Hər səhər sahibinə dua etdiyimiz geyimlər – ikinci əl mağazaları – FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Hər səhər sahibinə dua etdiyimiz geyimlər – ikinci əl mağazaları – FOTOREPORTAJ

4 manata şərf, 7 manata şalvarqoxusuna dözə bilsəniz, alın

- Nənə? Bu plaşı neçə manata satırlar?

- 10 manata. Yaxşıdı, hə? Alım?

- Ayyy, nə ucuz. Mənim bir aylıq hazırlıq pulumdan 5 dəfə ucuzdur.

Bu, “second hand” mağazalardan birindən alış-verişə çıxmış nənə ilə nəvənin söhbətindəndir.

Elə biz də həmin söhbətdən yola çıxaraq bu “Second hand”, “Avropadan geyimlər” adı altında fəaliyyət göstərən bu mağazalarda geyimlərin qiymətini və keyfiyyətini Publika.az-ın “Qırmızı xətt” layihəsi çərçivəsində araşdırmağa çalışdıq.

7 manata şalvar

Həqiqətən, bu paltarlar niyə belə ucuzdur? Axı adi mağazada ən ucuzu 50-60 manata olan gödəkçələrin burada 20-30 manata, 40 manatlıq şalvarın 7 manata satılmasına səbəb nədir? Bu mallar haradan gətirilir?

Əslində, mağazalar barədə cəmiyyətdə xeyli miflər formalaşıb. Oradakı malların “ölü paltarı” olmasından tutmuş, məcburi köçkünlər üçün gətirilən yardımlar olmasına qədər müxtəlif versiyalar var. Hər bir versiyanı irəli sürənlər də fikirlərini sübut etmək üçün müxtəlif əsaslar gətirirlər.

Bu fikir və iddialardakı həqiqət payını axtarmaq üçün üz tutduq həmin mağazalara. Qeyd edək ki, əvvəl az qala hər küçədə rast gəlinən bu mağazaların sayı azalıb. Amma yenə də kiçik bir axtarış və sorğu ilə tapmaq olur.

Oğlumdan xəbərsiz gəlirəm bura

Baş çəkdiyimiz ilk mağazada hər yaş qrupuna uyğun paltarlar satılır.

Mağazanın qarşısında aldıqları mallar barədə söhbət edən iki qadınla qarşılaşırıq. Buradan alış-veriş etmək istədiyimizi, amma yayılmış söhbətlərə görə tərəddüdlərimizi onlarla bölüşürük. Lakin onlar tərəddüdə əsas olmadığını deyirlər:

“Mənim oğlum da qoymur bu mağazalardan paltar almağa. Deyir ki, ölən adamların paltarlarıdır. Amma bu paltarı ölünün əynindən çıxartmayıblar ki, sağ olanda geyinib də. Ona görə də oğluma demədən həmişə buradan alıram. Bu gün oğluma köynək almışam, amma burdan aldığımı deməyəcəm. Buradakı paltarların hamısı həm çox qəşəng, həm də keyfiyyətlidir. Başqa mağazalarda 50 manata aldığım ayaqqabını burada 15 manata alıram. Təkcə biz almırıq ki, cavan oğlanlar da gəlib alırlar. Heç baxanda düşünməzsiniz ki, onlar da belə mağazadan paltar ala bilər. İndi hamının imkanı yoxdur bahalı geyimlər satılan mağazalardan alsın. Türkiyədən də ucuz mallar gəlir, amma onların keyfiyyəti olmur. Bu mallar həm ucuz, həm də keyfiyyətlidir”.

Onlar digər “Memi”lərin ünvanını, hətta telefon nömrəsini də bizə verirlər.

Daimi müştərilərimiz var

Söhbət etdiyimiz bu qadınların “Memi” barədə ürəkləri dolu olsa da, məsləhət üçün təşəkkür edib mağazaya daxil oluruq. Əvvəlcə qiymət və keyfiyyət məsələsinə diqqət edirik. Şalvarlar 7-8 manat, şarf 4 manat, çantalar 6 manat, boğazlı köynək 5 manat, ayaqqabılar 15-25 manat, gödəkçə 40 manat, dəri gödəkçə 100 manata qədərdir.

Üst-üstə, dağınıq formada yığılmış paltarlar arasında bir az eşələnib, satıcıları sorğu-suala tuturuq. Heç biri adını deməsə də, suallarımızı cavabsız qoymadılar. Satıcı xanımlardan biri 10 ilə yaxındır bu sahədə işlədiyini deyir. O, satdıqları malların bu qədər ucuz olmasının səbəbini belə izah edir.

“Malları müdirimiz gətirir, əsasən, İtaliya və ABŞ istehsallı məhsullardır. Ən bahalı brend məhsulları belə burada tapmaq olar. Avropada insanlar geyinmədikləri malları müəyyən olunmuş yerlərə verirlər. İstəyən insanlar da oradan alıb gətirir. Ayda 10 dəfə paltarlarımız yenilənir. Qiymətin ucuz olması da, “ikinci əl” malı olmasıdır. Həm də paltar təzədirsə, qiymət bir az yüksək olur. Müəyyən qədər köhnəlmiş paltarları daha ucuz satırıq”.

Satıcı xanım bu mallara marağın çox olduğunu deyir:

“Qadınlar, kişilər, hətta gənclər də buradan alış-veriş edir. Kişi paltarları az olur, amma ona da maraq var. Amma müştərilərimiz daimidir. Onlar nə vaxt yeni paltar gətirəcəyimizi bilir, alış-verişə həmin günlər gəlirlər. Təsadüfən gələnlər də var. Onlar da qiymətin ucuz olmasına görə alırlar. Biz özümüz də paltarları buradan alırıq. Buradan geyinəndən sonra digər mağazalarda Türkiyədən gəlmiş paltarları geyinə bilmirik. Çünki keyfiyyət çox aşağı olur”.

Mağazadakı qoxunun səbəbi

Satıcı xanımlardan mağazaya girəndən məni narahat edən qoxunun mənbəyini soruşuruq. (Bütün “Memi” mağazalarında eyni qoxu hiss olunur – G.Ş).

Malların idxal edildiyi ölkədə yuyulduğunu, daha sonra tam qurumadan preslənmiş formada gətirildiyini dedilər. Paltarlar yaş vəziyyətdə, uzun müddət bağlı yerdə saxlandığına görə, onlardan spesifik qoxu gəlir.

Bu mallar sabah olmayacaq

Bu gün mağazaya yeni paltarların gəlmə günü deyil. Amma buna baxmayaraq, maraq var. Demək olar ki, gələnlərin hamısı alış-veriş edərək gedir.

Təcrübəli alıcıların verdikləri digər ünvanlardakı mağazalara da baş çəkirik. Təqdim olunan geyimlər arasında istər qiymət, istərsə də çeşid baxımından ciddi fərq yoxdur. Gətirildikləri ölkələr fərqlidir. Baş çəkdiyimiz ikinci mağazada bizə malları, əsasən, Belçika və Hollandiyadan gətirdiklərini dedilər. Satıcılar bu mallara marağın çox olduğunu dedilər. Bu gün alıcıların az olmasının səbəbini isə yeni malların köhnə olması ilə əsaslandırdılar:

“Sabah təzə mallar gələcək. Siz onda gəlib baxın, adam əlindən tərpənmək olmur. Sabah burada gördüyünüz malların hamısını yığışdırıb, yerinə yenilərini gətirəcəyik. Bu mallar depoya gedəcək”.

Gəzdiyimiz digər mağazalarda da satıcıların sözləri, demək olar ki, fərqli deyildi. Bəzi mallar Almaniyadan gətirilir, lakin onların içərisində İndoneziya, Fransa, İngiltərədə istehsal edilmiş paltarlar da var. Öyrəndik ki, paltarlar xaricdən gətirildikdən sonra təkrarən yuyulmur, depoda saxlanılır, fasilələrlə satışa buraxılır. Bu paltarlar barədə söylənilən fərziyyələri isə inkar etdilər. Satıcılar bildirdi ki, özləri də burada satılan geyimləri geyinirlər.

Kilo ilə alıb, ədədlə satırlar

Satıcılar keyfiyyət barədə əminliklə danışsalar da, ekspert və həkimlər xəbərdarlıq edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dəfələrlə xarici ölkələrdə olarkən, həmin paltarların necə toplanmasını müşahidə etdiyini deyir:

“Kanada, Mərkəzi Avropa ölkələrində insanlar geyinmədikləri paltarlarını, hətta mebellərini müəyyən olunmuş yerlərə atırlar. Özüm də həmin yerlərdə olub, lazımsız əşyalarımı atmışam. Həmin ölkələrdə atılmış məhsullar toplanaraq yandırılır, bəziləri də oradan özü üçün geyim alır. Təəssüf ki, bizim sahibkarlar həmin məhsulları ölkəyə gətirib maya dəyərindən 15-20 dəfə baha qiymətə satırlar. Çünki həmin ölkələrdən çəki ilə alıb, bizdə ədədlə satırlar. Bu geyimlərin satışının qarşısını almaq mümkün deyil. Üstəlik, insanların da marağı çoxdur. Bu mağazalara əsasən, MDB ölkələrində rast gəlinir”.

Ekspert onu da bildirdi ki, bu geyimlər bir çox xəstəliklərin daşıyıcısı ola bilər.

“İdxal edilən ölkələrin sertifikatında həmin paltarları 5 yaşından aşağı olan uşaqların geyinməməsi tövsiyə edilir. Lakin bizdəki sertifikatlarda belə bir göstərişə rast gəlinmir. Bu paltarları alandan sonra yüksək temperaturda qaynatmaq lazımdır. Bununla da virus və digər xəstəliklərə yoluxmanı müəyyən qədər azalda bilərlər”.

Bu geyimlər hansı xəstəlikləri yayır?

Dermatoloq Kənan Əhmədovun sözlərinə görə, bu geyimlər ilk növbədə allergik dermatitlər, infeksion dəri xəstəlikləri, əsasən, qotur, tənəffüs yolu xəstəliklərinin yayılmasına səbəb olur.

“Bu geyimlərə maraq çoxdur, bunu şəxsi müşahidələrim əsasında da deyə bilərəm. Lakin insanlar bilməlidirlər ki, həmin geyimlər xəstəlik mənbəyidir. İlkin əlamətlər dəridə qızartılar, qaşınmalardır. Bəzən insanlar bu problemlərin səbəbini bilmirlər. Həkim müayinəsi, müəyyən sorğu-sualdan sonra səbəb müəyyən olur. Bu xəstəliklər yoluxucudur. Yəni ailənin bir üzvündə aşkar edilibsə, qısa zamanda digərləri də yoluxa bilər. Həmin paltarları sadəcə bir dəfə geyinmək belə, xəstəliyə yoluxmaq üçün yetərlidir. Qısa zamanda əlamətlər özünü büruzə verəcək”.

Dermatoloqun sözlərinə görə, problemlər daha çox qış paltarlarında müşahidə edilə bilir. Bu da həmin geyimlərin tərkibinin sintetik olmasına görədir.

“Bu məhsullar satılan mağazalarda işləyən satıcılar da risk altındadır. Onlar əlcəksiz həmin paltarlarla ünsiyyətdə olur, gün ərzində həmin havada nəfəs alırlar. Həmin paltarlara keyfiyyətini itirməməsi üçün xüsusi dərman vururlar. Həmin kimyəvi dərmanların da insan səhhəti üçün zərəri ola bilər”.

Mağazalara kim nəzarət edir?

Bu qədər təhlükə mənbəyi olan mağazalara hansı qurumun nəzarət etməsi ilə maraqlandıq.

İqtisadiyyat və Sənaye Nazirliyindən həmin mağazalara nəzarət etmədiklərini dedilər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirdi ki, bu mağazalara maraq çox deyil.

“Nazirlik qiymət məsələsinə qarışmır. Malların keyfiyyəti ilə bağlı bu vaxta qədər bizə heç bir şikayət daxil olmayıb”.

Bu mağazalara Respublika Sanitar və Karantin Müfəttişliyi nəzarət edir. Lakin qurumdan bildirdilər ki, sualımıza cavab almaq üçün məktub yazmalıyıq. Mütləq məktubu əlimizdə aparıb təqdim etməliyik. Daha sonra suallarımıza cavab verə bilərlər.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm