi. Nə isə, onu müalicə etdikdən sonra Baş İdarədən gəlib apardılar ki, əsirlərimizlə dəyişsinlər.

Əsirlərin başını kəsib ağaca taxıblar

Roza xanım müharibənin ağır günlərindən danışmaqdan yorulmur, mən isə dinləməkdən:

- Bizim əsgərlər döyüşdə iki erməni əsgərini əsir götürdülər, gözümün önündə onların başını kəsdilər. Bilirsiniz niyə? Çünki bundan bir müddət öncə onlar bizim əsirlərin başını kəsib ağaca taxıb havaya qaldırmış, meyitlərlə hörmətsiz davranmışdılar. Komandirimiz əsgərləri danladı:

- Başa düşürəm, döyüşçü dostlarınızın qisasını almısız, amma olmaz, bizim ermənilərlə nə fərqimiz oldu? Döyüşlərin birində bir əsgərimizi elə vurdular ki, onun bütün içalatı yerə töküldü. Onun ürəyi əlimdə döyünürdü. Ağla-ağlaya əsgərin içalatını içinə yığdım. Nə qədər gənclərimiz şəhid oldu, şikəst oldular, eh...

Əsir qadınımızı parça-parça edib…

Bir dəfə də novruz bayramı gecəsi idi, səngərdə idik. Beyləqanlılar bizə bayram sovqatı gətirmişdi. Elə bayram süfrəsinə oturmaq isdəyirdik ki, ermənilər anidən atmaga başladılar. Bayram gecəmizi zəhər etdilər, bayramı keçirə bilmədik. Sonra atışma dayandı. Birdən əsgərlərdən biri dedi ki, qarşıdan ermənilər gəlir. Biz hazırlaşdıq ki, ataq. Komandir: - Dayanın, atmayın, qoy yaxınlaşsın, - dedi. Bir də baxdıq ki, bu bir eşşəkdi. Əvvəlcə yaxınlaşmadıq, düşündük ki, tələ ola bilər, yaxınlaşsaq, partlayış olar. Nə isə, bir əsgər eşşəyə yaxınlaşdı, dəhşətli bir səslə aglamağa başladı. Artıq hamımız yaxınlaşdıq. Gördük ki, bir əsir qadınımızı parça-parça edib, döşlərini eşşəyin sinəsinə, ayaqlarını eşşəyin qarnına, bədənini quyruq hissəsinə tikiblər. Başını isə ağaca keçirmişdilər. Biz qadının bədən üzvlərini eşşəkdən ayırdıq, qutuya qoyub dəfn etmək üçün göndərdik.

Döyüşlərdə iştirakıma görə 12 manat alıram

- Nəhayət, 1993-cü ildə atışmada yaralıları xilas edəndə mən özüm də yaralandım. Həm də qorxudan astma xəstəsi oldum. Amma sağalandan sonra yenidən döyüşlərə döndüm. Ayağım yaxşı olmamışdı, su yığılmışdı. Həkim nə qədər, geri - evə dön desə də, dinləmədim. Bu gün də iynələrlə yaşayıram. 1995-ci ildə ordudan tərxis oldum. Dövlətin heç bir imtiyazından yararlanmıram. Qayınanamın sayəsində yaşamışam, balalarımı bir təhər böyütmüşəm. Hal-hazırda təqüdə çıxmışam. Amma döyüşlərdə iştirakıma görə 12 manat alıram. Baxın, belə səhnələr bizi insanlıqdan çıxarırdı. Mən qarşılıqsız döyüşmüşəm. Bu gün ailəmlə birlikdə 9 kv.m evdə qalıram. İki ogluma evdə yer olmadığı üçün, kimlərinsə bag evlərində qoruqçu dururlar, ordada da yaşayırlar. Qızım isə uşaq yaşından işləyib mənə baxır. Yenə də Vətən sağ olsun, lazım olsam, yenə də ön sırada olacam, - deyir və hönkü-hönkür aglayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm