• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bu verilişlər birmənalı olaraq bağlanmalıdır”

“Bu verilişlər birmənalı olaraq bağlanmalıdır”

“Hesab edirəm ki, bu verilişlərin birmənalı şəkildə yığışdırılması lazımdır”.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisinin deputatı Qənirə Paşayeva Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərovun televiziyalarda qabardılan ailə-məişət mövzuları ilə bağlı sərt tənqidinə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, ailə zorakılığı üzərində yaradılan şou cəmiyyətin maariflənməsinə xidmət etmir:

“Fəttah müəllimin sözlərində çox böyük həqiqət var. Çünki ailə-məişət məsələlərində bir sıra xoşagəlməz hadisələrin bəzən doğru olmayan halda, cidd-cəhdlə qabardılmasının şahidi oluruq. Bu məsələlərin əslində insanların maarifləndirilməsi istiqamətində deyil, hansısa şou xarakteri ilə qabardılması yolverilməzdir. Biz görürük ki, bu, öz təsirini çox mənfi təzahürlərlə cəmiyyətdə göstərir. Buna görə də Fəttah müəllim haqlıdır. Mətbuat və mediamız ailə-məişət zəmnində daha çox həssas olmalıdır. Əsasən bu mövzular cəmiyyətin maarifləndirilməsinə xidmət etməlidir. Məsələn, Azərbaycanda çox gözəl ailə örnəkləri var. Bu ailələrin təbliği ilə bağlı mətbuatımızda, mediamızda demək olar ki, heç nə görmürük. Yəni gənc nəsillərə elə ailələri göstərmək lazımdır. Amma biz efirdə millətimiz üçün xarakterik olmayan, istisna təşkil edən ailələrin şou naminə göstərilməsinin şahidi oluruq və bəzən də bu müzakirələr doğru istiqamətdə aparılmır.

Bu, əlbəttə ki, cəmiyyətimizə heç vaxt müsbət təsir göstərə bilməz. Cəmiyyətimizin və gənc ailələrimizin qorunması üçün bu mövzulara həddindən artıq həssas yanaşma tələb olunur. Belə verilişlər hazırlananda ilk növbədə bunun nəyə xidmət etdiyini araşdırmaq lazımdır. Ümumilikdə hesab edirəm ki, bu verilişlərin birmənalı şəkildə yığışdırılması lazımdır”.

Bir neçə dəfə Milli Məclisdə bu mövzuda iradlarını bildirdiyini deyən xanım Paşayeva əsas məqsədin cəmiyyətdə olan çatışmazlıqların qabardılması deyil, onun qarşısının alınması olduğunu deyib:

“Milli Məclisdə mütəmadi olaraq bu məsələ müzakirə olunur. Təkcə deputatlarla yox, mətbuatda və mediada olan dostlarımızla da bu mövzuda müzakirələr aparırıq. Özüm də çıxışlarımda bir neçə dəfə bu mövzuya toxunmuşam. Və bildirmişəm ki, cəmiyyətə zərər verən bu tip verilişlərin qarşısının alınması üçün lazımı addımlar atılmalıdır. Cəmiyyətimizi düşünməliyik. Tək mən yox, bir çox millət vəkilləri bu barədə dəfələrlə öz fikrini, iradını bildirib. Əsas məqsəd cəmiyyətdə olan çatışmazlıqların qabardılması deyil, onun qarşısının alınmasıdır”.

Xatırladaq ki, bir neçə gün öncə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov KİV-ləri sərt tənqid edərək dağılmış, ikrah hissi doğuran ailələrdə baş verən xoşagəlməz halların qabardılmasının yolverilməz olduğunu deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda danışan F.Heydərov normal, sağlam ailələrin təbliğinə geniş yer verilməsinin zəruri olduğunu bildirib:

“Ümumiyyətlə, ölkədə ailələrlə bağlı ciddi təbliğat işi qurulmalıdır. Xüsusilə də yaşlı nəsil Azərbaycanda baş verən proseslərə dərindən nəzər salmalı, cəmiyyətə qara yaxmaq, onun təməl sütunlarını dağıtmaq istəyən qüvvələrə qarşı mübarizə aparmalıdır. Hazırda cəmiyyətin böyük hissəsini gənclər təşkil edir. Lakin gənclərin əksəriyyəti Azərbaycanın vaxtilə düşdüyü çətinlikləri görməyiblər. Onlarla ciddi iş aparılmalıdır. Cəmiyyət ailələrdən ibarətdir. Ailə özü bir kiçik dövlətdir. Hər ailənin iqtisadiyyatı və siyasəti vardır. Ailə möhkəmdirsə, dövlət də möhkəmdir. Ailə bu gün müasir dövrün tələblərinə cavab verirsə, dövlət də elədir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR