“Türklər düşmən qəbrinə də hörmət edir” - Vatikanın Gizli Arxivi açıldı
Bizi izləyin

Qırmızı.az

“Türklər düşmən qəbrinə də hörmət edir” - Vatikanın Gizli Arxivi açıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət Şöbəsi Birinci Dünya müharibəsinin 100 illiyi ilə əlaqədar Vatikan Gizli Arxivi ilə birlikdə 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən dəniz və quru döyüşü - Çanaqqala savaşına dair kitab dərc edib.

Publika.az xəbər verir ki, Birinci Dünya müharibəsinin ən maraqlı məqamlarının yer aldığı yeni nəşrdə döyüşdə iştirak etmiş gəncin xatirələrinə geniş yer verilir və Çanaqqala savaşının bir sıra maraqlı məqamları işıqlandırılır.

“Çanaqqala 1915-ci il Vatikanın Gizli Arxiv sənədlərində” adlanan kitabda bundan əvvəl heç bir yerdə yayımlanmamış fotolar və sənədlər yer alıb. Türkiyə Katolik Ruhani Rəhbərlər Təşkilatının mətbuat sözçüsü və mədəniyyət attaşesi Rinaldo Marmaranın 3 ilə yaxın davam edən araşdırmaları ilə əldə etdiyi bilgilər jurnalist, publisist yazar Bülənt Günal tərəfindən qələmə alınıb. Kitabda tarixə “Centlmenlər savaşı” adı ilə daxil olan Çanaqqala döyüşünün humanist, maraqlı məqamları xüsusi olaraq vurğulanır. Vatikan Gizli Arxiv sənədləri əsasında işıq üzü görən nəşrdə türklərin döyüş zamanı belə düşmənlərinə qarşı humanist davranış sərgilədiyi önə çəkilib. Nəşrdə həmçinin Çanaqqala savaşını yaxından təqib edən Papalıq və Roma kilsəsinin İstanbul təmsilçisi monsenyor Dolci arasındakı yazışmalar, şəhid olmuş əsgərlərin ailələrinin ölən yaxınları haqqında məlumatlar əldə etmələri üçün Papa XV Benediktə müraciət etmələri ətraflı işıqlandırılıb.

Osmanlı hərb naziri Ənvər Paşa müharibənin ən gərgin dönəmində belə ölən əsgərlərin dəfni ilə bağlı bir sıra zəruri tədbirlərin həyata keçirilməsini generalitetə əmr edib. Digər tərəfdən, İngiltərə, Fransa və Avstriyadakı gözüyaşlı ailələrin tələbləri ilə ölən əsgərlərin məzarları ilə bağlı araşdırmalara qərar verilir. Tərəflər arasındakı bu yazışmalarla yanaşı, hərbçilərdən qəmli həyat hekayəsi diqqət çəkir.

Nəşrdə müharibənin ən gərgin anları ilə yanaşı emosional məqamlar da eyni formada işıqlandırılıb. Vatikanın Gizli Arxiv sənədlərində döyüş vaxtı mərmilərdən bəzilərinin əsgər məzarlarını dağıtması, lakin Ənvər Paşanın əmrilə qəbirlərin əvvəlki görkəmlərini bərpa etmələri xüsusi olaraq vurğulanır. Osmanlı nazirin qəbiristanlıqların yerləşdiyi ərazilərin dəmir alətlərlə hasarlanması, eyni zamanda məzarlara heç bir halda toxunulmaması haqqında əsgərlərə verdiyi əmrlər əsas diqqət çəkən məsələlərdəndir: “Türklər düşmən məzarlarına sayğısızlıq edəcək xarakterə malik deyillər”.

Almaniyanın İstanbuldakı Səfirliyinin nümayəndəsi Kont fon Littichau Çanaqqalada ölən fransız və ingilis əsgərlərinin məzarlarının durumu haqqında 1916-cı ilin mayında xatirələrini qələmə almışdı. Kont fon Littichau xatirələrində məzarlara çox yaxşı baxıldığını, türk əsgərlərinin düşmən hərbçilərinin qəbirlərinə sayğılı münasibət bəslədiyini qeyd edirdi.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm