Tanınmış jurnalist Bulvardakı rəzalətdən yazdı
Bizi izləyin

Qırmızı.az

Tanınmış jurnalist Bulvardakı rəzalətdən yazdı

ANS TV-nin tanınmış əməkdaşı Ləman Ələşrəfqızı “facebook” sosial şəbəkəsində maraqlı status paylaşıb. Oğlunun başına gələn olayı ən incə detallarınadək qeyd edən həmkarımız bildirib ki, övladı Dənizkənarı Milli Parkda naməlum şəxslər tərəfindən təzyiqə məruz qalıb.

“Oğlum evdəki xəstəhal ovqatdan bezib xalası oğlu ilə gəzməyə getmək üçün məndən icazə istədi. Etiraz etmədim. "Hara getmək istəyirsən?" "Tarix muzeyinə" dedi. Yolu onlara izah etdim və bunlar getdilər. Heç saat yarım olmadı ki, qayıtdılar. Görürəm, qanları qaradır. Muzeyi tapa bilməyiblər, bu öz yerində” deyə Ləman Ələşrəfqızının statusunda qeyd olunub.

ANS-in əməkdaşı həmçinin bildirib ki, Dənizkənarı Milli Parkda gəzişərkən iki nəfər şəxs uşaqlara yaxınlaşıb, onlardan pul tələb edib: “Bulvarda gəzişəndə iki oğlan yaxınlaşıb bunlara: "Qaqaş, bizə pul lazımdır" deyiblər. Bacım oğlu deyib ki, pulumuz yoxdur. Soruşublar “harda yaşayansız?” Deyiblər “Əcəmidə”. “Hə, Əcəmi uşaqları, onda Faqanı tanıyarsız?” Bunlar deyib “əşşi, tanımırıq.” Yenə qırsaqqız olublar ki, 20 qəpik də olsa verin. Təbii ki, verməyiblər. Amma o cürlərinin aşının suyunu vermək lazımdır! Bunun üçün bulvarda təhlükəsizlik işçiləri də var, polis də. Oğlum deyir ki, mama, o oğlanlar bizdən sonra da başqa uşaqlara yaxınlaşırdılar və yaxınlıqda polis də onları görməmiş deyildi. Bu da günümüz-güzəranımız. Faqalar yetişir, Qarabağı xilas edəcək oğullar”.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif hadisədən məlumatsız olduğunu bildirdi: “Ləman Ələşrəfqızının oğlunun başına gələn hadisədən xəbərsizəm. Ümumiyyətlə, hazırda elə insanlar var ki, onlar müxtəlif yollarla vətəndaşların istirahətinə mane olan hərəkətlərə yol verirlər. Lakin Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları bu cür hallarla rastlaşdıqda və ya onlara bu barədə məlumat verildikdə zəruri tədbirlərə baş vururlar. Dənizkənarı Milli Parkda da insanların təhlükəsizliyi, ictimai asayiş polis əməkdaşları tərəfindən lazımi səviyyədə qorunur”.

Dənizkənarı Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov da Publika.az-a açıqlamasında hadisədən məlumatsız olduğunu bildirdi. Eyni zamanda o, Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin əməkdaşlarının bu cür məsələlərə qarışmaq səlahiyyətinin olmadığını vurğuladı:

“Mənim bu haqda məlumatım yoxdur. Əgər bu cür hadisə baş veribsə, buyurun, idarəmizə gəlin, birlikdə hər şeyi yerində araşdıraq. Onu da bildirim ki, Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin əməkdaşlarının mübahisə edən hər hansı şəxsə müdaxilə etmək ixtiyarı yoxdur. Bizə belə bir səlahiyyət verilməyib. Bulvarın təhlükəsizliyinə, ictimai asayişin qorunmasına görə Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi cavabdehdir. Biz sadəcə olaraq bu cür hallar baş verdikdə polisə məlumat vermək səlahiyyətinə malikik. Əgər qeyd etdiyiniz olay baş veribsə, gəlin, birlikdə araşdıraq".

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm